“Yurdun igidləri” sənədli filminin təqdimat mərasimi keçirilib         

 

“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurdun igidləri” sənədli filminin çəkilişləri başa çatdırılıb.

4 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində “Yurdun igidləri” sənədli filminin təqdimat mərasimi keçirilib.

Sənədli film polkovnik-leytenant Ruslan Tağıyev, baş leytenant Famil Əhmədzadə və əsgər Aqil Mirzəliyevin timsalında Vətən torpaqlarının erməni işğalından azad edilməsində canlarını qəhrəmancasına qurban verən igid eloğlularımızın keçdiyi həyat və döyüş yolunu ümumiləşdirilmiş şəkildə əks etdirir.

Layihənin rəhbəri Şahməmməd Soltanov filmə baxışdan öncə etdiyi çıxışda bildirib ki, bu işdə qarşıya qoyulan məqsəd 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı və döyüş yollarını nümunə göstərməklə yanaşı, Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəsildə vətənpərvərlik hisslərinin artırılmasına, Azərbaycan Ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmlənməsinə, nəhayət, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında milli birliyin daha da güclənməsinə nail olmaqdır.

Tədbirdə şəhid valideynləri və ailə üzvləri, İsmayıllı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin şagird,  müəllim  və tələbələrinin bir qrupu, rayon ziyalıları, həmçinin KİV nümayəndələri iştirak ediblər. İştirakçılara filmin video-çarxı paylanıb.

Sənədli filmə baxışdan sonra ətrafında razılıqdan doğan fikir mübadiləsi aparılıb. Çıxışlarda şəhidlərlə bağlı film çəkilişlərinin davamlı olmasına diqqət yetirilməsi arzu kimi səsləndirilib. Layihənin icrasına göstərdiyi  maliyyə dəstəyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və digər əməyi keçən tərəflərə minnətdarlıq ifadə olunub.

İsmayıllı xəbərləri”

Şərh Yaz