Biri var…                             

 

Hər ömür bir nağıldır, biri var idi, biri yox idi ilə başlayıb, cəmi üçcə alma ilə sona çatan nağıl. Bir kitablığı da var o nağılın, bir neçə sətirliyi də. Amma hər bir halda – səhifələrin, günlərin, ayların, illərin sayından asılı olmayaraq hər nağıl ömür özlüyündə bir kitabdır. Ömrün, həyatın bir dönəmində insan çiyni  üzərindən geri boylanıb o kitabı vərəq-vərəq çevirir, yaşanmış, tarix olmuş səhifələri sətir-sətir, sözbəsöz oxuyur, oxuyur ki, bir daha bilsin: haradan hara gəlib, necə gəlib. Günümüzün qəhrəmanı Sahibə Abdullayeva da bir kitablıq nağıl kimi ömür yaşayıb. 45 ildən çoxu bu Mədəniyyət evində yaşanmış bir ömür.

Və beləcə… Dağların başındakı balaca Bağəli kəndində elə bu kəndin özü kimi sadə bir ailədə dünyaya gəlib. Məni, səni kimi bir uşaqlıq həyatı yaşayıb – ata, ana nəvazişi ilə  böyüyüb, məktəbə gedib, ferma müdiri olan atası ilə tez-tez onlara gələn aşıq Qəribə baxıb çömçəni sinəsinə basıb ara-sıra oxuyub da. Və bu oxumaqda məndən, səndən fərqlənib. Gün keçdikcə bu səsin o səslərdən olmadığını ətrafdakılar da hiss ediblər. Məktəb illərində Əmirxan müəllimin müşayiəti ilə oxuduğu mahnılar da onun fərqliliyini göstərir. Orta təhslini Lahıc məktəbində alan Sahibə rayondakı 138 saylı texniki peşə məktəbinin xalçaçılıq şöbəsinə daxil olur. Heyrətləndiz, bunu eşidəndə mən də heyrətlənmişdim – axı Lahıcın uşağı dünyaya göz açanda xalça toxumağı bacarır. Təbii ki, Sahibə də bacarırdı və peşə məktəbində musiqiyə gedən yolu axtarırdı – səhnəyə gələn yolu… Günlərin bir günü Rayon Mədəniyyət evinin o vaxtkı müdiri, rəhmətlik Əliağa Sədirov məktəbə gəlir, səsi olan gəncləri axtarırmış – rayon mədəniyyət evində təşkil olunmuş bədii özfəaliyyət dərnəklərinin baxış müsabiqəsi üçün. 1976-cı ilin gözəl bir bahar günü Sahibə ilk dəfə səhnəyə çıxır, ilk mahnısını oxuyur və sanki bu mahnı bir ömür yolunun bələdçisi olur, sanki bu mahnı bir ömrün harayı olur: Aman təklik əlindən! İlk ifa, ilk uğur! Rəhmətlik Elman Nəbiyev o zaman rayon mədəniyyət evinin xalq çalğı alətləri ansamblına rəhbərlik edirdi və istedadlı gənclərə qarşı çox diqqətli idi. Və bu diqqət özünü göstərir: Cəmi 1 ay sonra – 1976-cı ilin may ayında Sahibə artıq mədəniyyət evinin ştatlı işçisi olur. Mahnı oxuyub müsabiqə qalibi olur, işə qəbul edilir, amma az sonra başlayır tamaşalarda oynamağa.  Niyə? Gəlin xəyalən də olsa o günə qayıdaq. Rayonda teatr tamaşaları göstərilmirdi – İsmayıllı tamaşaçısı teatrın acı idi. Bunu yaxşı başa düşən,  mədəniyyətə dəyər verməyə mədəniyyəti və bacarığı çatan rejissor Ləyaqət Yusifov bir qrup sənətsevəri başına toplayıb başlayır Cəfər Cabbarlının “Solğun çiçəklər” pyesini səhnələşdirməyə.  Sahibəni az vaxtda tanıyıb gücünə bələd olan Ləyaqət pyesdəki aparıcı rolu – Sara rolunu ona tapşırır. Tamaşa necə keçir, necə rəy yaradır, Sara, Bəhram necə  gurultulu alqışlanır bunları xırdalayıb vaxt almaq istəmirəm, bircə onu deyim ki, uzun illər İsmayıllı tamaşaçısı Sahibəni Sara deyə çağırır. Həmin dövrdə Mingəçevirdə dram dərnəklərinə Respublika baxış müsabiqəsi keçirilir. İsmayıllı burada “Solğun çiçəklər”i təqdim edir və böyük uğur qazanır. Hətta tamaşa o qədər yaxşı qarşılanır ki, münsiflər heyətinə rəhbərlik edən Adil İsgəndərov nə tamaşanın rejissoru Ləyaqət Yusifovun, nə də  artistlərin rayon mədəniyyət evinin sıravi işçiləri olduğuna inanmır, bəlkə rejissor o anda “Bəxtiyar” filmini, “mən tək kontrabasda” nı xatırlayır, kim bilir. Axır ki, tamaşanı araya-ərsəyə gətirənlərin hamısının pasportlarına, qeydiyyat yerlərinə öz gözləri ilə baxır və yenə də tam əmin olmayaraq çiyinlərini çəkir. Bu qədər… Müsabiqənin yekunu İsmayıllı mədəniyyət evinin dram dərnəyinə Xalq teatrı adı verilməsi ilə nəticələnir. Uğurlu başlanğıc onları daha yeni tamaşalara ruhlandırır, bir–birinin ardınca “Unuda bilmirəm”, “Qız atası”, “Yadındamı əsərləri tamaşaya qoyulur. Və son olan “Aydın” pyesi. Aydın  tək Sahibənin yox, həm də Xalq teatrının son tamaşası olur. Yenə pərdə bol tamaşaçı alqışları altında enir və təəssüf ki, bir daha teatr pərdəsi kimi qalxmır. Beləcə, Gültəkin onun son rolu olur. Sahibə xanım getdikcə daha çox hiss edir ki, onun teatr aktirisasından daha çox müğənniliyə həvəsi və bacarığı yetir. Hiss edir ki, onu gözləyən mahnılarını daha çox intizarda qoymamalıdır. Beləcə,

