“DAĞ ÇİÇƏKLƏRİ”

Baxasan

Təcnis

Qocalıq da bir ayrı cür ömürdür,

Nə varlığa, nə darlığa bax asan.

İtirirsən kələfinin ucunu,

Düyün düşdü, açılmaz o bağ asan.

İnsan ki var: kimi daşdır, kimi dürr,

Yaşadıqca kim uduzur, kim udur…

Bacarırsan əyilmə, şax kimi dur,

Hər nemətə qalma baxabaxa sən…

Şeytan deyir o dünyaya şəkk elə,

Amma, Nazir, nə taparsan şəkk ilə?

Dərd ondadır: bir gün dönüb şəkilə,

Bir daş üstdən bu dünyaya baxasan…

Nazir Ziya Talıstanlı

Var ol

Bu elin, bu yurdun, bu məmləkətin,

Oğlu da mətindir, qızı da mətin.

Bilir yad ölkələr gücün, qüdrətin,

Xətai bizdəndir, Koroğlu bizdən!

Doğma torpağına basılsa yağı,

Çəkər sinəsinə, köksünə dağı.

Daşar məcrasından bu söz bulağı,

Xətai bizdəndir, Koroğlu bizdən!

Var ol, ərən oğul, igid qız səni,

Qoymadın yaxına dumanı, çəni.

Saxladın qəlbində bu söz, kəlməni:

Xətai bizdəndir, Koroğlu bizdən!

Mövlud Teymur

Olasan

Səndən bir şey soruşacam,

Düzün desən, var olasan.

Axıradək dinləməsən,

Birdəfəlik kar olasan.

Dünya sənin, dünya desən,

Varlıq da sən, dünya da sən.

Geniş, nurlu dünyada sən

Nədən qəlbi dar olasan?

Odu sönmüş bir diləyəm,

Sən eləsən, mən beləyəm.

Gəzəm, görəm, kəşf eləyəm,

İz düşməmiş qar olasan.

Bir yaxşını min eləyən,

Duada amin eləyən,

Şəfamı təmin eləyən,

Dilədiyim bar olasan.

Cüt açıla Haqqa əlin,

Kəbən ola xoş əməlin.

Mən sənin ağıllı dəlin,

Sən də mənə yar olasan.

Şahməmməd Dağlaroğlu

Minillik ölü

Çoxdandır qalmışam şübhədə, şəkdə,

Sağamsa, sağlığı niyə duymuram?

Özümü görmürəm bu gerçəklikdə,

Yəqin, xəyalımda mən ancaq varam.

Dəmbədəm şimşəyi salıram yada,

Alışdı, var imiş, söndü, yoxdu, yox.

Çoxdur qara ulduz bu kainatda,

İçi işıq dolu, üzündə nur yox.

Coşmasa, tufanın varlığı sual,

Duman su olsa da, içilə bilməz.

Oxumaz, bülbülün şəkli laldı, lal,

Zülmətdə qara göz seçilə bilməz.

Mən də beləcəyəm: qara ulduztək,

Şəkiləm, buludam, tufan sözüyəm.

Soyuyub donmuşam bir parça buztək,

Sönmüş bir ocağın kömür gözüyəm.

Mənim surətimdə yaşayan kimdir?

Özümü görmürəm çoxdan diri mən.

Varamsa, bəs niyə didim-didimdir,

Niyə Vətənimdə at çapır düşmən?

Üstümə göylərdən nifrət tökülür,

Tarixin töhməti üzümdə ləkə.

Əgər olmasaydım minillik ölü,

Namərdin tapdağı olmazdı ölkə.

Oqtay İsmayıllı

22.10.2013

Səni unutmaqçün

Yığıb yaddaşımdan xatirələri,

Səni unutmaqçün əzib, atmışam.

Gözümün üstünə düşən telimi

Əlin sığallamır, kəsib atmışam.

Sən sevdin, gözəllər gözəli oldum,

İndisə qızların ən çirkiniyəm.

Yudum gözlərimdən sənin əksini,

Həsrətə açılmış çətir kimiyəm.

Səndən qalan nə var silib atmışam.

Əlimdə, üzümdə izin qalmayıb.

Boynumda öpdüyün bircə xal qalıb,

Onu da görməyə gözüm qalmayıb.

Daha gecələri aya baxmıram,

Sarılıb zülmətə halay çəkirəm.

Kədərin gözünün içinə baxıb,

Dərdimin üzünə qalay çəkirəm.

Necə də rahatam?! – Özümə matam.

