Könüllük fəaliyyətinin gənclərin məşğulluq probleminin həllində əhəmiyyəti

Azərbaycan Respublikası Prezidentinin 30 ­dekabr 2019-cu il sərəncamı ilə 2020-ci il ölkəmizdə “Könüllülər ili” elan edilmişdir. Sərəncamda Azərbaycan xalqının əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələri yaşatdığı qeyd olunmaqla könüllülük, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu format olduğu vurğulanır. Bundan əlavə könüllülük vətənpərvərlik məktəbi, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Sərəncamda, həmçinin könüllülərimizin öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verdiyi qeyd edilməklə yanaşı, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində könüllülərin əvəzsiz rol oynadığı vurğulanmışdır.

Azərbaycanda könüllük tarixi ənənələrinə malik olmaqla hazırkı dövrdə də özünün inkişaf mərhələsini yaşayır. Xüsusilə ölkə həyatında baş verən mühüm tədbirlər zamanı könüllük öz əvəzsiz rolunu ortaya qoymuşdur.

Əvvəla onu qeyd edək ki, könüllülük öz iradəsi və müstəqil seçimi əsasında, əvəzi ödənilməyən fəaliyyət növüdür. Könüllü olmaq mənəvi dəyərlərin daşıyıcısı olmaqdır. Könüllülük fərqli düşüncələrə bərabər hörmət bəsləmək, cəmiyyəti dəyişdirməyə, vətəndaş cəmiyyətinin formalaşmasına mühüm töhfə verməyə şərait yaradan bir hərəkat, görülən bütün işlərin timsalında cəmiyyəti irəli aparmağı hədəfləmiş bir fəaliyyət sahəsidir. Könüllü xidmətlər ictimai həyatda iştirak, həyat bacarıqlarının inkişaf etdirilməsi, riskli davranışların qarşısının alınması, fərqli mədəniyyətlərə inteqrasiya, təhsilin və cəmiyyətin inkişaf etdirilməsində olduqca əhəmiyyətlidir. Könüllülük xoşbəxtlikdir, məsuliyyətdir, dinclikdir bundan əlavə, başqasını xoşbəxt etməyin həyatda ən böyük xoşbəxtlik olduğunun fərqinə varmaqla yanaşı, etibarı, dürüstlüyü, paylaşmağı öyrətməkdir. Könüllü olmaq, bütün bu hissləri eyni anda yaşamaqdır. Könüllülük vətənpərvərlik, insansevərlik, əməksevərlik olmaqla yanaşı, insanlara, cəmiyyətin inkişafına təmənnasız yardım etməkdir. Əlbəttə ki, bunun üçün insan yüksək mənəvi keyfiyyətlərə malik olmalıdır.

Qeyd etmək lazımdır ki, könüllülük heç də bugünün fenomeni deyildir. Tarixin müxtəlif dövrlərində daşıdığı missiyaya nəzər yetirərkən onun hələ neçə əsr bundan öncə yarandığını deməyə imkan verir. XVII-XVIII əsrlərdə Fransa və İngiltərədə hərbi xidmətə gedən insanlar ilk könüllülülər olaraq tarixə düşmüşdür. Məlum olduğu kimi, həmin dövrdə hərbi xidmətə getmək icbari deyildi, lakin, insanlara könüllü olaraq hərbi xidmət keçirdilər.

Bəşəriyyət tarixində könüllülüyün ən bariz nümunəsi olaraq əsası 1859-cu ildə qoyulmuş Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərini göstərmək olar. Belə ki, İtaliya, Fransa və Avstriya arasında olan Solferino döyüşündən təsirlənən İsveçrə yazıçısı və iş adamı Anri Dünan yerli kilsələrin birində öz vəsaiti hesabına hərbi xəstəxana yaratmışdır ki, burada yaralılara könüllülər tərəfindən ilkin tibbi yardım göstərilirdi.

Rusiyada da ötən əsrlərdə təhsil və səhiyyə sistemində könüllük geniş yayılmağa başlamışdır.

Azərbaycanda da könüllük fəaliyyətinin uzaq tarixi barədə danışmaq olar. Lakin çox da uzaq olmayan tarixə, XIX əsrin sonu, XX əsrin əvvəllərinə nəzər yetirməklə də Azərbaycanda könüllük ənənələrindən bəhs etmək üçün kifayət qədər faktlar tapmaq mümkündür. Belə ki, həmin dövrdə Bakıda könüllü fəaliyyət prinsipini əsas götürən 30-dan artıq xeyriyyəçi və maarifçi cəmiyyətin mövcud olması tarixi faktdır. Bu cəmiyyətlərin Nizamnamələrində başlıca yeri uşaqların təhsil müavinətinə, valideyn himayəsindən məhrum uşaqlara, kimsəsizlərə, qocalara yardım göstərmək və maarifçilik ideyalarını yaymaq tuturdu.

