Zaman keçər, tarix unudulmaz

21 iyun 2022-ci il tarixində İsmayıllı Rayon MKS-də şəhid Mahmudov Təyyar Həmid oğlunun xatirəsinə həsr olunmuş tədbir təşkil edilib.

Məlumat üçün bildirək ki, Təyyar Mahmudov 1965-ci ildə İsmayıllı rayonunun Sulut kəndində anadan olub. Doğma kənddə orta məktəbini bitirdikdən sonra digər çağırışçı yoldaşları kimi, hərbi xidmətə yollanıb və xidmətini uğurla başa vurub.

Hərbi xidmətdən qayıdan kimi Təyyar bir kitabsevər mütaliəçi olmaqla Sulut kənd kitabxanasında əmək fəaliyyəyinə başlayıb.

Ötən əsrin 90-cı illəri idi. Havadarlarına güvənib azğınlaşmış ermənilər əzəli torpaqlarımızı kəndbəkənd, şəhərbəşəhər işğal etməkdə idilər.Vətənin bu ağır günlərində Təyyar Vətən məhəbbəti ilə cəbhəyə yollandı. Qızgın döyüşlərdə iştirak etdi. Qorxu bilməyən gənc döyüşçü düşmənə qan uddururdu. Ağdamın Selli kəndi uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gəldi. Əfsuslar olsun ki, nəşini döyüş meydanından götürmək mümkün olmadı.

Bu tarixi qeydlər ömrü yarıda qırılmış bir kitabxana işçisinin tərcümeyi-halındandır…

Tədbiri kitabxananın əməkdaşı Aytəkin Dəmirova açıq elan etdikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin xatirə lövhəsinin açılışı olub.

Tədbirdə iştirak edən və hazırda təqaüddə olan, keçmiş kitabxana işçiləri Həmid Hacıyev, Vaqif Ağayev, Səbirə Seyidova Təyyar haqqında xatirələrini söyləyiblər.

Şair Şahməmməd Dağlaroğlunun, kitabxananın direktor əvəzi Ruhiyyə Mirzəyevanın, 44 günlük Vətən müharibəsinin qazisi Orxan Babazadənin vətənpərvərlik ruhlu çıxışları səslənib. Məktəblilər şeirlər söyləyiblər. Şəhidin tədbirdə iştirak edən yaxınları göstərilən diqqətə görə minnətdarlıq ediblər. Tədbir xatirə şəkli çəkilməsi ilə yekunlaşıb.

Aytəkin Dəmirova

Şərh Yaz