Bu şənlikdən, o şənliyə

Deyilməmiş sözüm qalıb.

Mahnı, şeir xəstəsiyəm,

Külüm altda gözüm qalıb.

Az vaxtda xalq mahnılarımızın, muğam və təsniflərimizin gözəl ifaçısı kimi tanınır. O tədbir olmur ki, Sahibə xanımın səsi oradan gəlməsin. Yazılarda “qırmızı çadır” yazılan, əsil rənginin nə olduğunu xatırlamadığım qırmızı çadırla üzüm bağlarını, xırmanları, fermaları,  heyvandarlıq komplekslərini gəzib konsert verməkdən yorulmayan Sahibə Mahnı bayramlarının, Ailə bayramlarının, Sağıcı, maldar üzümçü günlərinin, çoban bayramlarının, daha nələrin, nələrin ağırlığını da sənət dostları ilə birlikdə o zərif çiyinlərində inamla daşıyırdı. Yorulmadın? – deyə soruşanda bilirsiz nə cavab verirdi?: Nə yorulmaq, canım, insan yorulanda musiqiyə qulaq asır ki, yorğunluğu çıxsın, mən  musiqi içində yorğun düşüm?!!”  Bayyy, toylar yadımdan çıxdı Sahibəsiz toy olar?!! Ancaq nə toy, nə əlavə qayğılar Sahibəni və musiqiçi yoldaşlarını əsas işlərindən uzaq sala bilməyib – mədəniyyət evinin pərdəsi istənilən vaxt qalxa bilər – onlar eynən Sovet dövrünün pioneri kimi həmişə nümunəvi çıxışa hazırdırlar!

