EL İSTƏKLİ, VƏTƏN İSTƏKLİ İNTİQAM MEHDİZADƏ

Tanınmış televiziya jurnalisti İntiqam Mehdizadə bir neçə gündür ki, aramızda yoxdur. Onun haqqında keçmiş zamanda danışmağa adamın dili gəlmir. Çox ağır itki oldu bizim üçün. İntiqam müəllim mehriban ailə başçısı, sədaqətli ər, alicənab ata, etibarlı dost, bacarıqlı işçi, layiqli vətəndaş idi. Müdriklərimizdən biri deyib ki, dostluq nə qədər asan olsa da, onu axıra çatdırmaq bir o qədər çətindir. İntiqam müəllim də dostluğu şərəflə daşıyan, onu yaşadan və sonadək dostluğa sadiq qalan əvəzolunmaz ziyalı idi. Şair Əli Qurbanov aşağıdakı sözləri sanki onun üçün deyib:

Kim qurban eyləməz dosta yağını,

Yedirtməz bağrının dosta yağını.

Qoysun gözüm üstə dost ayağını,

Dolaşam ellərdə ay şişəşişə.

Bu, həqiqətən də belə idi. İntiqam Mehdizadə dünyaya gələndə İsmayıllı balası idi. Dünyadan isə böyük Azərbaycanın böyük oğlu kimi getdi…

Kim idi İntiqam Mehdizadə?

İntiqam Mehdizadə 1945-ci ildə İsmayıllı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Üç il “Azərbaycan gəncləri” qəzetində işləyəndən sonra, 1973-cü ildə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor vəzifəsinə təyin olunub. Burada böyük redaktor, şöbə müdiri, baş redaktor vəzifələrinə qədər yüksəlib. “Gənclik və idman” redaksiyasına rəhbərlik edib.

5 kitab müəllifidir. “Karvanın sarvanı” adlı iri həcmli məqalələr toplusu “Ozan” nəşriyyatında çapa hazırlanır. Respublika Mətbuat Fondunun “Dan ulduzu”, Jurnalistlər Birliyinin H.B.Zərdabi adına və “Qızıl qələm” mükafatları laureatıdır.

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin mətbuat katibi vəzifəsində çalışmaqla, həm də tələbələrə ssenari yaradıcılığı, ekran dramaturgiyası, ədəbi iş fənlərindən dərs deyirdi.

Evlidir, iki övladı, dörd nəvəsi var.

***

Dünənədək yanımızda olan bir dostumuz haqqında indi keçmiş zamanda danışırıq, yazırıq.

Bəli, harada bir tədbir var idisə, İntiqam müəllim onun yüksək səviyyəli təşkilatçılarından biri və iştirakçısı idi. Vaxtilə çalışdığı AzTV-də, radiosunda onunla çiyin-çiyinə eyni yükü daşıyan televiziya və radio əməkdaşlarının sevimlisi olub. Onu mən əsasən bu gün də fəaliyyətini davam etdirən, seyrçilərinə sədaqətlə qulluq edən “Bulaq” verilişinin yaradıcılarından biri kimi tanımışam. “Bulaq” daim çağlayıb, bir gün olsun da fəaliyyətdən düşməyib, dinləyicilərini intizarda qoymayıb. Verilişin məşhur aparıcıları olan Xalq artisti Məhluqə Sadıqova ilə Əməkdar artist Səməndər Rzayevin şirin, bal səsləri hər dəfə radio dalğalarında səsləndiriləndə, hətta özləri bu dünyada olmasalar belə, səsləri ilə yazılmış lent yazısı bizə təqdim olunanda İntiqam müəllimin gərgin əziyyəti zlərimiz önündə canlanıb və özündən sonra da canlanacaq. Bu, İntiqam müəllimin uğurlu tapıntısı idi… İndən belə də onu gözlərimiz axtaracaq.

İntiqam müəllim həm də sinəsində el istəkli, Vətən istəkli ürək gəzdirən Kişi idi. Torpağına, xalqına əyilməyi özünə fəxr bilirdi. Bu keyfiyyətlərinə görə həmişə başıuca gəzirdi. Və üzü də el yanında ağ idi. Haqqa, ədalətə ağız büzənləri görmək belə istəmirdi. Yalanla, böhtanlarla içini dolduranlara ironiya ilə gülürdü. İntiqam Mehdizadənin mayası yaxşılıqla, alicənablıqla yoğrulmuşdu. Bu sözlərimin həqiqət və doğru olmasını onun və mənim dostlarım Milli Məclisin deputatı, Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov, Baba Vəziroğlu, Simran Həsənov, Xeyrulla Ağayev, Təranə Cəbiyeva, Məhəmmədhaqqı Ağayev, Qorxmaz Şıxalıoğlu, Bəhruz Məmmədov, Azər Babayev, bir sözlə, adlarını unutduğum, qəlbinə yaxın buraxdığı qələm əhli də təsdiq edə bilərlər. Ustadımız Musa Yaqubla ölümləri aralarında cəmi 1 il 1 ay fərq oldu…

Dərdini anlayıb, çarə qılanın yolunda canını qurban eylərdi” İntiqam müəllim. Mən onu əsasən istedadlı qələm sahibi, Vətən qızı Təranə Cəbiyevanın müəllifi olduğu “Babadağa baxan ellər” kitabından tanıyıram. Kitab təqdimatı zamanı bəlkə də ən qısa danışan da İntiqam müəllim idi. Qısa danışıq olsa da, məzmunlu idi. Bu kitab, bu təqdimat İsmayıllı ziyalılarının birləşməsinə bir körpü idi. O vaxtadək rayonun ziyalıları bu cür möhtəşəm formada yığışa bilmirdilər. Məhz bu missiyanı Təranə xanım və dostları edə, onun öhdəsindən gələ bildilər.

Onun haqqında uzun-uzadı yazmaq olar. Bəlkə də nə vaxtsa özümü toparlayıb yazacağam. Ancaq hələlik bir kiçik yazı ilə kifayətlənməli oldum. Bu xəbəri ilk dəfə mənə verən dostumuz “Neft daşları” qəzetinin baş redaktoru Xeyrulla Ağayev oldu. Bildirdi ki, İntiqam müəllim dünyasını dəyişib. Onda avtobusda yol gedirdim. Qəfil və acı xəbərdən bir anlığa sarsıldım, onu təəssüf hissiylə qarşıladım. Nə etməli, biz Allahın işinə qarışa bilmərik…

Şair Rasim Kərimli şeirlərinin birində gözəl deyib:

Mərdlər qeyrət daşıyırlar,

Ağrıyana acıyırlar.

Ölməlilər yaşayırlar,

Qalmalılar ölür, hayıf.

İntiqam Mehdizadənin haqqında nə deyilsə də, nə yazılsa da, yenə azdır. Bircə onu deyə bilərəm ki, çox dəyərli şəxsiyyətimizi itirdik. İntiqam müəllim zaman-zaman xatırlanacaq, insanlıq durduqca xatırlanacaq. Bu işıqlı, nurlu insan işıq kimi, nur kimi də qalacaq. Sıramızdan qəfil getməsi bizim üçün böyük, əvəzolunmaz itkidir və onun yoxluğu hər zaman hiss olunacaq, həmişə yeri görünəcək.

El üçün yaşayan, el üçün yanan oğul heç vaxt ölə bilməz!

Daşdəmir ƏJDƏROĞLU

Şərh Yaz