Həmin cəmiyyətlərin könüllü maliyyəçiləri isə həmin dövrdə tanınmış mesenatlar H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Muxtarov neft maqnatları idi. Onlar qazanclarından müəyyən hissəni könüllü olaraq xeyriyyəçiliyə, maarif müəssisələrinin yaradılmasına, teatr və xəstəxana tikintisinə ayırırdılar.

Göründüyü kimi, ölkəmizdə könüllük fəaliyyəti ilə bağlı təqdirəlayiq ənənələr ötən əsrlərdən başlayaraq formalaşmışdır. Həmin ənələlər hazırki dövrdə də müxtəlif formalarda davam etməkdədir. Bu könüllük fəaliyyəti əsasən fərdi təşəbbüslər və yaxud müasir dillə desək, vətəndaş cəmiyyəti institutları tərəfindən reallaşdırılmışdır. Bu gün istər dünya miqyasında, istərsə də Azərbaycanda könüllü fəaliyyətilə məşğul olan fərd və cəmiyyətlər vardır. Müasir dövrdə könüllük fəaliyyətinin sistemli təşkili, onun qanunvericilik bazasının formalaşdırılması, onun imkan və potensiallarından cəmiyyətin ümumi inkişafı naminə dövlət idarəetməsində səmərəli istifadə edilməsi və s. məsələlər gündəmə gəlmişdir.

17 dekabr 1985-ci ildə BMT Baş Assambleyası hər il dekabrın ayının 5-ni Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə Qətnamə qəbul edib. BMT dünyada sülh və inkişafa nail olmaq uğrunda bütün dünyanı əhatə edən könüllülük fəaliyyətini özündə əks etdirən Birləşmiş Millətlər Könüllüləri Proqramını (United Nations Volunteers – UNV) həyata keçirir. UNV dünyanın 86 ölkəsində yerləşən Birləşmiş Millətlərin İnkişaf Proqramının (United Nations Development Programme – UNDP) ofisləri vasitəsilə təmsil olunur və fəaliyyətləri barədə UNDP-nin idarə heyətinə hesabatlar verir. BMT-dən başqa digər beynəlxalq təşkilatlar da özünün müvafiq könüllük layihələrini həyata keçirməkdədirlər.

20 noyabr 1997-ci ildə Baş Assambleya tərəfindən 2001-ci ilin “Beynəlxalq Könüllülər İii” elan olunması ilə əlaqədar Qətnamə qəbul edilmişdir. Bu qərarın təsiri ilə 2001-ci ildə beynəlxalq miqyasda könüllülüyün təbliği, iş yerlərinə əlçatanlığın asanlaşdırılması, beynəlxalq sosial şəbəkənin yaradılması istiqamətində aparılan işlər xüsusi əhəmiyyət kəsb edirdi. Hazırda icra olunmaqda olan BMT Könüllülər Proqramının 2016-2030-cu illər Tədbirlər Planı isə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə yönəlmişdir.

Xüsusilə qeyd etmək olar ki, XX əsrin ikinci yarısından etibarən könüllülük həmrəylik, sosial məsuliyyət kimi ali dəyərləri özündə birləşdirərək, dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Müasir dövrdə könüllülüy anlayışında bir çox məzmun dəyişiklikləri baş vermişdir. Birincisi, bir çox hallarda könüllülüyə dövlət gənclər siyasətinin tərkib hissəsi kimi baxılır. Bu yanaşma isə könüllülüyə münasibətdə fərqli alət və resursların tətbiqini vacib hesab edir. İkincisi, könüllülüklə xeyriyyəçilik anlayışını bir-birindən fərqləndirən bir çox hallar mövcuddur. Könüllülük maddi cəhətdən əvəzi ödənilməyən sahə olmasına baxmayaraq, yekun nəticədə müəyyən hədəflərə çatmaq üçün əsas amil kimi nəzərdə tutulur. Üçüncüsü, bir zamanlar yalnız ictimai fəaliyyət kimi baxılan könüllülük, müasir yanaşmada ictimai fəaliyyətin xüsusi növü olaraq özündə sosial əlaqələr kompleksini də əks etdirir. Dördüncüsü, əvvəlki yanaşmadan fərqli olaraq könüllülükdə kollektiv aspektlə yanaşı fərdin dominantlığı da ön plana çıxmışdır. Könüllülük kollektiv işləmək bacarığı olmaqla yanaşı eyni zamanda şəxsi inkişaf konseptidir. Bu baxımdan könüllü və könüllülər hərəkatı arasında az da olsa fərqli istiqamətlər yaranmışdır.

