MÜDRİKLİK HESABATI                        

 

 

Sevimli şairimiz Musa Yaqubun “Payızdan yaza yol varmı” adlı kitabını əlimə alanda 1993-cü ilin aprelində İsmayıllıda,”Cavanşir yurdu” qəzetinin redaksiyasındakı görüşümüz yadıma düşdü. O günlərdə Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunmuşdu, rayonun əhalisi bütün var-yoxunu yağıya tərgidib, özü miskin və sahibsiz vəziyyətdə çöllərə üz tutmuşdu. Hələ ki paytaxt rəsmiləri Kəlbəcərin işğalı barədə susurdu, şahidlərin səsini eşidib yayan yox idi. Belə bir vaxtda Musa müəllim redaktoru olduğu qəzetdə “Kəlbəcəri verməmək də olardı” başlıqlı yazımı nöqtəsinə, vergülünə toxunmadan qəzetin 1-ci səhifəsində dərc etdirdi. Yazının əks-sədası bəzilərini elə narahat etmişdi ki, mən bununla əlaqədar əlavə izahat verməli oldum… Bu, Musa Yaqub vətənpərvərliyinin mənim üçün ilk və üzbəüz təzahürü idi. Sonradan şairin əsərləri ilə yaxından tanış olduqca bu cür duyğuların nədən yarandığı mənə daha çox aydın oldu.

Şeirlərində haqqı, ədaləti, Vətəni tərənnüm edənlərin əsl xarakterləri çox zaman yazdıqları ilə eynilik təşkil etmir. Kim mərdanəliyin bu nişanını varlığına hopdura bilirsə, xalq onu sevir. Və xalqın sevgisi kimi ali mükafatı olanlar rəsmi təltiflərə layiq görülməsələr də, daim ucalıqlarını saxlayırlar. Bu mənada Musa müəllimin:

Eldə qədirbilənimdir qanadım,

Anamdadır mükafatım, həyatım.

Öz əlimdir, öz sözümdür, öz adım,      

Ha çalışa, ha çarpışa axır ki,

İzim düşdü bu sal daşa axır ki, – deyərək öz adını xalqın poetik daş yaddaşına yazmağa  tamamilə haqqı vardır.

Musa Yaqub poeziyasında ən güclü qanad təbiət mövzusudur. Təbiət təsvirlərində oxucu elə səmimi yanaşma və novator təhlillə üzləşir ki, sadəcə olaraq heyrətə gəlir. Həm də şair burada təbiətin adi bir parçasının təsviri ilə kifayətlənməyib, eyni zamanda insan haqqında güclü fəlsəfi ümumiləşdirməyə nail olur:

Özündə yüz budaq, min yarpaq üçün,  

Guya tikanın var qorunmaq üçün.    

İnsan bir pay versən, beşini çəkir,      

İlanın ağzından dişini çəkir,       

Sənin tikanını kim sayacaq, kim?

Şair üçün ən böyük tribuna poetik ilhamının səlahiyyət verdiyi azad şairlik tribunasıdır. ”Məmməd İsmayıla məktub” şeirində dediyi kimi:

Ayə, nə komanda, nə şirkət, nə zad…

Biz könlü uçarı, qələmi azad-

Bizim bir obamız, bir elimiz var,

Bizim bir şeirimiz, bir dilimiz var,

Bizim komandamız el komandası

Şeirə nə iqtidar, nə müxalifət,

Şeirin komandası haqq komandası

Yoxsa ki, hərənin öz komandası?…

Bu qəbildən olan şeirlərin hamısında Musa müəllim “öz içində parça-parça” olan xalqının “böyükləri kinli” övladlarını daxili birliyə səsləyir, “dəmiri özündən, kömürü özündən” düzələn Azərbaycanda vətən övladlarına sirayət etmiş daxili didişmələri acı təəssüf hissi ilə, bədii obrazlılığın gücü ilə təhlil edir. Bu təhlil, demək olar ki, şairin yaradıcılığının leytmotivini təşkil edir. Adi əhvalatların arxasında qəlbə axan göz yaşları içərisində qələmə alınmış onlarca əsərdən çıxan bir çağırış ruhu oxucunu ayılmağa səsləyir:

Kələkbazlar, oyunbazlar əlində

Düşmən bizə içirdi xaç suyunu…

…A millətim, bitməzmi bu oyunlar?! – deyir.

