Oxuyaq, oxumağı sevdirək
8 fevral 2022-ci il tarixdə İsmayıllı Rayon MKS-nin təşkilatçılığı və İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə əməkdaşlığı ilə “Oxuyaq, oxumağı sevdirək” adlı tədbir keçirilib.
Tədbirdə Gülbəniz Qəniyeva kitabxanamızın dünəni və bu günü haqqında ətraflı məlumat verib.
Nailə Həmzəyeva “Oxuyaq, oxumağı sevdirək” ideyasının təbliği haqqında danışaraq şəxsiyyətin formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, cəmiyyət hadisələrinə çevik, həssas, obyektiv münasibət bəsləməsində kitabın əhəmiyyətini qeyd edib.
Vüsalə Məsumova ”Elektron kitabxana və onlayn oxucu”, eyni zamanda regionlararası əməkdaşlıq haqqında danışaraq, ənənəvi xidmətlə yanaşı, onlayn xidmətin də göstərildiyindən bəhs edib.
Leyla Şirinova “Mütaliəçilər” kitab klubu haqqında danışıb. Hər ay keçirilən kitab müzakirələrindən və bu sahədə oxucularla əməkdaşlığın genişləndirilməsindən söz açıb.
Tədbirin sonunda direktor vəzifəsini müvəqqəti icra edən Ruhiyyə Mirzəyeva mütaliə mədəniyyətinin ailədən başlaması, şəxsiyyətin formalaşmasında kitabın, kitabxananın rolu ilə bağlı fikirlərini açıqlayıb.
Tədbir iştirakçılarla qarşılıqlı dialoq-söhbət formatında keçib.
İştirakçılardan Tofiq Babazadə, Əbülfəz Pənciyev cəmiyyətin inkişafında kitab və kitabxananın xüsusi əhəmiyyətini vurğulayıblar.
Rəsmiyyə Mikayılova
