Zaman dəyişir, düşmən dəyişmir           

 

Erməni millətçilərinin xalqımıza qarşı apardığı təcavüz, zorakılıq, soyqırım uzun bir tarixə malikdir. Bu qəsbkarlarının torpaqlarımıza təcavüzü qondarma “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə bağlıdır.

Bu istiqamətdə ən dəhşətli hadisələr 1918-ci ildə baş vermişdir. Həmin fəlakətin qəddar lideri Stepan Şaumyan olmuşdur.

Bakı Sovetinin rəhbərliyi milli qırğın törətməklə Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilmiş. Musavat partiyasının sosial bazasını zəiflətməyə və Azərbaycan milli hərəkatına divan tutmağa çalışırdı.

Mart ayının 15-də Bakı Sovetinin iclasında Şaumyanın “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” göstərişi əslində azərbaycanlılara qarşı soyqırıma başlamaq üçün çağırış rolunu oynadı.

Milli qırğını başlamaq üçün isə bəhanə martın 24-də şəxsi heyyəti müsalmanlardan ibarət olan “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnaq dəstəsi müsəlmanlara ilk atəşi açdı. Bakıda qırğın aprelin 2-si gecədən xeyli keçənədək davam etdirdi.

S.Şaumyan aprelin 13-də Leninə yazdığı məktubunda daşnakların milli qırğında iştirakının bolşeviklər tərəfindən qəsdən təşkil olunduğunu etiraf etmişdir.

1918-ci il mart soyqırımı baş verdiyi zaman İsmayıllı rayonunun ərazisi Bakı quberniyasının Şamaxı qəzasının tərkibində olmuşdur. Odur ki, rayonumuzun əhalisi də erməni vəhşiliklərinin qurbanına çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış soyqırımı tədqiq edən Komissiya Şamaxı qəzasında ermənilər tərəfindən qətlə yetrilmiş azərbaycanlıların kəndlər üzrə sayını dəqiqləşdirilmişdir. Həmin siyahıda İsmayıllının kəndləri də daxil edilmişdi.

İsmayıllı rayonunun kəndləri üzrə 1918-ci il mart qurbanları haqqında məlumatlar:

  1. Tircan – 360 nəfər: 300 nəfər kişi, 40 nəfər qadın, 20 nəfər uşaq; 2. Mücü – 225 nəfər: 150 nəfər kişi, 50 nəfər qadın, 25 nəfər uşaq; 3. Bizlan – 100 nəfər: 50 nəfər kişi, 30 nəfər qadın, 20 nəfər uşaq; 4. Qıçatan – 71 nəfər: 30 nəfər kişi, 20 nəfər qadın, 21 nəfər uşaq; 5. Sulut – 43 nəfər: 38 nəfər kişi, 1 nəfər qadın, 4 nəfər uşaq; 6. Zeyvə – 82 nəfər: 30 nəfər kişi, 20 nəfər qadın, 32 nəfər uşaq; 7. Tağlabiyan – 36 nəfər: 7 nəfər kişi, 22 nəfər qadın, 7 nəfər uşaq; 8. Kürdüvan – 22 nəfər: 10 nəfər kişi, 5 nəfər qadın, 7 nəfər uşaq; 9. Zərnəva – 49 nəfər: 40 nəfər kişi, 4 nəfər qadın, 5 nəfər uşaq; 10. Xankəndi – 20 nəfər: 12 nəfər kişi, 8 nəfər qadın; 11. Sərdahar – 28 nəfər: 26 nəfər kişi, 1 nəfər qadın, 1 nəfər uşaq; 12. Maçaxı – 8 nəfər; 13. Kürdmaşı – 68 nəfər; 14. Diyallı – 36 nəfər; 15. Talıstan -24 nəfər…

Siyahıdan göründüyü kimi bunlardan da ən çox əhalisi qətlə yetirilən Tircan kəndidir.

Bu kənddə – 360 nəfər soyqırımın qurbanı olmuşdur. 300 nəfər kişi, 40 nəfər qadın, 20 nəfər uşaq.

Tircan kəndində baş verən soyqırımın şahidlərinin dediklərindən.

Tircan kəndinin əhalisinin içməli suyu kürə vasitəsi ilə gəlirdi. Ermənilər meşədə suyun istiqamətini dəyişmiş, əsir götürdükləri tircanlıların başını kəsərək qanlarını bu kürə ilə kəndə axıtmışlar. Yaşlı bir Tircan sakini atasının ermənilər tərəfindən qılıncla yaralandığını və onun yarasını bir qadının tikərək müalicə etdiyini danışır.

82 yaşında vəfat edən bir qadın qeyd edirdi ki, o soyqırım zamanı körpə olub. Ermənilər onu tüfəngin süngüsünə sancaraq kol içərisinə atmışlar. Sağ qalan kənd əhalisi onu taparaq böyütmüşlər.

Bu gün bütün dünyada yaşayan azərbaycanlılar bu soyqırımı yad edirlər.

Lakin hamıdan fərqli olaraq Tircan camaatı bu gün 2 faciəni qeyd edir – biri mart soyqırımı, digəri isə Tircan kənd tam orta məktəbinin adını daşıdığı şəhid Musa Piriyevin şəhid olduğu günü.

Musa Piriyev I Qarabağ müharibəsi zamanı, martın 30-da Ağdərə uğrunda gedən döyüşlərdə ağır yalalanmış və Bakıya çatdırılsa da dünyasını dəyişmişdir. Mart ayının 31-də dünyaya göz açdığı Tircan kəndində torpağa tapşırılmışdır.

XX əsrin əvvəlində Mart soyqırımında ermənilər tərəfindən qətlə yetirilən tircanlıların nəvə və nəticələri əsrin sonunda yenidən erməni gülləsi ilə şəhid oldular.

Bəli, tarix təkrar olunur.  Zaman dəyişsə də düşmənimiz dəyişməyir.

Bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, soyqırımlar zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev, Güclü Ordumuz və bir yumruq kimi birləşən xalqımıdır.

44 günlük müharibə şanlı qürur mənbəyimiz olaraq qalacaq!  Lakin tarix boyu xalqımıza qarşı törədilən cinayətləri heç vaxt unutmayaq. Hər zaman Ulu Öndər Heydər Əliyevin sözünü xatırlayaq. “ Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər.

Allah bütün şəhidlərə rəhmət eləsin.

Gülyanaq Əliyeva,

İsmayıllı rayonu Musa Piriyev adına Tircan kənd tam orta  məktəbinin tarix müəllimi

 

Şərh Yaz