İdeoloji işinin gücləndirilməsi günün tələbidir
İsmayıllı Heydər Əliyev Mərkəzində rayonda “İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun təbliğat işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan görüşdə təbliğat qruplarına daxil olan idarə, təşkilat, müəssisə rəhbərləri, habelə şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak ediblər.
Tədbirin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatlandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq, RİH başçısının Sərəncamı ilə yaradılmış təbliğat qruplarının maarifləndirmə işini daha da gücləndirməkdir.
Tədbirdə çıxış edən RİH başçısının müavini Sevil Əhmədova Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2021-ci il 186 nömrəli Sərəncamına əsasən yaradılmış təbliğat qruplarının üzvlərinin üzərinə düşən məsuliyyətin əhəmiyyətini qeyd edib.
Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsinin, möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsinin zəruri olduğunu vurğulayıb.
Qeyd olunub ki, təbliğat qrupları İdeoloji Maarifləndirmə Konsepsiyasına uyğun olaraq geniş əhali kütləsi arasında, gənclərlə görüşlər zamanı Ulu Öndərin irsinin öyrənilməsi, Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, Müzəffər Ali Baş Komandan-xalq-ordu birliyi, azərbaycançılıq, Vətən müharibəsi zəfəri mövzularına toxunmalı və maarifləndirmə işini gücləndirməlidirlər.