Fit dağının bağlı qalan sirri

İsmayıllı lövhələri” silsiləsindən onuncu yazı

Eşitmişəm ki, sıldırımlı qayalıqlar arasından salınan yollardan keçərkən, avtomobillərə siqnal vermək, insanlara isə hay-harayla danışmaq, habelə fit çalmaq belə olmaz. Deyilənlərə görə səs dalğaları qış vaxtı qar uçqununa, digər vaxtlar isə qayaların rezonansa uğrayaraq uçmasına səbəb olur. Bu barədə baş vermiş hadisələrdən çox eşidib, çox şey bilsək də, deyilənlərə əməl etmirik. Xeyli vaxtdır ki, möhtərəm prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Basqal qəsəbəsinə və ətrafındakı kəndlərə asfalt yolların çəkilişinin yekunlaşdığını eşidib, Basqaldan savayı heç vaxt olmadığım bu kəndlərə, xüsusən tarixi qədim Mücü kəndinə səfər etmək arzusundaydım. Nəhayət, günlərin birində yuxarıda göstərdiyimiz təhlükəsizlik qaydalarına əməl edərək, yol nişanlarının köməkliyi ilə lövhədə “Mücü” sözü yazılan istiqamətə burulub irəlilədik. Maşınımız başı buludlara dəyən Fit dağının dibindəki sonuncu evlərə dirənəndə, bildik ki, biz artıq mənzil başındayıq – Mücüyə çatmışıq. Yeni inşa edilmiş müasir tipli məktəb binasının yanında qurtaran asfalt yolun kənarında dayanıb, maşından düşdük. Məktəbdə dərslər başa çatdığından, günorta çağının isə çox isti olduğundan tam sakitlik idi. Ətrafa nəzər saldıq, kənd yollarında xeyli gəzib dolaşdıq. Keçmişlə müasirliyin qovuşduğu kənd, hələ də öz tarixi görkəmini qoruyub saxlaya bilmişdi. Daş döşəməli küçələr, zərgər dəqiqliyi ilə çay daşlarından yonulub tikilən kətilli, surahili, sütunlu qədimi evlər, həyətlərə cırıltılı səslə açılan ağır palıd qapılar, mamırlı bulaqlar, bütün bunlar hamısı keçmişdən xəbər verirdi. Digər tərəfdə isə, gördükləri abadlıq işlərindən sonra çıxıb getmiş inşaatçıların səliqə-sahmanı aydınca duyulurdu. Tarixlər boyu kənddə bir çox çətinliklər törədən, bəzən də bədbəxtliklər gətirən dəli dağ çayları cilovlanmış, üstündən körpülər salınmışdı. Sürüşkən ərazilərdə bənd tikilmiş, hər küçəyə, hər evə su, elektrik xətti çəkilmişdi… Maşında qalıb sükan arxasında oturmağı çox sevən, ipə-sapa yatmayan dələduz nəvəm siqnal verib bizi səsləməsəydi, Allah bilir, biz maşından nə qədər uzaqlaşacaqdıq. Əvvəlki mövqeyimizə qayıdanda, kənd ziyalıları və ağsaqqalları – dil-ədəbiyyat müəllimi Ənvər Cəlilovla (1947), 24 il məktəb direktoru işləmiş Azər İsmayılovla (1948), ehtiyatda olan zabit, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Neft Akademiyasının məzunu, pedaqoji təhsilli Mübariz Balayevlə (1960) və yeni nəslin nümayəndəsi, kəndin tarixindən dərin məlumatı olan Zahir Xalıqovla (1974) rastlaşdıq. Onlar kəndin canlı ensiklopediyaları idilər. Onlarla bölüşdüyümüz ən kiçik məlumat, ən qısa hekayə belə, bir addımlığında dayandığımız qayalarda əks-səda verib, pıçıltılı səslə özümüzə qayıdırdı. Sanki, Fit dağı o gün dil açıb bizimlə danışan bir həmsöhbət idi.

