Vətənpərvərlik davamlı mövzudur

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tapşırıq və tövsiyəsinə uyğun olaraq, 21 iyun 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı, Ağdaş, Ağsu, Göyçay, Kürdəmir, Qobustan, Şamaxı, Ucar və Zərdab rayonlarının idarə rəislərinin, Gənclər Evi direktorlarının, Gənclərin İnkişaf və Karyera Mərkəzi rəhbərlərinin, Gənclər Təşkilatları sədrlərinin və fəal gənclərin iştirakı ilə zona toplantısı keçirilib.

Toplantının açılış mərasimindən öncə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı cənab Nahid Bağırovun iştirakı ilə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və üzərinə tər çiçəklər düzülüb.

Tədbir iştirakçıları tərəfindən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin solistlərinin ifasında musiqi nömrələri dinlənilib.

Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, ardınca ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, işğaldan azad olunması yolunda şəhadətə yüksəlmiş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zona toplantısını açıq elan edən İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov toplantının gündəliyində duran cari məsələləri iştirakçıların diqqətinə çatdırıb. Gündəlikdə duran məsələlərin (keçirilən tədbirlərdə kütləviliyin təmin edilməsi, könüllülük fəaliyyətinin təşviqi, gənclər təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi, vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin davamlılığının təmin edilməsi) həlli ilə əlaqədar idarə rəislərinin, Gənclər Evinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Gənclər Təşkilatlarının nümayəndələrinin və fəal gənclərin çıxışları dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, irad və təkliflər qeydə alınıb.

Tədbirin sonunda növbəti zona toplantısının Şamaxı rayonunda keçirilməsi ilə bağlı qərar qəbul edilib, xatirə şəkli çəkilib.

Şərh Yaz