Poeziyası ürəklərə yazılmış sənətkar

 

Mən yoxamsa dünya da yox

Biz olduqmu yalan olan

                              Musa Yaqub

 

Elə bil ki, dünənin işidir- keçən il may ayının 8-də xalq şairimiz Musa Yaqub mələklərin çiynində həmişə duyğulu bir şəkildə vəsf etdiyi müqəddəs torpağa tapşırıldı. Diqqəti çəkən budur ki, bu böyük şəxsiyyət sanki bütövlükdə bahar ömrünü yaşadı. Yazın ürəkaçan, gül fəsli olan may ayının 10-da anadan olmuşdur. Ulu Tanrıdan möhlət alıb  iki gün də yaşasaydı doğum gününün 84 illiyini qeyd edəcəkdik.  Yalnız ondan təsəlli tapırıq ki,  bu böyük sənətkar gələcək nəsillərə özündən sonra zəngin  ədəbi irs   qoyub getmişdir.

Şairin  anım gnünün qeyd olunmasına sayılı günlər qalmışdır. Bu münasibətlə keçirilərək tədbirlərin  nə yerdə olduğunu öyrənmək üçün  şairin çoxsaylı oxucularından biri kimi tanıdığım dostlara zəng edib   vəziyyətlə tanış oldum. Biləndə ki, şairin anım günü ilə əlaqədar gərgin iş gedir çox sevindim. Belə də olmalı idi. Çünki xalqımız tarixən həmişə sözə, sənətkara yüksək qiymət vermişdir. Bu münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı sərəncamlarla bir sıra yaddaqalan böyük ədəbi tədbirlər keçirilmişdir. Keçən il ölkəmizin ən böyük mədəniyyət mərkəzi olan Şuşa şəhərində, Cıdır düzündə “Xarı bülbül” Beynəlxalq musiqi festivalı, sonra isə həmin yerdə M.P.Vaqifin məqbərəsi önündə şeir müsabiqəsi təşkil edilmişdir.

Mədəniyyətimizə, söz sənətimizə yüksək dəyər verdiyinə görə hörmətli Prezidentimiz cənab İlham Əliyevə, mədəniyyətimizin hamisi ölkəmizin birinci xanımı Mehriban Əliyevaya dərin təşəkkürümüzü  bildiririk.

Nə hal varsa təbiətdə,         

Onu gördüm cəmiyyətdə.

– deyən sənətkar təbiət təsvirli şeirlərinə bütövlükdə eyni prizmadan yanaşaraq, yaratdığı nümunələrdə təbiəti sadəcə təsvir etməklə kifayətlənməmiş, eyni zamanda ona dərin fəlsəfi məna verməyi bacarmışdır. Mən tədqiqatçı deyiləm, sadə ədəbiyyat həvəskarıyam. Qoy hörmətli oxucular bunu belə də qəbul etsin. Ola bilsin ki, müəyyən mülahizələrdə yanılıram. Ümid edirəm ki, ədəbiyyatşünaslarımız gələcəkdə elmi əsərlərində bu böyük sənətkarın  yaradıcılığına işıq salacaq və onu lazımi şəkildə tədqiq edəcəklər.

Klassik Qərb filosoflarından biri özünün fəlsəfi görüşlərində “Əgər mən yoxamsa, dünya da yoxdur” – tezisini irəli sürürdü. Bu fikrin yalnış olmasını alimlər əsaslandırmışlar. Böyük düşüncə sahibi Musa Yaqub da bu məsələyə münasibət bildirərək şeirlərin birində yazır:

Mən yoxamsa dünya da yox,

Biz olduqmu yalan olan?!

Belə başa düşüləndir ki, əgər bir nəfər dünyasını dəyişibsə, təkcə onunçün dünya yox ola bilər. Qalanlar üçün dünya həmin dünyadır. Yəni həyat davam edir mənasındadır. Onu da qeyd edək ki, böyük fikir sahibləri heç zaman ölmürlər, qismən yox olsalar da, mənən yaşayırlar, necə ki, Musa Yaqub yaşayır.

Doğru deyiblər ki, ən böyük hikmət sözün sadəliyindədir. Şair mürəkkəb fəlsəfi fikirlərini sadə, hamının anlaya biləcəyi tərzdə bədii şəkildə çatdırır.

