Click here to move

Vətənçün doğulanlar…

Tale Azərbaycanı çox sınaqlara çəkib, ancaq bu sınaqlardan qoynunda böyüdüb boya-başa çatdırdığı mərd, cəsur, igid oğulların şücaəti nəticəsində həmişə alnı açıq çıxıb. “Vətəni sevmək imandandır”- deyib babalarımız. Bu cür imanlı, vətəni canından artıq sevən oğulların hünəri, igidliyi, qorxmazlığı ilə vətən bütöv olur. 30 ilə yaxın bir vaxtda Azərbaycan torpağı erməni işğalında qaldı. Xalqımız heç zaman bu işğalla barışmır və torpaqlarımızı gec-tez igid oğulların hünəri ilə azad edəcəklərinə inanırdı. Həmin gün yetişdi və nəhayət igid oğullar vətənin müdafiəsinə qalxdılar. Bu cür qəhrəmanlardan biri də Məmmədli Əşrəf Elman oğludur.

15 sentyabr 1999-cu ildə İsmayıllı rayonunun Maçaxı kəndində vətənpərvər bir ailədə dünyaya göz açıb. Ailədə beş uşaq olublar. Hər biri ailənin sevgisi, qayğısı ilə əhatə olunub. Əşrəf bacı-qardaşlarına qarşı mehriban və qayğıkeş idi. Elə məktəbdə də müəllimlərin və yoldaşlarının sevimlisinə çevrilmişdi. Əşrəfin uşaqlıqdan düşmənə nifrəti, qəzəbi sonsuz olub. Torpaqlarımızın işğalı ilə heç zaman barışmayıb. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Əşrəfə də bu zirvəni fəth etmək qismət oldu.

Əşrəfin əmisi Elyar Məmmədov atası Elman Məmmədov 1992-1995-ci ilə qədər Birinci Qarabağ müharibəsində ön cəbhədə düşmənlə üz-üzə vətənin keşiyində dayanıblar. Laçın, Cəbrayıl, Ağdam rayonlarında təxminən eyni illərdə vuruşublar. Elyar 1995-ci ildə qəlpə yarası alır. Həkim müdaxiləsinə ehtiyac olsa da Elyar bununla razılaşmır, lakin uzun söhbətdən sonra qardaşı Elyarı həkimə müraciət etməsinə razı sala bilir.

Atası və böyük qardaşı Elçin Elyarı müalicə üçün həkimə, Bakı şəhərinə aparmağı qərara alırlar. Yolda atası, böyük qardaşı Elçin və Elyar avtomobil qəzasına düşürlər. Atası ağır yaralanır, Elçin və Elyar faciəli şəkildə dünyasını dəyişir. Bu faciədən sonra ailə möhkəm sarsılır. İki qardaş itirən Elman Məmmədli qardaşlarının dəfn mərasimindən bir müddət sonra yenidən cəbhəyə yollanır və xidmətini davam etdirir.

Elman Məmmədov döyüş yolundan, cəbhədəki dostlarının qəhrəmanlığından oğlu Əşrəfə tez-tez danışardı. Atasının xatirələrini diqqətlə dinləyən Əşrəf hələ uşaqkən söz vermişdi ki, atası, əmiləri kimi Vətənini sevəcək və düşməndən qoruyacaq, şəhidlərimizin qisasını alıb, torpaqlarımızı yağı düşməndən xilas etmək üçün sonadək döyüşəcək. Bu arzularla böyüdü Əşrəf. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Sərhəd Qoşunlarında xidmət edirdi. Komandirin bütün tapşırıqlarını yerinə yetirir, vətəninə xidmət etməkdən qürur duyurdu. 2019-cu ilin iyul ayında hərbi xidmətini başa vurub doğma İsmayıllıya qayıdır. Elə həmin ilin noyabr ayında könüllü olaraq cəbhəyə yollanır. Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Dəstəsinin kəşfiyyat bölüyünün snayperçi giziri kimi xidmətə başlayır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əşrəf Məmmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi, Qubadlının, Cəbrayılın və Zəngilanın azadlığı uğrunda döyüşlərdə iştirak edib. Əşrəf bəzi yaşayış məntəqələrinin və strateji yüksəkliklərin alınmasında şücaət göstərib.

Arzuları böyük idi Əşrəfin. Tezliklə torpaqlarımızı erməni işğalından azad edib, doğma Maçaxı kəndinə qayıdıb şəhidlərin qisasını aldığını qürurla bildirmək istəyirdi. Vətənin müdafiəsinə yollananda da anası Samirə xanıma söz vermişdi ki, torpaqlarımızı düşmən tapdağından azad etməyincə geri qayıtmayacaq.

