Peşə təhsilli kadrlara tələbat artmaqdadır

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi İsgəndər Məmmədov, mərkəzin müəllim və şagird kollektivi iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən Rəşid Mirzəliyev bildirib ki, 2021-2022-ci tədris ilində Mərkəzi 11 qrup üzrə 143 nəfər məzun bitirib. Bu il 30 nəfər məzun diplomla bərabər atestat alacaq. 18 nəfər şagird təcrübə keçdiyi dövrdə müxtəlif müəssisələrdə işlə təmin olunub.

Həmçinin qeyd edib ki, 12 müəssisə və təşkilatla memerendum əsasında əməkdaşlıq edilir.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova məzunları RİH başçısı Nahid Bağırovun adından təbrik edərək onlara müstəqil həyatda uğurlar arzulayıb. Bildirib ki, bu gün məzun olan gənclər müxtəlif peşələrə sahiblənərək gələcəyin peşəkar dərzisi, inşaatçısı, turizm sahəsində çalışan mütəxəssisi olacaqlar. Qeyd edib ki, rayonda icra olunan infrastruktur layihələr gənclərə işlə təmin olunmaq imkanı yaradır və bu layihələr gələcəkdə də davam etdiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin Müəssisələrlə iş Şöbəsinin aparıcı məsləhətçisi İsgəndər Məmmədov məzunları təbrik edərək, onlara peşəkar karyeralarında uğur qazandıracaq dəyərli tövsiyələr verib. Bildirib ki, peşə təhsilinin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, hazırda peşə təhsili müəssisələri əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını tam şəkildə həyata keçirir.

S.Əhmədova həmçinin bildirib ki, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni sənaye, tikinti, xidmət və emal sahələrinin yaradılması əmək bazarında peşə təhsilli kadrlara olan tələbatı artırıb. Ona görə də respublika ərazisində peşə təhsilinin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, ixtisaslı kadr hazırlığının təmin olunması diqqət mərkəzində saxlanılır.

Tədbirdə Mərkəzin məzun şəhidi Tural Şıxızadənin anası çıxış edərək bütün məzunları təbrik edib.

Sonda 2021- 2022-ci tədris ilində bir qrup yüksək nailiyyətlər göstərən müəllim və məzunlar Fəxri fərman və Diplomlarla təltif olunublar.

Şərh Yaz