Kəndin adının “Mosi” sözündən götürüldüyü ehtimal olunur. Bu da ümumilikdə kəlağayı, tafta, darayı, qanovuz kimi ipək parçalar toxunan məkan anlamına gəlir. Kənd sakinləri, ağsaqqal və ağbirçəklərinə istinadən Mücünün nə vaxtsa 800 evli, 3 məscidli, zəngin kitabxanalı bir kənd olduğunu söyləyirlər. Kənd ərazi-inzibati cəhətcə 1840-cı ildə Qafqazda yaradılan Kaspi vilayətinin tərkibində olan Şamaxı qəzasının, 1846-cı ildə aparılan islahatlara görə isə Şamaxı quberniyasının, 1859-cu ildə Şamaxıda baş vermiş dağıdıcı zəlzələ nəticəsində quberniyanın inzibati mərkəzi Bakıya köçürüldüyündən, Bakı quberniyasının tərkibində fəaliyyət göstərmişdir. Quberniya 1929-cu ildə ləğv olunduğu üçün, kənd 1931-ci ildən yeni yaradılan İsmayıllı rayon inzibati bölgəsinin tərkibindədir. Bunlardan daha əvvəl isə Mücü kəndi, 18-ci əsrin ortalarında feodal dövləti olan Şamaxı xanlığı tabeçiliyində olmuşdur. Bu dövr toxuculuğun, manufaktura və sənətkarlığın Şirvanda yüksək inkişaf dövrü olduğundan, Mücü kəndi bu inkişafın mərkəzində duran yaşayış məskənlərindən biri olmuşdur. Hər evdə, hər ailədə toxuculuq dəzgahları, xalça xanaları, dulusçuluq avadanlıqları olubdur. Ucuz ipək parçaların istehsalı üçün böyük xammal ehtiyatları və təbii boya maddələri bolluğu ilə zəngin olan Mücünün intibahı, ticarətlə məşğul olan bir qrup etnik millətin Mücüyə və ətraf kəndlərə axışıb gəlməsinə səbəb olmuşdur. Lakin, Nadir şahın dövründə ipək yolu üstə olan Şamaxının əhalisinin indiki Ağsu şəhəri yaxınlığındakı (Yeni Şamaxı və ya Xaraba şəhər) əraziyə köçürülməsilə əlaqədar olaraq, şəhər əvvəlki əhəmiyyətini itirir. Digər tərəfdən isə səngiməyən feodal çəkişmələri, xan ailəsinin, feodal qoşunlarının saxlanılmasına sərf edilən yüksək xərclər və bu xərclərin əhaliyə vergi şəklində yüklənməsi bütün xanlıqda olduğu kimi, Mücüdə də təsərrüfatın zəifləməsinə təsir göstərmişdir. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra, xanlıq dəfələrlə əldən-ələ keçir. Nəhayət, hakimiyyətə Mustafa xan gəlir (1792-1820). O, hakimiyyətin idarə olunmasını asanlaşdırmaq məqsədilə xanlıq nəzdində “Hoz” adlı bir mahal yaradır. Mahala Mücü də daxil olmaqla 31 müsəlman kəndi və 8 erməni kəndi daxil edilir. Mahal Mustafa xanın əmisi oğlanları Xancan bəy və Mərdan bəy, bacısı oğlu Mehdi bəy tərəfindən idarə olunub. Mahalın naibi isə Ədil bəy olub. Zaman keçir, xanlıqlararası münasibətlər pisləşir. Mustafa xan Quba xanı Fətəli xanın İrana tabe olmaq təklifini rədd edir. 19-cu əsrin əvvəllərində general Sisianov Azərbaycanın içərilərinə doğru hərəkət etdikdə, Mustafa xan müqavimət göstərərək Fit dağına çəkilir. Təpədən dırnağadək silahlanan rus ordusu Mücüyə gəlib, toplarını Mustafa xanın sığındığı Fit dağındakı mövqelərinə sarı tuşlayır. Çıxılmaz vəziyyətə düşən xan, 1805-ci il dekabrın 27-də rus təəbəliyini qəbul edir. Beləliklə, Mücü kəndi bu tarixi hadisənin canlı şahidi olaraq, bu gün də sakinləri tərəfindən xatırlanılır. Çar ordusu toplarının qurulduğu ərazi o vaxtdan etibarən “Top bağı” adlanır və günümüzdə də o ad qalmaqdadır. Lakin, bu qədər tarixi fakt bolluğuna baxmayaraq, Mücü kəndinin adı, bir çox kəndlərimiz kimi tarixçilərimiz tərəfindən ASE-yə (Azərbaycan Sovet Ensiklopediyasına) salınmayıbdır.

