Film tarixi sənəd kimi əbədilik qazanacaq
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurdun igidləri” sənədli filminin çəkilişlərini başa çatdırıb.
Hazırda filmin montaj işləri həyata keçirilir. Azərbaycan Respublikasının İsmayıllı rayonunda reallaşdırılan layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin artırılmasına, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə möhkəmləndirilməsinə, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında milli birliyin daha da gücləndirilməsinə nail olmaqdır.
Montaj işləri başa çatdıqdan sonra ssenarinin mətni redaktora veriləcək. Redaktor lazım bildiyi düzəlişləri etdikdən sonra ssenarinin mətninin oxunuşu həyata keçiriləcək.
Filmin montajı zamanı çəkiliş qrupunun çəkdiyi videomateriallardan, şəhidlərin ailəsindən götürülən və digər arxiv materiallardan istifadə ediləcək.
“Yurdun igidləri” sənədli filmi hazır olduqdan İsmayıllı şəhərindəki E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə şagird və müəllimlərin, həmçinin rayon rəhbərliyi və ziyalıların, KİV nümayəndələrinin iştirakı ilə təqdimatı keçiriləcək.
Layihənin icrasından gözlənilən başlıca nəticə ondan ibarətdir ki, “Yurdun igidləri” sənədli filmi gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında xüsusi rol oynayacaq, onlarda Vətənə, xalqa, dövlətə sədaqəti və məhəbbəti daha da gücləndirəcəkdir.
Filmin ictimaiyyət, xüsusilə gənclər tərəfindən maraqla qarşılanacağı və tarixi sənəd kimi qəbul olunaraq əbədilik qazanacağına əminlik duyuruq.
Şahməmməd Soltanov,
“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin sədri, layihənin rəhbəri