Ən qəddar rəssamın ən təsirli əsəri – Xocalı soyqırımı
Məlumdur ki, 1988-ci ildən başlayan, erməni ideloloqlarının “dənizdən dənizə Ermənistan” adlı növbəti sərsəm bir ideyasını reallaşdırmaq cəhdi Azərbaycanın kəndlərinin, şəhərlərinin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin düşməsi ilə nəticələndi.
XX əsrin ən böyük tarixi faciəsindən – 26 Fevral – Xocalı soyqırımından 30 il ötür.
“Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı törədilmiş tarixi bir cinayətdir” – deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
Hər il 26 fevralda Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan olunur, ölkə başçısı “Xocalı soyqırımı” ilə əlaqədar xalqa müraciət edir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur.
Xocalı soyqırımı – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan quldur dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu.
Xocalı soyqırımının acı fəsadları: Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 nəfəri yaşlı insan olmaqla 613 azərbaycanlı qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Həmin faciəvi gecə zamanı 487 nəfər Xocalı sakini ciddi şəkildə şikəst edildi və onlardan 76 nəfəri uşaqlardan ibarət idi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirdi. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü.
Erməni vandalizminin Xocalı izləri: Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğal nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
Xalqımızın başına gətirilmiş bu faciənin – Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işlər nəticəsində Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.
Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Leyla xanım Əliyeva demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir.
Xalqımız Xocalı soyqırımı qurbanlarının xatirəsini hər zaman qəlbində yaşadır və yaşadacaq.
Rövşən Əliyev
İsmayıllı Rayon Təhsil Şəbəsinin müdiri