Poeziya dövrünün aynasıdır. Azərbaycanın müasir ağrı-acıları, həyatın mövcud gerçəklikləri, tarixi talesizliyin çağdaş davamı şairin yaradıcılığının son dövrlərində ürək ağrısı ilə qələmə alınmışdır. Belə şeirləri oxuduqca şairin övladı qarşısında məğlub olmuş ata kimi hüznlü çarəsizliyi, kövrəkliyi oxucunun da gözlərini yaşardır:

Qaçqının, köçkünün, bəxti dönmüşün,

Evi dağılmışın, odu sönmüşün,

Durub hüzuruna gəlib nə deyim?

Lap elə o çadır şəhərciyində

Sənə uzalıdır əlim, nə deyim?

Mən hansı ümidlə alım əlini – 

Neynirsən boş əli, boş tərəzini?

Başdan-başa ağır kədərin, çəkilməz dərdin ifadəsi olan bu şeiri evi dağılıb, yurdu sönmüşlər haqqında elegiya hesab etmək olar. Lakin şair bədbinliyə qapılmamağa, bu məğlubiyyətlərdən ciddi dərs almağa səsləyir. “Bir də görəcəyik” şeirində bu oyunların nəticələnəcəyi o son təəssüfün faydasız olacağı günə gedib çıxmaqdan çəkindirmək ruhu çox qüvvətli şəkildə oxucuya aşılanır. Ona görə də şair sərhəddən, xətdən çıxıb Vətəni boş qoyacağımızdan qorxaraq didişənləri, kürsü, vəzifə davasına başı qarışanları dayanmağa, iddiaları bir kənara qoyub böyük Vətənə xidmət etməyə çağırır. Şeirin ümumi ruhu şairi bir-birinin yaxasını cıranların, küsüşən, didişən, qisasçılıq ruhu ilə yaşayan “gödəndaşlarımız”ın ittihamçısı kimi canı boğazına yığılmış, bütün bu olaylardan bezmiş xalqın timsalına çevirir. O isə öz növbəsində sərt hökmləri ilə hamını ümumi sülhə, daxili birliyə çağırır:

Dayanın, yaxası cırılmışlarım,

Durun, a düyməsi qırılmışlarım…

Bir görək bu dünya hayana gedir,

Bir görək əkində, biçində nə var,

Bir görək sünbülün içində nə var –

Bu Vətən, bu torpaq heyfdi, vallah!

Poeziyanın əbədi mövzuları sırasında, şübhəsiz ki, məhəbbətin ayrı çəkisi var. Kitaba bu mövzuda daxil edilmiş şeirlərin hər biri bu müqəddəs yaşantının orijinal tərənnümünü yüksək ustalıqla əks etdirir. Məhəbbət hisslərinin təsvirində Musa Yaqubun özünəməxsus yaradıcılıq imkanları oxucuya çoxdan tanış olsa da, bu mövzuda kitaba salınmış yeni şeirlər şairin poeziya ümmanından nadir incilər seçmək məharətini bir daha nümayiş etdirir. Ayrılığın, son görüşün iztirablı olduğunu hamı etiraf edər və bu, məhəbbət lirikasının əbədi mövzularından sayılır. Lakin son görüş –  ayrılıq məqamındakı son anın poetik təsviri köhnə obrazı yeni çalarda təsvir etməkdədir. Şair həmin şeirdə şairdən çox filosofa bənzəyir:

Bu axır başqadır, tamam başqadır,

Mənim taleyimdə məqam başqadır,

Daha o yoxluğa əl çatan deyil,

Bu axır bizimçün günbatan deyil,

Qayıdıb təzədən gündoğan olsun –

Bu axır başqadır, tamam başqadır…

Sevgidə giley! Sevdiyin, amma sənin istəyini qiymətləndirməyəni məzəmmət – bu ovqat çox-çox şairlərin məhəbbət şeirlərinə xas olan mövzulardandır. Musa Yaqub deyimindəsə bu gileyə elə bir səmimi həzinlik, dərindən-dərin lirizm qarışır ki, şairi tamamilə bənzərsiz edir:

Məsələn, bir dəfə yeri gələndə,

Bir gizli vaxt tapıb güzgülənəndə

Bir də görəcəksən şümşad əllərin,

Çiyninə tökülmüş dalğın tellərin,

Bir gülər üzün var, amma bilən yox.

Bu xumar gözlərlə birgə gülən yox.

Yoxdur bu əllərin qədir biləni,

Çiynin boş, əlin boş, boş qalan qucaq…

Onda biləcəksən mənim sevgimi

Biləcəksən,

o da çox gec olacaq…

Lirik qəhrəmanın bu qınağı oxucunun qəlbini o qədər kövrəldir ki, hətta giley sahibinin gələcək vüsal dönüşünə şirin bir ümid hissi də oyadır. Şairin qüdrəti də bu inamı, bu saflığı  yaratmasındadır.