Tarixi, inqilabi keçmişə malik olan Mücü kəndi 1918-ci ilin mart hadisələrində ermənilərin qətlə yetirdikləri dinc əhalinin miqyasına görə Tircandan sonra (360 nəfər) ikinci pillədə durur – 225 nəfər. Sakinlər nəql edirlər ki, itginin bu qədər çox olmasına səbəb, kənddə kök salmış satqın ruhlu insanlar olmuşlar. Belə ki, ermənilər mücülülərin Mustafa xan dövründə göstərdikləri igidliklərindən xəbərdar olduqlarından, kəndə bilavasitə basqın etməkdən ehtiyatlanırlar. Hiyləyə əl atırlar. Bizlanda 100, Zeyvədə 82, Qıçatanda 71, Sulutda 43, Tağlabiyanda 36, Kürdüvanda 22, Xankəndində 20 nəfəri qətlə yetirən dığaları guya yarı yolda qarşılayıb hücumu dəf etmək üçün, kəndin vətənpərvər, say seçmə oğulları satqınlar tərəfindən aldadılaraq kənddən çıxarılır və pusquya salınaraq qətlə yetirilirlər. Sonra da ermənilər kəndə daxil olub onu qarət edir, yandırır və ağlagəlməz cinayətlər törədirlər. Azəri türklərinin soyqırımı xəbərini eşidib özlərini Türkiyədən onların xilasına yetirən xilaskar Ənvər və Nuru Paşa qardaşlarının Azərbaycana gəlişi xəbəri də, yenə həmin satqınlara havadarlıq edən şəxs tərəfindən pislənilir, gözdən salınır, Paşaların ünvanına təhqiramiz sözlər söyləyir. İstanbulda və digər yerlərdə iri karxana sahibi olmuş bu azğının hərəkətləri tez bir zamanda tircanlı Molla Kamilin özünümüdafiə dəstəsinin üzvü sərdaharlı Doşunun (Oruc) qulağına çatır və ertəsi gün onun cəsədi başı kəsilmiş halda tövlədən tapılır.

Mücü öz mütərəqqi fikirli insanları ilə də məşhur olubdur. Bu baxımdan Kəblə Seyfullanın adı birincilər sırasındadır. Kəblə Seyfulla qəpiyinin qədrini bilən məşhur ticarətçi olubdur. Onun oğlu Qüdrət 1920-ci ildə Təhsil Nazirliyi sistemində olan idarələrin birində rəhbər vəzifədə çalışarkən, onun təşəbbüsü, atasının isə maliyyə yardımı ilə Mücüdə məktəb binası inşa edilibdir. Digər oğlu Hacı Hidayətov isə, mükəmməl, ciddi və tələbkar bir riyaziyyatçı kimi İsmayıllı rayon təhsil sistemində tanınan ziyalı, uzun müddət qabaqcıl Tircan kənd orta məktəbində direktor işləmişdir. Seyfulla kişinin qızları Fatma xanım və adını unutduğum digər qızı uzun müddət rayon səhiyyəsində tanınmış həkim və atalarının xeyriyyəçi ənənələrini davam etdirən mükəmməl insanlar olublar. Nəvəsi Rəşid Muğbil oğlu general-mayor rütbəsində hərbiçi olubdur. Əfqanıstanda, Çernobılda xidmət etmişdir. Məzarı Tver şəhərindədir.

Hər bir insan dünyadan köç edərkən yaddaşlarda bu dünyada qoyub getdiyi xeyirxah əməlləri ilə yaşayır. Mücülülər xeyriyyəçi Kəblə Dadaşın da, Babakişinin də xatirəsini həmişə hörmətlə yad edirlər. Babakişi keçən əsrin 60-cı illərində kənd əhalisinin su sarıdan çox əziyyət çəkdiklərini görüb, uzaq bir məsafədən, hamının istifadə edə biləcəyi kəndin mərkəzinə su çəkdirib, qoşa navalçalı bulaq tikdirib. Bulağın açılışına dostu məşhur qəzəlxan şair Əliağa Vahidi də dəvət edir. Böyük şair, Babakişinin nəcib əməlindən ruhlanıb, bədahətən belə bir şeir də deyibmiş:

Bir zaman bu suyun mənbəyi viran olmuş, Bu yerin sahibi qəmdən ciyəri qan olmuş. İndi Babakişi abad eləyib zəhmət ilə, Bu İmam Hüseyn xatirinə aləmə ehsan olmuş.