Döyüş dostlarının dediklərindən:

– Ağır döyüş getdiyi vaxtda xəbər gəlir ki, iki nəfər mühasirədə qalıb, onları xilas etmək lazımdır. Amma yaxınlaşmaq çox təhlükəlidir. Əşrəf düşünmədən irəli keçib oraya getmək istədiyini bildirir. Səyyad adlı döyüş dostu və daha iki nəfər də ona qoşulur. Əşrəf öz snayperi ilə çoxlu sayda düşməni məhv edir və patronu qurtarır. Qranatatanı götürüb atmağa başlayır. Elə bu vaxt düşmənə çoxlu sayda kömək gəlir. Ağır döyüşlər gedir, iki nəfər döyüşçümüz yaralanır. Yaralıları çətinliklə götürüb hərbi hospitala yola salırlar. Həmin yaralılar sağalıb yenidən cəbhəyə qayıdırlar. Əşrəf və dostu Səyyad həmin döyüşdə oktyabrın 17-də qəhrəmancasına şəhid olur.

Əşrəf doğulduğu İsmayıllı rayonunun Maçaxı kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əşrəf Məmmədli ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidlik ölümlərin ən şərəflisidir. Əşrəf bir ailənin sevimlisi kimi dünyaya gəldi, bir elin-obanın sevimlisi kimi dünyadan köçdü.

Əşrəf Məmmədlinin qardaşı Ziyalı Məmmədli də Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, qəhrəmanlıq göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub. Bu ailədə bir şəhid, üç müharibə iştirakçısı var. Təpədən dırnağa vətən sevgisi ilə yoğrulub bu ailənin təməli. Azərbaycanın Dövlət himnində belə bir misralar var:

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu.

Bu hansı hüquqdu elə? İnsanın həyatda ən ali hüququ olan yaşamaq hüququ. Hər insan yaşamaq hüququndan özünü məhrum etmir. Vətəni, torpağı candan artıq sevməlisən ki, onun yolunda şəhid olmağı bacarasan. Əşrəf kimi… İndi bu ocaqda bir körpə böyüyür. Əşrəf döyüşə gedən günü dünyaya gəlib. Körpə əmisi Elyarın adını daşıyır. Bu bir alın yazısıdır. Əşrəf anasına deyirdi ki, ana, əgər Tanrı mənə şəhidlik zirvəsini qismət eləsə qardaşımın yaddaşında qalmayacam. Amma böyüyəndə həmişə mənimlə fəxr edəcək. İndi Əşrəflə təkcə qardaşı, ata-anası, doğmaları deyil , kəndi, eli-obası qürur duyur, ehtiramla yad edir. Samirə ana da kədərlə yoğrulan bir qürur hissini yaşayır. Bu ocaqda igidlər, qəhrəmanlar yenə doğulacaq, böyüyəcək. Vətəni düşməndən qorumaq üçün. “Ot kökü üstündə bitər”-deyib babalarımız. Bu cür qəhrəmanların şücaəti, qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağından xilas oldu. Atası Elmanın Əşrəf haqqında dediklərindən:

Əşrəf uşaqlıqdan qorxu bilməz, cəsarətli olub. O, tez-tez böyüyüb cəbhəyə yollanacağını deyirdi. “Belə də etdi. Biz mütləq torpaqlarımızı geri alacağıq, mən buna inanıram”- deyirdi. Əşrəf mənə həm oğul, həm də qardaş idi. Hər işdə mənə kömək edirdi. O, Vətən üçün doğulmuşdu, Vətən yolunda da şəhid oldu.

Yaxın qohumu Təranə Məmmədovanın dediklərindən:

Əşrəfin şəhid xəbərini eşidən kimi Elman elə gecə ikən onun arxasınca getməyə hazırlaşdı. Zəng edib kəndə onlara gəlmək istədiyimi bildirdim. Elman qəti şəkildə etiraz etdi. “Gəlməyin, Samirə (həyat yoldaşı) bu xəbəri bilmir, qoy səhərəcən yatsın” – demişdi. Evdən də gizlincə çıxmışdı. Samirənin bir gecə rahat yatması üçün çalışdı Elman. Bir ömür ürəyində övlad acısı daşıyacağını bilə-bilə.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında igidlərimiz döyüşə atılıb, Vətəni müdafiə etdilər. Şəhidlər verdik, yaralılarımız oldu. Bütün bunlar vətənin bütövlüyü üçün, dövlətimizin qüdrətli olması üçün idi.

İndi Əşrəf təkcə doğulduğu ocağın, ailənin övladı deyil. Bir kəndin, rayonun, nəhayətdə bütöv Azərbaycanın əzizi, istəklisi, sevimli bir övladıdır. Axı Əşrəf Azərbaycanı, doğma vətənini canından artıq sevmişdi.

Xoşqədəm Rüstəmova

Şərh Yaz