2022-ci ilin yanvar-mart aylarında İsmayıllı rayonunun sosial, iqtisadi inkişafı 

       

 

2022-ci ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilkin məlumatlara əsasən nominal ifadədə 54357,4 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 43,8 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 49,0 faiz artaraq 617,2 manata çatmışdır. Məhsul və xidmətlərin 62,6 faizi istehsal sahələrinin, 37,4 faizi isə xidmət sahələrinin payına düşür.

Hesabat dövründə sənayedə 5190,6 min manatlıq və ya ümumi məhsulun 9,5 faizi kənd təsərrüfatı, meşəçilik və balıqçılıqa 14374,8 min manatlıq (müvafiq olaraq 26,4 faiz), tikintidə 14437,9 min manatlıq (26,6 faiz), informasiya və rabitədə 346,2 min manatlıq (0,6 faiz), nəqliyyat və anbar təsərrüfatında 780,4 min manatlıq (1,4 faiz), ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 19227,5 min manatlıq (35,5 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.

Keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə sənaye istehsalı 32,5 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 0,3 faiz, tikinti sahəsi 14,3 dəfə, nəqliyyat və anbar təsərrüfatı 42,5 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 10,3 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sektoru isə 4,0 faiz artmışdır.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın sayı 2,7 faiz azalaraq 40803 baş, qoyun-keçilərin sayı 1,8 faiz azalaraq 147692 baş, donuzların sayı isə 17,8 faiz azalaraq 125 baş olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən 2022-ci ilin yanvar-mart aylarında ət istehsalı (diri çəkidə) 1 ton, süd istehsalı 7 ton, yumurta istehsalı 5 min ədəd artmışdır. Hesabat dövründə 1343 ton diri çəkidə ət, 9143 ton süd, 2760 min ədəd yumurta  istehsal olunmuşdur.

Yaz-tarla işlərinə başlanılmış və 2022-ci ilin yanvar-mart aylarında 917 hektar sahədə və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə 36,7 faiz az yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 152 hektar sahədə dənlilər və dənli paxlalı bitkilər, 615 hektar sahədə kartof, 108 hektar sahədə tərəvəz, 42 hektar sahədə kölgəliksiz çoxillik otlar əkilmişdir.

2022-ci ilin yanvar-mart ayları ərzində sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 5190,6 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında 32,5 faiz artma müşahidə olunmuşdur. Hesabat dövründə əvvəlki ilin eyni dövründən 1,0 faiz çox, 20,0 milyon kilovat saat elektrik enerjisi, 17,6 milyon kub metr qaz istehlak olunmuşdur.

2022-ci ilin ilk üç ayında 4104,5 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur. Hesabat dövründə əsas kapitala 8120,6 min manatlıq investisiya yönəldilmişdir ki, bu göstərici  əvvəlki ilin eyni dövrü ilə müqayisədə 77,5 faiz artmışdır. Tikinti təşkilatları tərəfindən 14437,9 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrüdən 13542,8 min manat çoxdur.

2022-ci ilin yanvar-mart aylarında rayon əhalisinə 59528,0 min manatlıq istehlak malları satılmış, 7099,0 min manatlıq əhaliyə ödənişli xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5,2 faiz çox  təşkil etmişdir.

Hesabat dövrüdə informasiya və rabitə xidmətlərinin həcmi 346,2 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründən sabit qiymətlərlə 10,3 faiz çoxdur.

2022-ci il martın 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 8706 nəfər təşkil etmişdir ki, onlarında 5328 nəfəri dövlət mülkiyyətində, 3379 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlardır. Bir işçinin orta aylıq nominal əməkhaqqı ilkin məlumatlara əsasən 497,40 manat təşkil edərək, keçən ilin müvafiq dövründən  11,5 faiz  yüksək olmuşdur.

 Əziz Əzizov

Şərh Yaz