Qisas qiyamətə qalmadı
“Böyük Ermənistan” xülyası ilə yaşayan, qədim Azərbaycan torpaqlarında qərəzli şəkildə məskunlaşdırılan ermənilər tarix boyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Onlar öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Belə ki, təkcə XX əsrdə xalqımız dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə ermənilər tərəfindən soyqırım və etnik təmizləmələrə məruz qalmışlar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı faciəsi ermənilərin müharibə cinayətləri sırasında xüsusi amansızlığı ilə fərqlənir. Keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bir gecənin içində bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Holokost, Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib.
Qeyd edilən faktlar bir daha təsdiqləyir ki, ermənilər bütün beynəlxalq konvensiyaları tapdalayaraq Xocalıda insanlıq əleyhinə cinayət törədiblər. Həm də Xocalı faciəsi ermənilərin son üç onillik ərzində xalqımıza qarşı törətdikləri müharibə cinayətlərinə aid yeganə nümunə deyildir. Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdən təqdim olunan foto və video materiallar erməni vandalizmi barədə konkret təsəvvür yaradır. Ermənilər güc tətbiq etməklə öz nəzarətləri altına aldıqları ərazilərdə hər şeyi dağıdıblar, hətta evlərin dam örtüklərini, qapı-pəncərə sistemlərini sökərək Ermənistana daşıyıblar. Ümumiyyətlə, Ermənistan hərbi birləşmələri heç vaxt açıq döyüşlərdə hər hansı bir uğur qazanmayıblar. Onlar xain, məkrli niyyətlərini yaşayış məntəqələrimizi, dinc əhalini atəşə tutmaqla həyata keçirməyə çalışıblar. Biz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində bunun bir daha şahidi olduq. Döyüş meydanında sarsıdıcı məğlubiyyətlə üz-üzə qalan düşmənin hərbi birləşmələri münaqişə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə Tərtər, Beyləqan şəhərlərini ağır artilleriyadan, qadağan olunmuş silahlardan atəşə tuturdular. Bunun nəticəsində də aralarında qocalar, uşaqlar və qadınlar da olmaqla 100-dək dinc sakin həyatını itirdi, mülki tikililərə və infrastruktura ciddi ziyan dəydi.
Tez-tez belə bir sual verilir: Xocalı faciəsinin qarşısını almaq mümkün idimi? Sualın cavabında, ilk növbədə, onu vurğulamaq lazımdır ki, 1991-ci ilin sonlarından mühasirədə qalan Xocalının müdafiəsi təşkil olunmadı, dinc sakinlər şəhərdən çıxarılmadı. Mənfur düşmən isə bundan istifadə edərək öz planlarını həyata keçirdi.
Ermnilər tərəfindən törədilən Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi ancaq, ümummilli lider Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın siyasi rəhbərliyinə gəldikdən sonra mümkün oldu. Ulu öndərin təşəbbüsü ilə Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı aktı kimi təsbit olundu, faciəyə hüquqi-siyasi qiymət verildi, 26 Fevral – Xocalı Soyqırımı Günü elan edildi. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”. Ulu öndərin bu arzusu 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirildi. Vətən müharibəsində qazandığı şanlı qələbə sayəsində Azərbaycan özünün ərazi bütövlüyünü tam təmin etdi. Yeri gəlmişkən, əli Xocalı faciəsi qurbanlarının qanına bulaşmış erməni vandallarının bir çoxu Vətən müharibəsi zamanı məhv edildi. Zamanında Xocalıda qətliamlar törədən, sonradan Ermənistanın müdafiə naziri vəzifəsinə yüksələn Serj Ohanyanın bu dəfə müharibənin gedişinə hər hansı bir təsir göstərmək istəyi baş tutmadı və o, canını qurtarmaq üçün Dağlıq Qarabağdan Ermənistana qayıtmaq məcburiyyətində qaldı. Bununla da, qisas qiyamətə qalmadı.
Səlim Səlimli,
Zaqatala hərbi prokurorunun müavini, ədliyyə kapitanı
