Qüdrətli dövlət naminə gənclərə böyük inam
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Gənclər həftəsi”çərçivəsində 28 yanvar 2022-ci il tarixdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, İsmayıllı rayon Təhsil Şöbəsinin, İsmayıllı İntellektual Oyunları Klubunun və Gənclərin İnkişafı və Karyera Mərkəzi İsmayıllı nümayəndəliyinin təşkilatçılığı ilə pandemiya qaydalarına uyğun olaraq “Xəmsə” milli intellektual oyunu üzrə “Gənclik” Kuboku keçirilib.
Tədbir Vətən müharibəsi şəhidlərinin bir dəqiqə sükutla yad edilməsi ilə başlanıb və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Təbdiri giriş sözü ilə açan İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov bildirib ki, gənclik cəmiyyətin aparıcı, eyni zamanda, daim axtarışda olan, yeniliyi sevən qüvvəsidir.
T.Salehov ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyevin bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəslədiyini, onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramlarının qəbul edildiyini də vurğulayıb. Oyunun iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdə çıxış edənlər – İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Faxtıyev, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Ülviyyə Zeynalova, Gənclərin İnkişafı və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin əməkdaşı Günel Alızadə və İsmayıllı İntelektual Oyunlar Klubunun sədri Azad Manaflı ölkədə, o cümlədən İsmayıllı rayonunda da aparılan dövlət-gənclər siyasətinin uğurlarından danışaraq, gəncləri bu kimi yarışlarda daim fəal olaraq iştirak etməyi tövsiyə ediblər.
Qeyd edəki ki, tədbirin keçirilməsinin əsas məqsədi 2 Fevral – Azərbaycan Gəncləri Gününün qeyd olunması, gənclərin dünyagörüşünün genişləndirilməsi, Azərbaycan tarixi və mədəniyyəti üzrə biliklərinin artırılması olub.
40-a yaxın gəncin mübarizə apardığı yarışda I yeri İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbinin “44” komandası, II yeri Qalınçaq kənd tam orta məktəbin “Şərikli çörək” komandası, III yeri isə Təzəkənd kənd tam orta məktəbinin “Təzəkənd” komandası qazanıb. II və III yerlərin qalibləri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin hazırladığı diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Qeyd edək ki, I yerin qalibləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə təltif olunublar.
Fərhad Qurbanov
