Rayon rəhbəri sahibkarlarla görüşüb                   

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov rayondakı bir qrup sahibkarla görüş keçirib.

Görüşdə başçı sahibkarların fəaliyyətinə mane olan amillər və onları narahat edən digər məsələlərlə maraqlanıb. O, Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitdən söz açaraq icra qurumlarının iş adamlarına lazımi kömək göstərməsinin zəruriliyini qeyd edib. Bildirib ki, bu görüşün əsas məqsədi də  sahibkarlıq işində mənfi halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasıdır.

Rayon rəhbəri gələcəkdə rayonda həyata keçiriləcək infrastruktur layihələri barədə məlumat verib, sahibkarlıq subyektlərinin günün tələblərinə uyğun yenilənməsi, fəaliyyətlərində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işlərinin aparılmasının əhəmiyyətini qeyd edib.

Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə çıxış edən sahibkarlar fəaliyyət dairələrinin genişləndirilməsi, yeni iş yerlərinin açılması ilə bağlı görüləcək işlərdən danışıb, bu istiqamətdə təkliflərini irəli sürüb, onlara göstərilən dövlət qayğısından razı olduqlarını və buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Şərh Yaz