Gənclərə sağlam həyat tərzi aşılanır                   

 

3 aprel 2022-ci il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində şəhid idmançı Tural Şıxızadənin xatirəsinə həsr olunmuş İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin (Gİİ) və Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə pauerliftinq idman növü üzrə rayon birinciliyi keçirilib.

Tədbir şəhidlərin xatirəsini yad etmək, pauerliftinq idman növü üzrə perspektivli idmançıları aşkarlamaq, onların arasında dostluq əlaqələrini möhkəmləndirmək, gənclərə sağlam həyat tərzi aşılamaq məqsədini daşıyıb.

Əvvəlcə Vətənin azadlığı, suverenliyi və bütövlüyü uğrunda canlarından keçən vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

İsmayıllı Rayon Gİİ-nin rəisi Taleh Salehov iştirakçıları salamlayaraq qeyd edib ki, Azərbaycanın sürətli inkişafı, cəmiyyət həyatının bütün sahələrində əldə edilən nailiyyətlər idman sahəsində də özünü bariz şəkildə göstərir. Ümumiyyətlə, ölkəmizdə idmanın inkişafı mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın və dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Sonda idarə rəisi onu da bildirib ki, ölkəmizdə aparılan uğurlu idman siyasəti sayəsində pauerliftinq də xeyli inkişaf edib. Pauerliftinqin inkişafı Olimpiya idman növü olan ağır atletikanın da inkişafına təkan verir.

Tədbirdə çıxış edən İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD-i üzrə nümayəndəsi Əlişir Süleymanov, cüdo idman növü üzrə məşiqçi-müəllim Əkbər Şəfaqətov, şəhid idmançı Tural Şıxızadənin anası Könül Şıxıyeva, poverliftinq üzrə məşqçi-müəllim Eldəniz Əhmədov, qol güləşi üzrə məşiqçi-müəllim Vüsal Qəzənfərov, Diyallı kənd ictimaiyyəti nümayəndələri şəhidin keçdiyi qısa və mənalı həyat yolundan danışıblar.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Tural Şıxızadə ölümündən sonra “Vətən uğrunda”,  “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə yüksək nəticə əldə edən iştirakçılar tədbir təşkilatçılarının diplom və  medalları ilə təltif olunublar.

 

Şərh Yaz