Mücünü İsmayıllıda, kəndlər arasında şöhrətləndirən Mehdi Ələsgərov, Əlyar Aslanov, Ağa müəllim kimi dərin zəkalı ziyalıları olubdur. Mehdi dayı uzun müddət Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. Çoxdan haqq dünyasına qovuşan Mehdi dayı bir ismayıllılı, bir mücülü olaraq həmişə doğulduğu məkanın, onun insanlarının təəssübkeşliyini çəkmişdir. Onu şəxsən tanıyanlar Mehdi dayının ruhunu həmişə minnətdarlıq hissi ilə yad edirlər.

Mərhum Əlyar müəllim qabaqcıl maarif işçisi idi. Uzun müddət İsmayıllı rayonundakı 1 nömrəli orta məktəbində direktor müavini vəzifəsində çalışmışdır. O, 1941-1945-ci illər müharibəsinin dəhşətlərini yaşamış bir döyüşçü olmuşdur. Gördükləri ibrətamiz söhbətlərdən şagirdlərinə də danışardı. Yeri gəlmişkən Əlyar müəllimin özündən eşitdiyim belə söhbətlərdən birini yazımıza əlavə edirəm:

9 may 1945-ci il Qələbə günü kimi elan ediləndə, Berlində idim. Ali Baş Komandanın əmrinə müvafiq olaraq, vuruşan əsgərlərə şəhərdə üç gün ərzində sərbəstlik icazəsi verilmişdir. Mən də qeyri-millətdən olan bir dostuma qoşulub Berlini gəzirdik. Sonuncu gün yoldaşım mənim əlimdən tutub bir evə çəkdi. Burada iç-içə çoxlu otaqlar vardı. Lap sonuncu otaqda küncə sıxılmış yaşlı bir qadınla rastlaşdıq. İlk andan diqqəti çəkən, qadının əllərini sinəsi nayihəsində çarpazlayıb bərk-bərk nəyi isə qucaqlamağı oldu. Döyüş yoldaşım qadının əllərini aralayıb sinəsindən bir qutu çıxardı. Qutu qızıl – bəzək əşyaları ilə dolu idi. O, qutunu götürüb qadını silahla vurmaq istəyəndə, mən qoymadım. Oradan çıxıb çoxlu ağaclıq olan yerlə yoldaşlarımız olan istiqamətə gedirdik ki, birdən bir uğultu eşitdik. Atılan mərmi bizdən bir xeyli aralıda partladı. Mərmidən qopan kiçicik bir qəlpə parçası yoldaşımın başına dəyib onu öldürdü, elə bil sifarişlə atılmışdı. Qadından götürdüyü qutu cibindən sıçrayıb qarşıma düşdü, sanki: “məni götür”, – deyirdi. Mən isə heç nəyə əhəmiyyət vermədən yoluma davam etdim, oradan uzaqlaşdım”.

Mücünün saf ruhlu insanları kimi bərəkətli, məhsuldar və münbit torpaqları da var. Buranın dənli bitkiləri bir yana dursun, yetişdirilən kartof dadına, xarici formasına, iriliyinə görə çox nadir kartof növlərindəndir. Sakinlər söhbət edirlər ki, vaxt olub 3 ədəd kartof dənəsi bir eşşək yükü təşkil edibdir. Vaxt da olubdur yığılan məhsullar arasında bütün əzaları dəqiqliklə yerində olan insanı xatırladıb.

Mücü sirli bir diyardır. Keçən əsrin 56-57-ci illərində burada bir həftənin gəlninin aqibəti ilə bağlı baş vermiş illuziyaya bənzər, son dərəcə kədərləndirici, nağıllarda oxumadığımız, həyatda görüb eşitmədiyimiz bir faciə, bu gün də öz elmi təsdiqini tapmayıbdır. Başqası danışsaydı inanmazdım. Bunu yerli yatağı ilə rus dili müəllimim olmuş, yuxarıda adı çəkilən Əlyar müəllimin özündən eşitmişdim. Açıb ağartmağın yeri yoxdur. Bu sirri-xudanı bir Allah, bir Fit dağı, bir də nakam gəlinin cənazəsinin tapıldığı meşə bilir.

VAQİF Məmmədov,

jurnalist-publisist

Şərh Yaz