İsmayıllıda Silahlı Qüvvələr Günü qeyd olunub

İsmayıllı rayon Mərkəzi Meydanında 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı dinlənilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, şəhid ailələri, qazilər, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti iştirak edib.

Tədbirdə bildirilib ki, Azərbaycan xalqının şanlı səhifələrindən olan 26 iyun Milli Ordumuzun yaradıldığı gün kimi tarixə həkk olunub. Bu gün ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan müvafiq Fərmana əsasən hər il təntənə ilə qeyd olunur.

Çıxışlarda Ulu öndər tərəfindən formalaşdırılan, güclü, yüksək səviyyəli döyüş hazırlığına malik ordumuz sayəsində Ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edildiyi də qeyd olunub.

Açıq havada keçirilən konsert proqramında “Niyal” instrumental ansamblının solistləri, “İsmayıllı inciləri” rəqs qrupu, tanınmış müğənni Sevinc Musayeva çıxış ediblər. Konsert proqramı rayon ictimaiyyəti tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb.

Şərh Yaz