Sınaqlı həyat

Ələkbərova (Cəfərova) Göyçək (Səltənət) 1952-ci il fevral ayının 27-də İsmayıllı rayonunun Təzəkənd kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Valideynləri əslən rayonun Müdürsə kəndindəndirlər. Atasi, İkinci Dünya müharibəsi iştirakçısı Qədirov Nəcəf Cəfər oğlu, rayonun bir neçə kəndində kolxoz sədri, baş mühasib və digər məsul vəzifələrdə işləyib. Anası Qədirova (Şərifova) Badam Əlicəfər qızı müharibə dövründə arxa cəbhədə çalışıb, kolxoz fermasında işləyib, taxıl becərməklə, ot biçməklə, baramaçılıqla məşğul olmuşdur.

Sənədlərdə adı Göyçək olmasına baxmayaraq, bədnəzərləri yayındırmaq üçün ailədə onu Səltənət deyə çağırırdılar. Elə indi də ailədə, eldə, obada bu adla daha yaxşı tanınır.

Balaca Səltənət Təzəkənd səkkizillik məktəbində bir illik hazırlıq keçərək 1959-cu ildə birinci sinifdə oxumağa başlayıb. Uşaq ikən anasına ev işlərində yardım göstərir, özündən kiçik – biz qardaşların qeydinə qalır, canıyananlıq edirdi. Böyük bacıları ailə qurub evdən köçəndən sonra anası Badamın əvəzedilməz köməkçisinə çevrilir. Dərslərinə hazırlaşmağa vaxtı az qalsa da, təhsildə çalışqanlığı ilə fərqlənirdi. Təzəkənd tam orta məktəbini 1969-cu ildə bitirib V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinin əyani şöbəsinə müvəffəqiyyətlə imtahan verir və birinci kursa qəbul olur.

Səltənət artıq Ələkbərov Rəfaillə (Əlvan) ailə qumuşdu və 1970-ci ildə ilk övladlarının doğulması ilə əlaqədar institutun qiyabi şöbəsinə keçməli olur. 1974-cü ildə ali təhsili müvəffəqiyyətlə başa çatdırır. O, ilk təzəkəndli qadın idi ki, ali təhsil almışdı.

1971-ci ildə Sumqayıt şəhər 42 saylı körpələr-evi və uşaq bağçasında tərbiyəçi kimi əmək fəaliyyətinə başlayır. 1974-1982-ci illərdə Sumqayıt şəhərinin bir neçə məktəbində, 1982-ci ildən təqaüdə çıxana qədər isə 25 nömrəli orta məktəbdə tarix müəllimi kimi çalışır. İşlədiyi kollektivlərdə onu Göyçək müəllimə kimi tanıyırlar.

O, öz işinə ciddi yanaşır, elmi, metodiki və pedaqoji fəaliyyətini təkmilləşdirmək üçün müxtəlif elmi-praktik konfranslarda məruzələrlə çıxış edir, məktəbdə, həm də şəhər miqyasında açıq dərslər keçirir, “Azərbaycan maddi mədəniyyət abidələrinin öyrənilməsi problemi” üzərində işləyirdi. Bu sahədə onun qabaqcıl iş təcrübəsi şəhər məktəbləri arasında yayılır. Azərbaycan maddi-mədəniyyət abidələri muzeyi və o dövrün tələbi baxımından nümunəvi sayılan “Tarix kabineti” yaratmışdı. Məktəb Həmkarlar Komitəsinin sədri idi. 1990-cı ildə ona “Metodist müəllim” adı verilmişdi. Səltənət (Göyçək) müəllim öz sənəti ilə fəxr edir, ona dərin hörmət bəsləyir.

Səltənət ( Göyçək) müəllim dörd uşaq anasıdır. Həyat yoldaşı Ələkbərov Rəfaillə (Əlvan) birlikdə övladlarının xoşbəxtliyi üçün çalışıb onları cəmiyyətin layiqli üzvləri kimi tərbiyə etmiş, ali təhsil almaları üçün hər bir şərait yaratmışdılar. Onların Sumqayıtdakı mənzilləri mən içində olmaq şərti ilə qohum-qardaş övladlarının çoxu üçün ümid yeri olub, buranı özlərinə ikinci doğma ev biliblər. İkiotaqlı balaca mənzildə altı nəfərlik ailənin yaşamasına baxmayaraq, Səltənət müəllim hər birimizi şirin sözlə, gülər üzlə qarşılayıb, çalışardı ki, doğma evlərini təzə tərk etmiş biz gənclər itirdiyimiz istiliyi burada tapa bilək.

2001-ci ildə yeganə oğlu Asəf faciəli şəkildə həlak olur. Səltənət müəllim özündə güc tapıb həyat yoldaşı Rəfail müəllimlə birlikdə oğlunun “Xatirələrim – əbədi yol yoldaşım” adlı gündəlikləri əsasında eyniadlı kitab hazırlayıb 2007-ci ildə çap etdirirlər.

Anamız Badam 2006-cı ildə dünyasını dəyişəndən sonra o, həyat yoldaşı ilə ata-analarının ömür yolunu tərənnüm edən “Suları qovuşduran ümman” əsəri üzərində işləyirlər. 2013-cü ildə Səltənət daha bir ağır zərbə alır, ömür yoldaşı Rəfail müəllim vəfat edir. Birgə başladıqları əsəri tək bitirib, 2014-cü ildə nəşr etdirir. Hər iki əsər Cəfərovlar ailəsində Badam nənənin xatirəsinə təsis edilmiş “Ana mükafatı”na layiq görülmüşdür.

Səltənət müəllimə mütaliə etməyi, teatra getməyi, muzeylərlə tanış olmağı sevir. 2015-ci ildə qardaşları ilə birlikdə ata-ana yurdumuz Müdürsə kəndini ziyarət edib. O, həyatda qayğıkeş övlad, etibarlı həyat yoldaşı, balalarından ötrü özünü oda-suya atan ana, nəvələrini dərin məhəbbətlə sevən nənə, qardaş-bacıları üçün canıyanan bacıdır. Qohum-qardaşa, dost-tanışa qarşı həmişə diqqətlidir və hörmətlə yanaşır. Ağır, faciəli sınaqlarla dolu həyat yoluna baxmayaraq Səltənət ( Göyçək) müəllim daima öz iradəsi, həyatsevərliyi, yüksək intellekti, qayğıkeşliyi ilə seçilir, övladlarına, nəvələrinə yol göstərir.

Səltənət müəllimi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, xeyirli, mənalı ömür, balalarının, nəvələrinin sevincini arzulayırıq.

Nizami Cəfərov

Şərh Yaz