Beynəlxalq abidələr və tarixi yerlər qorunmalıdır
14 aprel 2022-ci il tarixdə İsmayıllı rayon Mərkəzi Meydanında 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli, Rayon İcra Hakimiyyətinin əməkdaşları, digər müəssisə və idarələrin rəhbərləri və əməkdaşları iştirak ediblər.
İlk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub və onun əziz xatirəsi ehtiramla yad olunub.
Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunan bu günün məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur.
İsmayıllı rayon Mərkəzi Meydanında keçirilən konsert proqramında “Niyal” instrumental ansamblının solistləri, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin “Çingiz” ritm və xoreoqrafiya qrupu, “İsmayıllı inciləri” rəqs qrupu çıxış ediblər, onların çıxışları izləyicilərdə xoş təəssüratlar yaradıb və Mərkəzi Meydanda nümayiş olunan sərgiyə baxış keçirilib.
Tədbirin rəsmi hissəsi İsmayıllı rayon Heydər Əliyev Mərkəzində keçirilib. Rəsmi hissədə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Tərxan Tahirli və Samir Zülfiyev çıxış ediblər.
Nurtən Əkbərova