Ölkəmizdə könüllülük sahəsində inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Bu səbəbdən də könüllülük hərəkatının yüksəlişi məhz Ümummilli liderimizin adı ilə bağlıdır. Belə ki, Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ilk illərindən başlayaraq, hərtərəfli və davamlı inkişaf məqsədilə dövlət və özəl sektorla vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. Bu prosesə insanları könüllü cəlb etməyə və onların sahə təcrübəsindən yararlanmağa mühüm yer verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqram nəticəsində Azərbaycanda güclü könüllü komandası yaradılıb və könüllülük prinsipləri haqqında geniş auditoriya təbliğinə start verilib.

Könüllü fəaliyyət haqqında” Qanunun qəbul edilməsi Azərbaycanda könüllük fəaliyyətinin inkişafında xüsusi rol oynamışdır.

Qanuna görə könüllü fəaliyyət əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği üzrə həyata keçirilir. Həmçinin, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılması, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, idmanın inkişafı, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi kimi sahələr qanunda öz əksini tapıb.

2019-cu ildə 3 minə yaxın gəncin iştirakı ilə Könüllülərin II Həmrəylik Forumunun keçirilməsi könüllülər hərəkatının və könüllülər təşkilatlarının cəmiyyətin həyatında fəal iştirakına təkan olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin 1 fevral tarixində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı nitqində bütün dövlət təşkilatlarına öz işlərinə könüllüləri cəlb etməyi tövsiyə edib: Qoy, könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçsinlər”. Ölkə rəhbərinin tövsiyəsilə bu gün bütün dövlət təşkilatlarına könüllülərin cəlb olunması prosesi həyata keçirilməkdədir. Qeyd etmək lazımdır ki, Prezidentin bu tövsiyəsi Azərbaycanda könüllülük hərəkatının inkişafına xüsusi təkan verib. Bu tövsiyədən irəli gələn vəzifələrin icrası nəticəsində təkcə 2019-cu ildə 9 mərkəzi icra hakimiyyəti orqanı və bütün yerli icra hakimiyyəti orqanları yanında könüllü qrupları yaradılıb. Belə ki, bu gün ölkəmizdə “Gənc Könüllülər”, “ASAN Könüllülər”, “RİİB Könüllüləri”, “BİR Tələbə-Könüllülər”, “Aqrar İnkişaf Könüllüləri”, “KOB Könüllüləri”, “Miqrasiya Könüllüləri”, “Ədliyyə Könüllüləri” və s. qurumlarda müxtəlif könüllülər təşkilatları uğurla fəaliyyət göstərirlər.

Gənclər dövlət qurumlarında könüllülük fəaliyyətinə əsasən 2 ay müddətində qoşulur və qoyulan öhdəlikləri uğurla başa vuran gənclərə xüsusi sertifikatlar və müsbət xasiyyətnamə verilir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti yaradır. Təşkil olunan könüllülük fəaliyyətinə 16-29 yaş arası gənclərin müraciətlərinə müsbət cavab verilir.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün əsasən aşağıdakı tələblər müəyyən olunmuşdur: İntizamlılıq, ünsiyyətcillik, operativlik, kollektivdə işləmək bacarığı, Təşkilatçılıq, təşəbbüskarlıq, kompüter bacarığı və s.

Hazırda ölkə prezidenti İlham Əliyevin dövlət orqanlarının qarşısında qoyduğu ən vacib məsələlərdən biri gənclərin potensialından daha səmərəli istifadə edilməsidir. Bundan əlavə, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük  hərəkatını inkişaf etdirmək məqsədilə dövlət orqanlarında könüllülük fəaliyyətinin genişləndirilməsi və bu işin səmərəli təşkili istiqamətində mühüm addımların atılmasıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, bütün hallarda könüllük fəaliyyəti gənclərin gələcək karyerası üçün müsbət mərhələdir. Yuxarıda qeyd edildiyi kimi, dövlət qurumlarında könüllü kimi fəaliyyət göstərmiş gənc peşə təcrübəsi ilə yanaşı, kollektivlə və vətəndaşlarla iş təcrübəsi qazanmış olur. Eyni zamanda, ona könüllü kimi fəaliyyət göstərdiyi qurum tərəfindən müsbət xasiyyətnamə də verilir. Əgər həmin gənc sonradan dövlət qulluğunda fəaliyyət göstərmək niyyətində olarsa, həmin təcrübə və xasiyyətnamə onun üçün bir növ üstünlük yaradır.

