Müharibə – fəlakət, dağıntı, ölüm-itimdir

 

9 may 1945-ci ildə İkinci Dünya müharibəsinin bitməsi bəşəriyyətə elan olunub. O vaxtdan 77 il keçir. Bu qədər vaxtın keçməsinə baxmayaraq, bu müharibənin qurbanları, əzabkeşləri unudulmayıb. Müharibədə həlak olanların ruhları, yaralı, sağ qayıdanların qayğıları diqqətdə saxlanılır. Hər il qeyd olunan Qələbə bayramında onlar yad olunur, keçdikləri yolun bir örnək olduğu gənc nəslə xatırladılır.

Bu günlərdə redaksiyamız İsmayıllı şəhər sakini Əhəd Heybətov rayonun Vaşa kəndindən 1941-1945-ci illərdə alman faşizminə qarşı aparılan müharibəyə gedənlərin, onlardan həlak olanların, yaralanıb və ya sağ-salamat geri qayıdanların siyahısını göndərib. O ağır günlərin azyaşlı şahidi, bugünkü 87 yaşlı ağsaqqal yaddaşı hesabına tərtib etdiyi siyahıda 53 həmkəndlisinin adını qeyd edib. Çox güman ki, bu siyahı rəsmi arxiv sənədi olmadığından kimlərinsə də adı unudulmuşdur.

Siyahıdan görünür ki, müharibəyə aparılanlardan 27 nəfəri döyüş meydanlarında qalıb. 3 nəfər güllə yarası aldıqdan sonra müalicə olunaraq yenidən döyüşlərdə iştirak edib. 4 nəfər aldığı xəsarət dərəcəsinə görə, daha 4 nəfər isə xəstəliyi ilə əlaqədar evə buraxılıb. Müharibədə iştirak edənlərdən 9 nəfər kənd sakini sağ-salamat geri dönüb.

Ağır müharibə illərində kənddəki bir ailə tamamilə məhv olub  – ata-ana və onların 5  övladı dünyasını dəyişib.

Onu da qeyd edək ki, Vaşa kəndi rayonun çox da böyük olmayan kəndlərindən biridir. Digər kəndlər barəsində məlumata gəldikdə, heç şübhəsiz ki, daha böyük kəndlərdən bu müharibənin acılarını yaşayanlar daha çox olub.

Bir kəndin timsalında müharibənin nəticələri göstərir ki, dünyanın harasında olursa olsun müharibə – fəlakət, dağıntı, ölüm-itimdir.

Əhəd Heybətov,

İsmayıllı şəhər sakini

Şərh Yaz