Bir sinfin uğurları
2014-2015-ci dərs ilində İsmayıllı şəhər Ağahüseyn Aslanov adına 2 nömrəli tam orta məktəbinin birinci sinfinə qəbul olunan şagirdlərlə ibtidai sinif müəllimi Dilbər Musayevanın ilk görüşü, ilk diaqnostik qiymətləndirməsi onu çox sevindirdi. İlk dərs müəllimdə böyük ümidlər yaratdı. Şagirdlərin gözlərindəki ifadələr gələcəkdə böyük nailiyyətlərin qazanılacağından xəbər verirdi.
Dilbər müəllim kiçik yaşlı şagirdlərin istedad və bacarıqlarını düzgün istiqamətləndirməyi bacardığına görə şagirdlərin nailiyyətləri günü-gündən artırdı.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə 2018-2019- cu dərs ilində Şamaxı hazırlıq kurslarının keçirdiyi Qobustan, Şamaxı, Kürdəmir, Ağsu və İsmayıllı məktəblilərini əhatə edən zona bilik yarışında ilk beş yerdən dördünü həmin sinfin şagirdləri qazandılar. N.Mərdanlı birinci, S.Bəkirova ikinci, C.Cabbarov üçüncü, F.Allahhverdiyev isə beşinci yeri tutdular. Əldə olunmuş qələbə Dilbər müəllimin dörd il ərzində şagird və valideynlərlə apardığı birgə məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi idi.
Beşinci sinifdə sinif rəhbəri vəzifəsinə təyin olunmuş məktəbin tarix müəllimi Fatma Vəliyevanın rəhbərliyi ilə şagirdlər əvvəlki ənənələri müvəffəqiyyətlə davam etdirərək bir-birinin ardınca uğurlar əldə etdilər. Beşinci sinifdə oxuyarkən zona bilik yarışında S.Bəkirova birinci, N.Mərdanlı beşinci yerlə, Z.Muradlı, A.Abdullayeva, İ.Rəhimli, R.Qurbanlı, C.Cabbarov və F.Allahverdiyev Fəxri fərmanla təltif olundular. Sonrakı illərdə də bu uğurlar davam etdi.
Sinif şagirdləri məktəbin ictimai işləri ilə yanaşı, bilik yarışlarında da daim fərqlənirdilər. Nəhayət, 2020-2021–ci dərs ilində VII sinifdə oxuyarkən Mərdanlı Nihal Əli oğlu biologiya fənni üzrə Respublika Fənn Müsqabiqəsində qalib gələrək məktəbə bürünc medal qazandırdı. Nihal Bakı şəhərində yerləşən Respublika Kimya–Biologiya Təmayüllü Liseyin dəvətini qəbul etməyərək təhsilini öz məktəbimizdə davam etdirəcəyini bildirdi.
2021-2022-ci dərs ili səkkizinci sinif şagirdlərinin yaddaşına unudulmaz xatirə kimi yazıldı. Sinfin beş nəfər şagirdi Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsində iştirak etmək hüqüqu qazandı. Ziya Muradlı, Sona Bəkirova tarix, Nihal Mərdanlı isə biologiya fənləri üzrə aşağı yaş qrupunda finala vəsiqə qazandılar. Şagirdlər doqquzuncu siniflərlə bir qrupda mübarizə aparmaqdan çəkinməyərək fənn müəllimləri F.Vəliyeva, Q.Həmidovanın rəhbərliyi ilə əzmlə finala hazırlaşdılar. Sona Bəkirova cüzi xal fərqi ilə qaliblər sırasına düşə bilməsə də Ziya Muradlı tarix, Nihal Mərdanlı isə biologiya fənni üzrə ikinci yeri tutaraq Gümüş medala layiq görüldülər.
Qazanılan uğurda fənn müəllimləri, eyni zamanda, şagirdləri olimpiadaya hazırlayan məktəbin tarix müəllimi Fatma Vəliyeva və biologiya müəllimi Qumru Həmidovanın çox böyük əziyyəti olmuşdur.
Qarşıdakı dərs ilində şagirdlərin buraxılış imtahanında və fənn olimpiadalarında daha böyük uğurlar qazanacağına inanırıq.
Onu da qeyd edək ki, məktəbimiz yeni formatda keçirilən Respublika Fənn Olimpiadalarında xeyli uğur qazanmışdır. Belə ki, 2012-ci ildə Qurban Rəhmanov riyaziyyat fənni üzrə IV yer, 2015-ci ildə Vaqif Talıbzadə coğrafiya fənni üzrə I yer, 2020-ci ildə Yeganə Möhübova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ikinci və Ləman Mikayılova tarix fənni üzrə üçüncü, 2021–ci ildə Ağaxan Tağıyev üçüncü yeri tutmuşlar.
Məktəbin VIII “B” sinif şagirdləri olimpiada ənənəsini layiqincə davam etdirərək yüksək uğur qazandılar, həm məktəbin, həm də rayonumuzun təhsil sahəsindəki uğurlarına öz töhfələrini verdilər.
Fərqanə Yəhyayeva,
məktəbin psixoloqu