Könüllük fəaliyyətinin gənclərin məşğulluq probleminin həllində əhəmiyyət

 

Məlum olduğu kimi, dövlət qulluğuna qəbul mövcud qanunvericiliyə görə müsabiqə və müsahibə yolu ilə aparılır. Müsabiqənin birinci mərhələsində test imtahanından uğur qazanmış namizədlər, daha sonra müsahibə mərhələsində iştirak etməlidirlər. Bir boş iş yeri uğrunda adətən bir neçə namizəd mübarizə aparır. Bu zaman könüllülük təcrübəsi olan gənclər daha çox üstünlüyə malik olmaqla, digər namizədlərdən bir addım öndə olurlar. Çünki müsahibə və müsabiqə mərhələlərində bu gənclərin ünsiyyətcilliyi, bacarıqları, kollektivdə davranış, intizam və eyni zamanda, bir natiq kimi özünü ifadə etməsi, təbii ki, ekspertlər tərəfindən nəzərə alınmaya bilməz. Bu könüllülərin CV-yə əlavə etdikləri könüllülük fəaliyyəti barədə sertifikatlar və xasiyyətnamələr həmin namizəd barədə elə müsbət rəy deməkdir.

Təxminən 20 min könüllü olaraq çalışmış gənc indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) “Könüllü fəaliyyət haqqında” Qanuna əsasən ilk “ASAN xidmət” mərkəzi üçün könüllü elanını 2012-ci ildə verərək gənc oğlan və qızları əməkdaşlığa dəvət etmişdir. Bu gün artıq ASAN könüllülərinin 22 mindən çox üzvü var. Gənclər gələcəkdə isdər dövlət qulluğunda, istərsə də özəl sektorda çalışmaq üçün burada yüksək təcrübə əldə edir. “ASAN xidmət” də bütün könüllülük fəaliyyəti Master 1, Master 2 və “ASAN kadr” mərhələlərindən ibarət “ASAN School” könüllülük proqramı ilə həyata keçirilir. Bu proqram çərçivəsində gənclər təkcə “ASAN xidmət” çərçivəsində yox, eyni zamanda dövlət və özəl sektorlarda da təcrübə yığmaq imkanı qazanmaqla hazırlıqlı olurlar.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tərkibində 2015-ci ildə “ASAN Kadr” Karyera Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd ASAN könüllülərinin peşəkar kadrlar kimi formalaşdırımasından ibarət olmuşdur. Könüllülər “ASAN Könüllülük” Məktəbində hərtərəli təcrübədən əlavə müxtəlif ixtisaslar üzrə təlimlərdə iştirak edərək, nəzəri biliklərini və daha sonra müəssisələrdə təcrübə keçərək, praktiki biliklərini inkişaf etdirirlər. İşəgötürənlər mütəmadi olaraq asankadr.az portalında vakansiyaları elan edir. Yuxarıda qeyd olunan mərhələlərdən keçən hər bir könüllü CV-ni portala yerləşdirməklə vakansiyalardan yararlana bilər. Beləliklə, asankadr.az portalı gənclər, dövlət və özəl qurumlar arasında bir növ texnoloji körpü rolu oynayır. Nəticə etibarilə 1400-ə yaxın ASAN könüllüsü işlə təmin olunub. Onlardan 400-dən çoxu “ASAN xidmət” mərkəzlərində, digərləri isə başqa dövlət qurumları və özəl sektorlarda işləyirlər. Ən çox operator, satış məsləhətçisi, informasiya texnologiyaları, sosial media marketinqi, rəqəmsallaşdırma, proqramlaşdırma və xidmət sahəsi üzrə mütəxəssislərə ehtiyac olduğu üçün, həmin kadrları hazırlanılır. Bu gün dövlət başçısının tövsiyəsinə uyğun olaraq, gənclərin dövlət qurumlarında könüllük fəaliyyətinə cəlb edilməsi məhz bu istiqamətdə innovativ addım kimi yüksək dəyərləndirilməlidir. Bütün bunlar bir daha onu göstərir ki, ölkəmizdə könüllülük hərakatı günü-gündən genişlənməklə dövlət gənclər siyasətinin əsas tərkib hissəsinə çevrilir.

Bəhruz Xələfov,

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının magistırı

Şərh Yaz