Click here to move

Əsl müəllim, əsl ağsaqqal

İsmayıllı təhsilində yüksək xidmətləri olan pedaqoqlarımız çox olmuşdur. Onlar öz ömürlərini gələcəyimiz uğrunda, mənalı həyat uğrunda başa vurmuşlar. Belə insanlar unudulmur, davamçıları tərəfindən yaşadılır.

Bu yazıda ömrünün 50 ildən çoxunu təhsil sahəsinə sərf etmiş və hazırda da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müəllim kimi fəaliyyət göstərən İzhar müəllimdən bəhs edəcəyik.

İzhar Məhəmmədkazım Kazımov 1947-ci ildə İsmayıllı rayonunun Müdri kəndində anadan olub. Orta təhsilini öncə Müdri kənd 7 illik məktəbində almış, Lahıc qəsəbə orta məktəbində tamamlamışdır.

1964-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra zabit kimi ordu sıralarında hərbi xidmətdə olmuşdur.

1972-1977-ci illərdə İsmayıllı rayonunun Qalınçaq kənd orta məktəbində, 1977-1979-cu illərdə İsmayıllı şəhərinin 1 və 3 nömrəli məktəblərində müəllim işləmişdir.

1979-1985-ci illərdə İsmayıllı şəhər 1 nömrəli orta məktəbində direktor müavini, 1985-1991-ci illərdə İsmayıllı Rayon Təhsil Şöbəsində metodist-inspektor vəzifələrində çalışmışdır.

1991-ci ildən 2017-ci ilədək İsmayıllı şəhər 1 nömrəli orta məktəbində direktor müavini, riyaziyyat və informatika müəllimi işləmişdir.

Əsl müəllim, əsl ağsaqqal, vətənpərvər təhsil fədaisi hal-hazırda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində müəllim kimi fəaliyyət göstərir. İ.Kazımov Birinci Qarabağ müharibəsində zabit kimi iştirak etmişdir.

1991-ci və 1992-ci illərdə İzhar müəllim “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş və hər iki ildə müsabiqənin qalibi olmuşdur.

İzhar müəllim yaxşı işinə görə dəfələrlə Rayon Təhsil Şöbəsinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, İsmayıllı rayon rəhbərliyinin Fəxri fərmanlarını, “Metodist müəllim”, “Ali kateqoriyalı müəllim adlarına layiq görülmüşdür. O, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə də təltif edilmişdir.

2012-ci ildə İzhar Kazımov Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür. Qarşıdakı ilin iyun ayının 4-də İzhar müəllimin 75 yaşı tamam olur. Ona can sağlığı, uzun ömür arzu edirik. Gözəl insan, əsl ziyalı, milli mentaliteti ilə örnək olan ailə başçısı İzhar Məmmədkazım oğlu Kazımova bir daha uğurlar diləyirik.

Mövlud Ağayev,

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi

Şərh Yaz