Sənsiz də yaşaya bilərəm demək.

Səni unutmaqçün hər gün bir yeni

Bəhanə tapmasam, ölərəm demək.

Turac Hilal

Bunu hardan biləcəksən?

Ürəyimi doğrayan qəm,

Suya həsrət səhraya tən,

Doğulandan tənhayam mən,

Bunu hardan biləcəksən?

Əllərimdə qızıldan teşt,

Yaşayıram cavabsız eşq,

Qan qusuram mən cəfakeş,

Bunu hardan biləcəksən?

Sən yaxında, mən uzaqda,

Xəzanam yaşıl budaqda,

Əllərim donur sazaqda,

Bunu hardan biləcəksən?

Ruhum talana-talana,

Doğrunu qatdım yalana,

Atəşinlə kül olana,

Bunu hardan biləcəksən?

İllərlə gözlədim səni,

Nə qədər izlədim səni,

Qəlbimdə gizlədim səni,

Bunu hardan biləcəksən?

Murad Məhərrəmov

Ana

Mənim övladlarım nənə görmədi,

Ölüm möhür vurdu yaşına, ana.

Bu dünya fırlanır başıma mənim,

Dolana bilmirəm başına, ana.

Xəyala dalıram, başım qarışır,

Bir dəli həsrətdən alnım qırışır.

Tər güllər, çiçəklər yaman yaraşır,

Sənin kipriyinə, qaşına, ana.

Bu daşdan, torpaqdan, qazandım, yedim,

Sənsiz bu çiçəklər, bu güllər yetim,

Gülümsər üzünü görə bilmədim,

Həsrətəm gözünün yaşına, ana.

Dünyaya gələndən ozanmışam mən,

Laylandan şairlik qazanmışam mən.

Ayağın altında uzanmışam mən,

Söykənib qəbrinin daşına, ana.

Cəbrayıl, dünyada möcüzələr var,

Kim səni anlayar, kim səni qınar?

Bir parça torpağa sığmaz analar,

Nə deyim bu saxta arşına, ana!..

Cəbrayıl Hüseyn

Ana andın, ana andın

Sənsiz həyat heç bilmirəm nəyimə gərək, mənim anam,

Sevincə də, fərəhə də möhtac ürək, mənim anam.

Zəhmət çəkdin tarlalarda, ər kişilər susdu sonam,

Bülbül nəğmə oxuyanda səni andım, səni andım.

Bülbüllərin güllər üstə ürək açan zənguləsi,

Qırqovulun “boz” yanında mizrab vuran qanad səsi.

Anaların beşik üstə layla deyən bal nəğməsi,

Gül-çiçəklər qoxuyanda səni andım, səni andım.

Həyat qəmli, həyat qaynar, həyat coşqun, sular daşar,

Ömür keçər karvan-karvan, saç ağarar, göz yaşarar.

Şəlalələr qayalarda salxımlanar nəğmə qoşar,

Sinəm coşub, çağlayanda səni andım, səni andım.

Maral qaçıb can qurtarar təşvişlərdən od alanda,

Qorxu keçər ürəyindən qayalardan yol salanda,

Ana, sənin zəhmətini hər bir zaman mən ananda,

Qəlbim kədər toxuyanda səni andım, səni andım.

Sənsiz mənə qalan dünya bilməm axı nəyə lazım,

Köksün altda yatıb qalan neçə dilək, neçə arzun.

Ürəyimdən keçənləri indi sənsiz necə yazım,

Qəm sinəmi dağlayanda səni andım, səni andım.

Sən köçəcək bu dünyadan, boş qalacaq yerin hər an,

Kövrəldəcək gəlişiylə bizi gələn bayram, filan.

Biz də sənə gələcəyik il ötdükcə zaman-zaman,

Bizi haqqa bağlayacaq ana andın, ana andın!

Rüstəm Məbudoğlu

***

Ümidlər ilə dolu açsam da səhərimi,

Tapıb qoya bilmirəm cibimə cib dəftərimi.

AdınıÜzüyümün qaşı düşüb”dü qoyub,

Nisgilə qərq etmişəm yazdığım əsərimi.

Sinəm üstə saxlayıb, yerə qoya bilmirəm,

Qələmdən, sözdən olan qəməmi, xəncərimi.

Təzəcə qanadlanıb, uçmaq meylində idim,

Qıran ölmüş qıranda qolumu, şahpərimi.

Qaranı ustalıqla tikib verdi ki, al, gey,

Korladı naşı dərzi alımı, əhmərimi.

