Məhsuldarlıq yüksəkdir

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayondakı Nikitin adına kolxozda taxıl biçini aparılan sahədə biçinin gedişi ilə tanış olub. Rayon rəhbərinə kolxozun ərazisində aparılan taxıl biçini barədə ətraflı məlumat verilib.

Azərbaycanda yalnız İsmayıllı rayonunun İvanovka kəndində fəaliyyətdə olan Nikitin adına kolxozda bu il 4273 hektar ərazidə taxıl bitkilərinin əkini aparılıb. Onun 2153 hektarı buğda, 2120 hektarı isə arpa sahəsidir. Taxıl biçininə 20 ədəd kombayn cəlb olunub. Hazır məhsul anbarlara vurulur və tədarük məntəqəsinə verilir. Sevindirici haldır ki, zəmilər yüksək məhsuldarlıqdan xəbər verir. Məhsulun vaxtında və itkisiz yığılması istiqamətində həyata keçirilən zəruri tədbirlər nəticəsində biçin yaxın günlərdə başa çatdırılacaq.

İcra başçısı kolxozun günəbaxan sahəsində də olub. Bu il İvanovkada 240 hektar ərazidə günəbaxan bitkisi əkilib. İvanovkadakı günəbaxan sahəsinin gözəlliyi yerli əhalini və turistləri də cəlb edir. Hər gün buradakı gözəllikləri görməyə gələn yüzlərlə insan bu mənzə fonunda fotoşəkil çəkdirməyə böyük üstünlük verir.

Şərh Yaz