Qarabağ savaşı getdiyi illərdə Sahibənin və musiqiçi dostlarının Qırmızı çadırı da, səhnəsi də cəbhə bölgələri, qospitallar oldu. Elə bir cəbhə bölgəsi, elə bir hərbi xəstəxana olmadı ki, Sahibənin səsi orada eşidilməsin, vətənpərvərlik, qəhrəmanlıq mahnıları ilə çıxış etməmiş olsun. O gedişlərdən təkcə biri haqqında söz açacam Sizə. Yaddaşım məni aldatmırsa  1992-ci il idi, döyüşlərin qızğın çağı. Gəncədəki hərbi qospitallara getmişdik. Qospitalın həyətinə girəndə ağı səsi eşitdik, kişi səsi idi və ağı deyirdi, aşkar ağı idi. O səsin izi ilə ikinci mərtəbəyə qalxdıq, dəhlizin ortasına qoyulmuş çarpayıdan qalxırdı səs. Yaxınlaşdıq, cavan bir əsgər idi. Öyrəndik ki, dünənki döyüşdə ağır yaralanıbmış, həkimlərin hədsiz səyinə baxmayaraq bir ayağı dizdən kəsiləsi olub. Zakir adlı bu oğlan narkozdan az əvvəl ayılıb qılçasının kəsildiyini bilmişdi və indi kəsilmiş ayağı üçün dil deyirdi. Baş həkim daxil hamı yığışıb ona təsəlli versə də Zakir sakitləşmirdi. Biz də onlara qoşulduq, ancaq… Sahibə diz üstə çöküb Zakirin şaxtadan çat-çat olmuş əllərini əlinə aldı, öpdü, oxşadı o əsgər əllərini, dil tökdü, sonra da ona qoşulub hönkür-hönkür ağladı. Və birdən huşunu itirdi. Göz yaşları üzünün ağını qarasına, qırmızısını göyünə qatmışdı. Xərəkdə həkim otağına aparılan Sahibənin bu halını görəndə yol boyu dayanmadan məşq edən, əsgərlərlə görüşü həmişəki kimi səbirsizliklə gözləyən bu zərif ürəkli xanımın yerinə mən hədsiz təəssüfləndim. Təəssüfləndim ki, bu halı ilə sözsüz ki, daha oxuya bilməyəcək. Artıq qospitalın həyətində konsert başlamışdı, Məhəbbət İbrahimov gözəl bir şeir deyirdi, ardınca oynaq bir mahnı oxundu,  bizimlə gedənlər əsgərlərlə qolboyun oynayırdılar. Mən də əvvəlki əhvalruhiyyədə deyildim və palataları gəzib yaralı əsgərlərimizlə söhbət edirdim. Zakir isə yenə nalə çəkirdi – musiqi belə onun səsini eşidilməz edə bilməmişdi. Bir azdan həyətdən Sahibənin səsini eşitdim, oxuyurdu, vallah oxuyurdu, ani olaraq duruxdum, yəqin ki, lentdir, fikirləşdim. Pəncərəyə yaxınlaşanda məəttəl qaldım: Sahibə idi, canlı, ayaqları üzərində şamşax durmuş Sahibə. Bapbalaca ürəyinə daş bağlayıb dağlar kimi vüqarla dayanmış  dağlar qızı! Ən maraqlısı o anda nə oldu, bilirmisiz?! Bir qospital insanın kiridə bilmədiyi Zakir Sahibə xanım oxumağa başlayandan azca sonra yavaş-yavaş səsini kəsdi, daha sonra isə tibb bacısını çağıraraq çarpayını pəncərənin qarşısına çəkib pəncərəni açmağı xahiş etdi. Sahibənin səsinin sehrini onda bir daha anladım.

Sahibə özü demiş, şeir, musiqi xəstəsidir, ömrünü büsbütün İsmayıllının mədəni həyatına həsr edib desək yəqin hamınız bunun həqiqət olduğunu təsdiqləyərsiz. Və heç vaxt sadəcə, sıradan bir müğənni olmayıb, rayonun ictimaisiyasi həyatında həmişə fəal iştirak edib. Təbliğat-təşviqat qruplarında həmişə adı və fəaliyyəti ilə ön sıralarda olub. Olub, olur və Sahibə Sahibədir – yəqin ki, nə qədər ömrü var yenə elə beləcə olacaq. Bu vətənpərvər el qızı sinəsində sadəcə bir ürək yox, eli, müstəqil Azərbaycanı üçün şam kimi yanan, əriyən bir ürək gəzdirir və nə edirsə də ürəklə, Vətən sevgisi ilə edir. Doğulduğu o ucqar, o uzaq dağ kəndindən başlayıb sərhədlərimizdə qərar tutan Vətən sevgisi ilə. Bu vətən də vətənpərvər qızına lazımi qiyməti verib, – Fəxri fərmanlar, Tərəqqi medalı və ən nəhayət, Əməkdar Mədəniyyət işçisi fəxri adı.

Ancaq Sahibə əsil mükafatı mərd oğullarımız Şuşanı, Qarabağı azad edəndə aldı, “Dəmir yumruq” sahibi “Şuşa, sən Azadsan”, “Qarabağ Azərbaycandır!” – deyəndə aldı. Mədəniyyətimizin beşiyi Şuşaya – Cıdır düzünə o şaqraq, o gözəl səsi yayılanda aldı – hərbi hissələrdə, döyüş bölgələrində, hərbi hospitallarda konsert verəndə dilədiyi diləyə də çatdı, Qalib əsgərlərlə azad Şuşada yallı da getdi.

Diləklərinin çin olduğu gün mübarək olsun, dağlar qızı!

Lətifə Əliyeva,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

 

 

Şərh Yaz