Şəhidin ildönümü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin inam yeri hesab edilən Tovuz döyüşlərində həlak olmuş 18 yaşlı şəhid Xəyyam Daşdəmirovun doğum günü İsmayıllı rayon ictimaiyyəti tərəfindən dərin ehtiramla qeyd olunub.

Mərasimdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, YAP İsmayıllı rayon təşkilatının sədri, şəhidin ailə üzvləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. Şəhidin ailəsi evlərində ziyarət edilib.

Çıxış edənlər Müzəffər Ordumuzun qələbəsi ilə yekunlaşan Tovuz döyüşləri barədə danışıblar. Tovuz döyüşlərində vətənin müdafiəsi uğrunda canından keçən Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb və 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub. İyulun 13-də doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Şərh Yaz