2 Fevral – Azərbaycan Gəncləri Günüdür          

 

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O, öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.

Ulu öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz bunun nəticəsidir ki, bu gün ölkə gəncləri ulu öndər Heydər Əliyevə və layiqli davamçısı, Prezident İlham Əliyevə böyük etimad göstərir. Özünün gələcək inkişaf perspektivini bu ada bağlayır.

Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu öndərin 1997-ci il fevral ayının 2-də imzaladığı Fərmana əsasən, 2 Fevral  – Azərbaycan Gəncləri Günü elan edilib. Bu əlamətdar gün ümumilli lider Heydər Əliyevin -sərəncamı ilə MDB məkanı və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübut etmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı sərəncamı gənclərin ölkə həyatındakı fəallığını daha da artırmışdır. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılmış və hüquqi baza təkmilləşdirilmişdir.

Bu gün Azərbaycanda həm mənəvi, həm də fiziki cəhətdən sağlam gənclər yetişir. Onlar elm, mədəniyyət, səhiyyə, sənaye və digər sahələrdə uğurlu nailiyyətlər əldə edir, mötəbər idman yarışlarında, olimpiya oyunlarında ölkəmizin şərəfini qoruyaraq Azərbaycan Bayrağını yüksəklərə qaldırırlar. Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Silahlı Qüvvələrimizin sıralarında xidmət edən hərbi qulluqçuların əksəriyyəti gənclərdir. Onlar ulu öndər Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Heydər Əliyev müasir düşüncəli, savadlı, dünyagörüşlü gənclik yaratmağa çalışırdı və bütün bunlara nail olmaq üçün onları müxtəlif ölkələrə təhsil almağa göndərirdi. Eyni zamanda gənclərə Vətəninə, adət-ənənələrinə, kökünə sadiq olmağı və dövlətinə xidmət etməyi öyrədirdi. Azərbaycanın inkişafı üçün bu gün önəmli postlarda çalışan gənclər bu siyasətin nəticəsidir. Bəli, artıq bu gün Heydər Əliyevin arzuladığı gənclik yetişib. İndi onların məqsədli şəkildə irəlilədiyi bir yol var. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.

Nigar İsmayılova,

İsmayıllı Rayon Heydər Əliyev Mərkəzinin bələdçisi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şərh Yaz