NARKOMANİYA İLƏ MÜBARİZƏ BİRGƏ SƏYLƏR TƏLƏB EDİR
Dövrümüzdə cəmiyyəti, bəşəriyyəti ən çox narahat edən problemlər sırasında kütləvi qırğın silahları qədər təhlükəli, pandemiya qədər yaxınımızda olan narkomaniya da var.
Dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insanın “ağ ölüm” adlandırılan bu bəladan əziyyət çəkməsi təhlükənin reallığından xəbər verir. Beynəlxalq statistikaya əsasən, dünya əhalisinin 250 milyonu genofonda sarsıdıcı təsir göstərən bu ağır bəla ilə üz-üzədir. Amerika, Latın Amerikası və Avropada narkomanların sayı milyonları ötür. MDB və Asiya ölkələrində 26 milyondan çox insan bu zərərli vərdişin aludəçisidir. Dünyada narkomanların 40-45 faizi qadın və uşaqlardır. Gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır.
İnsan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olan narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT tərəfindən 26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan olunub.
Ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində mübarizə aparılır. Mübarizənin gücləndirilməsi üçün qanunvericilik bazası tamamilə təkmilləşdirilib, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, 18 iyun 1999-cu ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanun qəbul edilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ölkədə narkomaniya ilə mübarizəyə dair çoxsaylı fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə beş ildən bir narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramı tərtib olunur. Dövlət başçısı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı Sərəncam da mühüm əhəmiyyət daşıyır.
2019-2024-cü illər üçün Dövlət Proqramının məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.
2014-cü ilədək Azərbaycanda rəsmi qeydiyyata alınmış narkotik istifadəçiləri arasında uşaqlar (yaşı 18-dək olanlar) olmasa da, artıq bir necə ildir ki, narkomanların sırasında yetkinlik yaşına çatmayanlar da var. Hazırda ölkədə rəsmi qeydiyyata alınmış 33788 nəfər narkomanın 9-u 15-17 yaşlı, 12969 nəfəri 18-34 yaşlı insanlardır. 18 yaşdan sonra artan rəqəmlər də onu deməyə əsas verir ki, vaxtında preventiv tədbirlər görülmədikdə bu say çoxala və getdikcə daha çox yeniyetmənin narkomaniya bəlasına düçar olmasına səbəb ola bilər.
Mütəxəssislərin fikrincə ailədə bir nəfərin narkomaniyaya düçar olması, bütövlükdə ailənin məhvinə səbəb olur. Ailədaxili münaqişələrin, məişət zəminində zorakılığın artması, xəstə uşaqların doğulması, əgər uşaq sağlam doğulsa belə, ailədə yaşadığı anormal həyat onun şüuruna, psixologiyasına çox pis təsir göstərir. Aldığı travma isə bəzən ömür boyu onu izləyir. Belə ailələr arasında boşanmaların, qətllərin sayı hər zaman yüksək olur. Bu mühitdə böyüyən uşaqlar isə imkan tapan kimi ailədən qaçır və ya onlar da bu yolun yolçusuna çevrilirlər. Ailə üzvlərindən birinin narkoman olması həmin ailənin tədricən parçalanmasına, ailədaxili münaqişələrin yaranmasına, ən yaxşı halda isə ailənin yoxsullaşmasına səbəb olur. Bu da sonda ailənin məhvinə gətirib çıxarır.
Azərbaycanda narkotik istifadəçiləri arasında daha çox 25-45 yaşlı insanlar üstünlük təşkil edirlər. Lakin acınacaqlı hal narkomaniyanın getdikcə cavanlaşması və onun artıq gənclər arasında deyil, yeniyetmələr sırasında da özünə yer tapmasıdır.
Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, KİV, hüquq mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun yayılmasının qarşısını ala bilər. Bunun üçün daha çox maarifləndirmə, narkomaniyanın fəsadlarının yeniyetmə və gənclərə izah edilməsi, onlara bu xəstəliyin nə kimi qorxulu nəticələr verdiyini əyani misallarla göstərmək vacibdir. Narkomanlar tədricən öz hərəkətlərini idarə edə bilmir, asılılıq nəticəsində ən əziz adamlarına belə əxlaqa zidd hərəkətlər edir, bədənlərində baş verən ağrıların qarşısını almaqdan ötrü narkotikanın əldə edilməsi məqsədilə oğurluq, soyğunçuluq, quldurluq cinayətlərini törədir, hətta doğmalarını da bu cinayətin qurbanına çevirirlər.
