İsmayıllıda respublika toxum sərgi-satış yarmarkası keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə regionlarda toxum sərgi-satış yarmarkaları davam edir. Bu dəfəki sərgi-satış yarmarkası İsmayıllı rayonunda təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahmud Süleymanov bildirirb ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində olduqca münbit bir şərait yaradılıb. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Hər il fermerlərə dövlət tərəfindən hərtərəfli qayğı və dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.
Sonra çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev diqqətə çatdırıb ki, bu gün İsmayıllıda təşkil edilən sayca 2-ci yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada İsmayıllıdan olan fermerlərlə yanaşı digər rayonlardan olan fermer və toxumçular da təmsil olunur. Sərgi-yarmarka çərçivəsində fermer və sahibkarları maraqlandıran suallar cavablandırılıb və müzakirələr aparılıb.
M.Əliyev əlavə edib ki, son illərdə dövlətimiz kənd təsərrüfatının inkişafına xüsusi qayğı göstərir. Dövlət tərəfindən aqrar sahəyə o cümlədən fermerlərə geniş imkanlar açılıb. Bu günlərdə respublikanın müxtəlif regionlarında keçiriləın toxum sərgi-satış yarmarkası da məhz toxumçuluq sahəsinin inkişafına yönəlmiş mühüm addımlardandır.
Qeyd edək ki, növbəti toxum sərgi-satış yarmarkası avqustun 24-də Qubada təşkil olunacaq. Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Fotolar: Kərim Boyaqçızadə və Ali Mustafa

Şərh Yaz