Azərbaycan Rusiya ilə müttəfiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.

Ölkə başçımız Rusiyaya rəsmi səfərini və “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” ni dəyərləndirərək bildirib ki, zənnimcə, mənim Rusiyaya rəsmi səfərimin formatı və əlbəttə, xüsusən dünən qarşılıqlı müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması nəzərə alınmaqla, əsl münasib vaxtdır. Rusiya ilə Azərbaycan arasında çoxsaylı sənədlər imzalanıb – 200-dən artıq. Lakin bu, xüsusi sənəddir, çünki dövlətlərarası münasibətlər qurulmasından 30 il keçdikdən sonra biz müttəfiqlik səviyyəsinə çatmışıq. Əslində, mən deyərdim ki, biz bunu rəsmən təsbit etmişik. Ona görə ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin xarakteri, mənim fikrimcə, uzun illər boyu müttəfiqlərin münasibətlərinin bütün parametrlərinə cavab verirdi. Yəni, bu sənəd təkcə böyük işə yekun vurmaqla qalmayıb, həm də Rusiya ilə Azərbaycanın gələcək qarşılıqlı əlaqələri üçün, müsbət regional inkişaf üçün böyük perspektivlər açır. Bu sənəd imzalanandan heç bir gün keçməmiş mən buradayam. Qeyd edildiyi kimi, mən buraya ilk dəfə gəlməmişəm və bu divarlar mənə doğma olub. Xüsusən TASS-da həmişə mövcud olan sərbəstlik şəraitini, fikir mübadiləsi aparmaq və bəzən rəsmi bəyanatların çərçivəsindən kənarda olan müəyyən məsələləri aydınlaşdırmaq imkanını vurğulamaq istərdim.

Azərbaycanın çoxşaxəli müstəqil siyasəti, region ölkələri və beynəlxalq aləmlə münasibətləri haqda məlumat verərkən Azərbaycan Prezidentiöz ölkəsinin milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdüldüyünü bildirib.

Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.

Məlumdur ki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində Ermənistanı nəzərdə tutaraq deyib: “Digər tərəfdən, qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”

Görüş zamanı Ölkə Rəhbəri bunu da vurğulayıb ki, son vaxtlara qədər əsas problemlərdən biri Qarabağ münaqişəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılması idi. Siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi – nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə çatdırmaq çox önəmlidir. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik.

Əlbəttə, gələcəkdə də bu Bəyannaməni müxtəlif istiqamətlər üzrə konkret sazişlərlə möhkəmlədəcək silsilə sənədlər də işlənib hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Ülviyyə Zeynalova,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

 

Şərh Yaz