Hazırda sosial şəbəkə və digər onlayn vasitələrlə narkotik maddələrin satışı hallarına rast gəlinir. Belə halların qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi aidiyyəti qurumlarla birlikdə informasiya texnologiyalarında zərərli informasiyaların yerləşdirilməsi üzrə preventiv tədbirlər həyata keçirir. Bunun nəticəsində sosial şəbəkədə onlarla zərərli qrup bağlanılıb.
Problemin aradan qaldırılmasında cəmiyyətin dəstəyinin vacibliyini nəzərə alan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi antinarkotik təbliğatı ilə əlaqədar ictimaiyyətə müraciət edib. Müraciətdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın qlobal problem olaraq bütün bəşəriyyəti narahat etdiyi vurğulanıb. Qeyd edilib ki, bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq, həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə vəziyyət isə nəticə etibarilə gənclərimizin narkotik aludəçisi olmaq təhlükəsini artırır.
Ölkə mətbuatından və Daxili İşlər Nazirliyinin gündəlik açıqladığı məlumatlardan da görünür ki, hazırda bu sahədə daxili işlər orqanları tərəfindən intensiv tədbirlər görülür. Yanvarın 18-də Daxili İşlər Nazirlyində keçirilən Kollegiya iclasında açıqlandığı kimi, 2021-ci il ərzində qanunsuz dövriyyədən 2020-ci illə müqayisədə 1,1 ton çox – 3 ton 45 kiloqram narkotik vasitə çıxarılıb, 174 tondan artıq narkotik xassəli bitkilər aşkarlanıb məhv edilib. Bu bəlaya qarşı mübarizədə hər kəsin ümumi işə real köməkliyinin vacibliyi, həmçinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə vətəndaşların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyi xüsusi vurğulanıb.
Müqayisə üçün göstərmək olar ki, İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 2019-cu il ərzində 33 cinayət hadisəsi, 2020-ci il ərzində 18 cinayət hadisəsi, 2021-ci il ərzində 40 cinayət hadisəsi müəyyən edilmişdir. Həmçinin, İsmayıllı rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə nəticəsində 2019-cu il ərzində ümumilikdə 8460,02 qram marixuana, 0,838 qram heroin, 6 ədəd xaşxaş və 2759 ədəd çətənə kolu, 2020-ci il ərzində ümumilikdə 6618,38 qram marixuana, 5,228 qram heroin, 6,841 qram metafetamin və 3989 ədəd çətənə kolu, 2021-ci il ərzində isə ümumilikdə 6753 qram marixuana, 7,153 qram heroin, 5,432 qram metafetamin, 0,301 qram tiryək və 607 ədəd çətənə kolu aşkar edilərək dövriyyədən çıxarılmışdır.
Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərlə əlaqədar İsmayıllı rayon polis şöbəsinin İstintaq bölməsində 2019-cu il ərzində 30 şəxs barəsində 26 cinayət işi, 2020-ci il ərzində 14 şəxs barəsində 11 cinayət işi, 2021-ci il ərzində isə 33 şəxs barəsində 28 cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq həmin işlərin baxılması üçün məhkəməyə göndərilməsi təmin olunmuşdur.
Hazırda daxili işlər orqanları ictimaiyyət nümayəndələri, səhiyyə, təhsil müəssisələrinin əməkdaşları ilə birgə orta məktəblərdə, gənclər müəssisəsində maarifləndirici tədbirlər keçirir, narkotiklərin fəsadları barədə gənclərə və yeniyetmələrə ətraflı məlumat verirlər. Belə görüşlərdə sabahımızın qurucularına dərslərini yaxşı oxumaları ruhunda böyümələri, idmanla məşğul olmaları, milli-mənəvi dəyərlərimizə sadiq, cəmiyyət üçün layiqli vətəndaş kimi böyümələri tövsiyə olunur.
Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələ olduğundan, inanırıq ki, gənc yeniyetmələr arasında narkomaniya bəlasının qarşısının alınması ilə əlaqədar maarifləndirmə işlərinin genişləndirilməsi gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir.
Göründüyü kimi bəşəriyyəti təhdid edən “ağ ölüm”lə mübarizə hər kəsin, vəzifəsindən, sosial mənşəyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, hamının vətəndaşlıq və mənəvi borcuna çevrilməlidir. Yalnız birgə səylər öz real nəticəsini göstərə bilər.
Raya Qəfərova,
İsmayıllı rayon prokurorunun köməkçisi