“Qarabağın döyünən ürəyi – Şuşa”

7 iyun 2022-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin “Şuşa İli”nə həsr olunmuş “Qarabağın döyünən ürəyi – Şuşa” adlı yekun hesabat konserti keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Həsrət Şabili, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Gülər Abdullayeva, idarənin əməkdaşları, musiqi məktəbinin müəllim və şagird kollektivi, rayon ictimaiyyəti iştirak edib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Tədbirdə çıxış edən aparıcı qeyd edib ki, Azərbaycan musiqisinin beşiyi və məbədi olan Şuşa şəhərində bir çox dünya miqyasında tanınmış bəstəkarlar, xanəndələr, musiqişünaslar dünyaya göz açmışdır. XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşa şəhəri Azərbaycan musiqisinin əsasını təşkil edirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə ilə işğal altında olan torpaqlarımız, eləcə də tarixi Şuşa şəhərimiz azadlığa qovuşdu. Bundan sonra da Azərbaycanın mədəniyyət mərkəzi elan edilən Şuşa şəhəri ölkəmizin başlıca musiqi şəhəri və beşiyi olacaqdır.

Tədbirdə İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin “Çingiz” ritm qrupu, xor kollektivi, məktəbin müəllimi Piralı Şıxıyev, “Səma” rəqs qrupu və məktəbin digər şagirdləri çıxış ediblər. Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon komitəsi tərəfindən tədbir iştirakçılarına Fəxri fərmanlar və Diplomlar, 65 illik yubileyi münasibəti ilə İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəlliməsi Xuraman Aslanovaya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsi adından mükafat təqdim edilmişdir. Sonda xatirə şəkli çəkdirilib.

Nurtən Əkbərli

Şərh Yaz