Suyun gigiyenik əhəmiyyəti və yoluxucu xəstəliklərin yayılmasında rolu            

 

Su xarici mühitin ən mühüm elementlərindən biri olub, insan, heyvan və bitkilərin həyatı üçün vacibdir. Ətraf mühit obyektləri  içərisində oksigendən sonra su insan həyatı üçün lazım olan ikinci vacib  maddədir. Yer  kürəsinin su ehtiyatları 1,4 milyard km. təşkil edir.

Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf  Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə  bağlı öhdəliklər götürüb.

Hamı üçün təmiz suyun əlçatanlığının təmin olunması  arzu etdiyimiz dünyanın ən vacib  elementlərindən biridir. Buna nail olmaq üçün planetdə kifayət qədər şirin su ehtiyatı vardır.

Su orqanizmin fizioloji tələbatını ödəməklə yanaşı, həm də gigiyenik əhəmiyyət kəsb edir. Müasir  abadlaşdırılmış şəhərlərin hər bir sakininə gün ərzində 150-500 l və daha artıq miqdarda su verilməlidir. Su öz gigiyenik rolunu o zaman yerinə yetirə bilər ki, o müvafiq keyfiyyət göstəricilərinə   malik olsun, onun orqanoleptik göstəriciləri, kimyəvi tərkibi və mikrosferası insanların sağlamlığı üçün  təhlükə törətməsin. Hər il əksəriyyət uşaqlar olmaqla minlərcə insan qeyri-kafi su təchizatı, sanitariya və  gigiyena ilə bağlı yaranan xəstəliklərdən əziyyət çəkir. Dünya əhalisinin təxminən 20 faizi təhlükəli  içməli sulardan istifadə edir.

Qeyd etmək lazımdır ki, yoluxucu xəstəliklərin əksəriyyəti məhz su ilə yayılır. Su vasitəsi ilə yayılan infeksiyalar dünyadakı bütün ölüm səbəbləri arasında ikinci sırada yer alır. Patogen mikroorqanizmlər uzun müddət suda qalma və çoxalma xüsusiyyətinə malikdirlər. Belə mikroorqanizmlər düşdükləri su mühitindən asılı olaraq 3 gündən 180 günədək yaşamaq xüsusiyyətinə  malikdir.

Su vasitəsi ilə helmintozlar, vəba, qarın yatalağı, dizinteriya, parotit leptospiroz, tulyaremiya, hepatit A  xəstəliklərinə yoluxma mümkündür.

Praktik olaraq bütün kəskin bağırsaq infeksiyalarının törədiciləri yüksək dayanıqlığı ilə fərqlənir. Su  vasitəsi ilə yoluxan xəstəliklərin törədiciləri orqanizmə ağız vasitəsi ilə qəbul edilən qida, çirklənmiş su və çirkli əllərdən düşür.

Bağırsaq infeksiyalarının profilaktikası sanitar-gigiyenik tədbirlərin gözlənilməsi, su təchizatının düzgün təşkili, çirkli suların təmizlənməsi və zərərsizləşdirilməsi, yaşayış yerlərinin sanitariya təmizliyinə əməl   edilməsi yolu ilə həyata keçirilir.

Su epidemiyalarının təhlükəsinin aradan qaldırılması və əhali arasında bağırsaq infeksiyalarının  azaldılması su təminatı sahəsində olan  inkişafla əlaqədardır. Buna görə də əhali arasında sanitar-maarifləndirmə  işinin  aparılması  bağırsaq infeksiyalarının yayılmasının qarşısını almaq üçün həyata  keçirilən ən vacib tədbirlərdən biridir.

X.Qəmbərov,  

İsmayıllı Rayon Gigiyena və Epidemilogiya Mərkəzinin direktoru

 

Şərh Yaz