Vətənpərvərlik və vətandaşlıq mövqeyi                     

 

31 mart 2022-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə birgə “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq dəyirmi masa keçirilib. Tədbirdə İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova, İsmayıllı rayon Gənclər və İdman idarəsinin əməkdaşları Fərhad Qurbanov və Elmi Məmmədli, İsmayıllı rayon Topçu kənd tam orta məktəbin tarix müəllimi Rəşadət Abdulov və məktəblilər iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik və vətandaşlıq mövqeyinin  gücləndirilməsi, ”Azərbaycanlıların Soyqırımı Günü”nün mahiyyəti barəsində gənclərə geniş məlumat vermək olub.

İlk öncə soyqırım qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışçılar qeyd edib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Sonda o da qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məsuliyyəti bugünkü gənc nəslin üzərinə düşür.

 

Şərh Yaz