Həmrəyliyimiz gündən-günə inkişaf edəcək və möhkəmlənəcək             

 

Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi, dünya azərbaycanlılarının həmrəyliyinin bariz nümunəsi olmaqla yanaşı, həm də çox mühüm mənəvi, siyasi əhəmiyyət kəsb edən qürurverici bir tarixi hadisə oldu. Dünya azərbaycanlıları bütün dünya ictimaiyyətinə əyani şəkildə bir daha göstərdilər ki, bu xalq öz Prezidenti ətrafında sıx birləşməyi, həmrəy olmağı gözəl bacarır.

Qurultayın gedişini diqqətlə izlədikdə gördük ki, keçirilən Zəfər Qurultayı bir sıra məsələlər baxımından çox əlamətdar oldu. Qurultayda Azərbaycan diasporunun qarşısına yeni vəzifələr qoyuldu, növbəti illər üçün fəaliyyət planı müəyyənləşdirildi. Qələbəmizin memarı, qətiyyətli, uzaqgörən, müdrik lider, Prezident cənab İlham Əliyev Zəfər Qurultayındakı tarixi nitqində Ermənistandakı revanşist qüvvələrə, onların havadarlarına növbəti dəfə mühüm mesajlar göndərdi. Cənab Prezident Şuşada qurulmuş ali kürsüdən bir daha bəyan etdi ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması Ermənistan üçün son şansdır. Yaxşı olar ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən nəticə çıxarsın, arabir baş qaldıran revanşist qüvvələrin təxribatlarının Ermənistan üçün hansı ağır nəticələri ola biləcəyini anlasın.

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı təqdirdə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü tanımayacağını vurğulayan dövlətimizin başçısı, Ermənistan hakimiyyətinin ölkəmizin Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqları qəbul etməli olduğunu da diqqətə çatdırdı. Artıq erməni cəmiyyəti də yaxşı anlayır ki, Ermənistandakı mövcud revanşist qüvvələr və onların pozuculuq fəaliyyəti Ermənistanı məhvə sürükləyir. İllərdir erməni cəmiyyətini yalanları ilə aldadan bu revanşist qüvvələr, həm İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətin, həm də mövcud iqtisadi, siyasi, sosial böhranın əsas səbəbkarlarıdır.

Şuşada keçirilən Zəfər Qurultayı milli həmrəyliyimizin dünyaya nümayişi, diaspor təşkilatlarının fəaliyyətinin inkişafına təkan verilməsi və digər bir sıra möhtəşəm hadisələr baxımından da çox əlamətdar oldu. Belə qürurverici anları rəhbərlik etdiyi ölkənin vətəndaşlarına yaşadan, bizi qalib xalqa çevirən Prezident cənab İlham Əliyevdir. Onun həyata keçirdiyi müdrik daxili və xarici siyasət nəticəsində birliyimiz, həmrəyliyimiz gündən-günə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Ş.Soltanov

Şərh Yaz