“Payızdan yaza yol varmı” kitabı Musa Yaqubun ömrün müdrik yaşında xalqına ciddi hesabatıdır. Kitaba “Dəyirman” və “İndi desəm nağıldır” adlı iki lirik poemanın və əvvəlki illərin seçmə şeirlərinin daxil edilməsi də bu səbəbdəndir.

Bu kiçik yazıda şairin bütün yaradıcılığını təhlil etmək fikrində olmasaq da, təbiət təsvirli bir bənd şeirində “baharın nəşəsi”, “göy çəmən”, “boz duman”, “pətəkdə arı”, “şanda ruzu”, “cövhəri bal ömrümüz” kimi poetizmlərdən məharətlə istifadə etməsini şairin sənətkarlığının gücü hesab edirik.

Kitabı vərəqlədikcə oxucu əvvəlcə 90-cı illərin, günümüzün şeirlərini, sonra isə əvvəlki illərin əsərlərini oxumaqla Musa Yaqubla ahıllıqdan gəncliyə yol salır və əslində, ömrün payızı ilə yazının yaradıcılıq məhsullarında eyni hərarəti, eyni məsuliyyəti, sözə eyni həssas münasibəti görür, nəticəyə gəlir: ömründən ömürlərə pay verənlərin payızdan yaza daimi, otbitirməz, kol-kos basmaz cığırlı yolu vardır. Hamımızın anası doğma və əziz təbiət kimi.

Hüseyn Şahbəndəyev,

Əməkdar müəllim

“Xalq” qəzeti, 22 avqust 2000-ci il.

 

P.S. və ya “Xalqın böyük şairi Musa Yaqub haqqında 22 il əvvəlki yazıya sözardı”:

Ruhun şad olsun, ustad!

“Yük əyilməsə, daş qəribliyə düşməz” atalar sözünü epiqraf gətirib yazmışdın ki:

Alıb bizi yük apardı,

Yük üstündə gedən daşlar,

Hara gəldi atılmışlar,

A qardaşlar, a yoldaşlar,

Vətəndaşlar, haradasınız?..

Necəsiniz?!

Musa Yaqub ağrı-acılarımızın ifadəsi olan bu kimi sualları, yaşadığımız faciələrə ziyalı-vətəndaş mövqeyi ilə vətənində qürbətə düşmüş bizlərin böyük sevgisini qazandı. Dərdlərimizin, içimizdə qovrulub ürəklərimizi yandıran düşüncələrimizin poetik ifadəsini onun şeirlərində tapdıq, sözlərilə qanımıza hopdurduq, sevgilərimizlə yoğurub minnətdarlıqla özünə –  Musa Yaqub şəxsiyyətinə qaytardıq. Təvazökarlıqla deyim ki, yuxarıdakı məqalə də məhz həmin ümumxalq məhəbbətinin bir damlası, bir təzahürü kimi qələmə alınmışdı, həmin minnətdarlıqla yazılmışdı…

O illərdə o, Xalq şairi fəxri adına layiq görülməmişdi, lakin XALQIN BÖYÜK ŞAİRİ idi, onu sevirdik, fəxri adı onun qanuni haqqı sayırdıq, adı çəkilən hər yerdə onun yaradıcılığına, şəxsiyyətinə böyük ehtiram göstərildiyini görürdük.

O da Azərbaycanı çox sevirdi…

“Xarı bülbül” şeirində suallar, yanğı tüstüsü başından çıxan bütün ”qovulmuşlar”ın qəlb göynərtisi deyildimi?

Ay yanğısı can olan,

Nəsibi hicran olan,

Cıdır düzündən qopub

Şuşadanmı gəlmisən?!

Bir şair ürəyilə

Göyüm-göyüm göynəyənim!..

Ömrünün axırlarına qədər də böyük şair bu həssaslığı nümayiş etdirdi.

Ancaq inanırdı… İnanırdı ki, biz öz əzəli torpaqlarımıza qayıdacağıq, öz haqqımızın sahibi olacağıq.

Olduq da!.. Şükür, yenidən Azərbaycan bayrağı Qarabağda dalğalanmaqdadır!

Gələcəkdə ağrısını ürəyindən keçirdiyin yurdlarımızdakı zirvələrdən, buz bulaqların başındakı məclislərdən sevimli Xalq şairimiz Musa Yaqubun şeirləri səslənəcək, dillərdən düşməyəcək!..

Hüseyn Şahbəndəyev,

Əməkdar müəllim

 

Şərh Yaz