Gedəsi olubdu ləl, zər ömründən nə qədər,

Zərgər edənə qədər vazt, zaman zərgərimi.

Taleyin qarasını heç cür ağartmaq olmur,

Ona görə çəkmişəm bəxt üstdən nəzərimi.

Çıxıbdı qabığından, dərisindən kürəyim,

Çıxıb isti “təndir”edən soyudunca tərimi.

Tamam, təşəkkür edən, “sağ ol” deyənlərin var,

Azaltmayıb çəkdiyim əzablar dəyərimi.

Tamam Nur Tağlabiyanlı

Onda öləcəm

Haçan tamam yanıb qovrulacağam,

Kül kimi küləklə sovrulacağam,

Dünyaya baxmaqdan yorulacağam,

Onda öləcəm.

Yarı yolda qoymaz ürəyim məni,

Birim, bircəciyim, gərəyim məni,

Qorusa köksüm yox, kürəyim məni,

Onda öləcəm.

Namərdə, yaltağa əl çalmamışam,

Heç kimin önündə alçalmamışam,

Görsəm boyumdan çox ucalmamışam,

Onda öləcəm.

Belədir mənim də hissim, düşünm,

Fikir dəryasıdır gündüzüm, gecəm,

Duysam yaramıram heç nəyə, heçəm,

Onda öləcəm.

Yəqin baş daşımda əksim olacaq,

O da soluxacaq, təslim olacaq,

Sonuncu unudan kəs kim olacaq,

Onda öləcəm.

Ayaz Şəfaqətov

Ölmür

Ümidlər qalanda zamana, vaxta,

Dünənə, sabaha əlim çatmayıb.

Bu gündə dayanıb zaman əlində,

Ömrü davam etdim, hələ bitməyib.

Dünəndə qalıbdı dözümüm, tabım,

Bu günlük səbrim də hələki yetər.

Çəkməyə qalırsa hələ əzabım,

Bəlkə də sabahlar yolunda bitər.

Zamanın dəyişən hər saatında,

Dəqiqə hökmü var, ana bağlıdır.

Vaxt necə yeriyir köhlən atında,

İnsan sabahlara xoş soraqlıdır.

Bitər bu dünyada hər nə var bitər,

Bitməz, zaman adlı zaman dayanmaz.

Bir ömür bu günlük sonuna yetər,

Birdə dönüb geri ölənə yanmaz.

Dünəni, bu günü sabahla birgə,

Bir ömür boyunca daşımaq olmur.

Mehri, bu həyatın qaydası budur,

Bu günü sabahdan başlamaq olmur.

Mehriban İbrahimova

***

(Yaxşılıq itirənlərə)

Ey insan, dəyişib dönürsən, niyə?

İtirirsən olan yaxşılıqları.

Yaxşıya pis deyib danırsan, niyə?

Yeriyirsən hər gün nifrətə sarı.

Yaxşılığa doğru bircə addım at,

Çalış qoy kənara pis xislətini.

Mənim də ürəyim qoy olsun rahat,

Göstər dost yolunda səxavətini.

Dünya narahatdır, bir yaxşı düşün,

İnsanlıq var ikən başqa yol tutma.

Pisliklər içində ötərsə yaşın,

Bir rəhmət oxuyan olmaz, unutma.

Nə olar üzündən təbəssüm yağdır,

Dinib-danışanda dilin qənd olsun.

Qoyma nə qədər ki, o canın sağdır,

Pislik zəhər kimi içinə dolsun.

Hər gün sağlığında qazan bir alqış,

Pislikdə min dərd var, yaxşılıqda can.

Yaxşılıq boynunda qalmasın çalış,

Hamıya pay düşsün bu yaxşılıqdan.

Gülxar Cəbiqızı

İnsan

(Şair Oqtay İsmayıllının əziz xatirəsinə)

Baharın bu gözəl güllü çağında

Torpağın qoynuna çökərmi insan?

Qohumun, əzizin yarın, yoldaşın,

Gözünün yaşını tökərmi insan?

Əlində qələmin, ürəkdə arzun,

Hələ deyilməmiş qalıbdır sözün.

Nədəndir belə tez soldu bənizin,

Qəlbə qəm toxumu əkərmi insan?

Neçə-neçə qəlbə sən saldın kədər,

Heyif, gözəl ömrün tez getdi hədər.

Doğmaların sənsiz yaşar birtəhər,

Sevənlərin boynun bükərmi insan?

Xuraman Baxış

Şərh Yaz