Xalq şairi  2015-ci illərdə çapa verdiyi kitaba çox düşündürücü bir ad vermişdir – “Payızdan yaza yol varmı”. Fəsillərin ardıcıllığına görə payızdan sonra qış gəlir. Yaz fəsli isə məlumdur ki, qışdan sonra gəlir. Belə ki, yaz fəsli insanın gənclik çağlarını xarakterizə edirsə, payız fəsli yetkinlik, qış isə ixtiyar çağını xatırladır. Ona görə də demək olar ki, payızdan yaza yol yoxdur. Yaza çatdırmaq üçün yol yalnız qışdan keçməlidir. Ona görə də yaz yazlığını, payız  payızlığını, qış da qışlığını göstərməlidir. Sənətkar  çatdırmaq istəyir ki, hər fəslin özünəməxsus əlamətləri olduğu kimi, insan ömrünün mərhələrlərinin də hərəsinin özünəməxsus xüsusiyyətləri olmalıdır. Əgər cavan bir adam özünü ağsaqqal kimi aparsa, bu hal gülünc görünər.

Musa Yaqub “Bir anın nağılı” şeirində yazır:

Doğrudan bu dünya nağıl

Sirri qapalıdır, bağlı kimidir.

Nağıllaşan dünyamızın hələ çox sirləri qapalı qalmış, öyrənilməmişdir. Sirrini verməyən dünyamızın bağlı qapılarını açmaq alimlərimizin üzərinə düşən vəzifədir.

Ötən əsrin 70-ci illərində ölkəmizin meşələrindəki qarağac ağaclarına ucdantutma xəstəlik düşüb məhv olub, qurudu. Bu ağaclar təbiətimizin “qırmızı kitabı”na düşdü. Bu hal şairin diqqətini çəkdi. Həmin diqqətin nəticəsində “Qarağaclar” şeiri meydana gəldi.

Ola bilsin

nyadakıacların

Qarağacların ən həssası,

Atomlarla bir dünyada

Müşl olub yaşaması.

Həssas şair xəyalı bunun səbəbini axtarır. Nəhayət zənn edir ki, qarağacların qurumasına səbəb atomlarla bir dövrdə yaşamasıdır. Bu zəif ağaclar dünyanın atom sınaqlarına tab gətirmədiyi üçün qırılmışlar. Şeirin sonunda bunun çarəsini qarağac  meşəsində cəmləşib. Bir-birinə arxa-dayaq durmasında görür.

Bəlkə yaxın olsaydılar

Arxa durub bir-birinə

Qurumazdı qarağaclar, qarağaclar.

Bu şeir bu gün də mənasını özündə saxlayır. Məlumdur ki, hazırda dünyamız dünənimizdən daha narahatdır.

Artıq bir aydan çoxdur ki, Rusiya dinc Ukraynaya müharibə elan etmişdir. Minlərlə mülki əhalinin qanı axıdılmışdır. İnsanlar yurdlarından, ailələrindən didərgin düşmüşlər. Top atəşlərinin, raketlərin, saysız-hesabsız hərbi texnikanın tüstü – dumanında atmosfer təbəqəsi  zəhərlənmişdir. Musa Yaqubda həyat eşqi çox güclü  idi.  Ən çətin anlarında təminini pozmur, böyüklüyünə zərrə qədər də olsun   xələl gətirməmişdir. Həyatda onu həmişə nikbin görmüşəm.

Həyatla otursam min il diz-dizə,

Yenə də əcəldən salam almaram.

Olum da, ölüm də haqq işidirsə,

Mən heç bu dünyadan razı qalmaram.

Xalq şairimiz bu həyatdan razı getdi. Xalqına miras qoyduğu söz xəzinəsi ilə ürəklərlə yazılmış şeirləri ilə, bütün insani keyfiyyətləri ilə Musa Yaqub həmişə qəlbimizdə yaşayacaqdır. Allahdan sənə  rəhmət diləyirəm, məkanın cənnət olsun, ulu sənətkar…

Heydər Xəlilov,

Sumağallı kəndi

Şərh Yaz