Hər ömür bir nəğmədir                       

 

80 illik ömrünün 80-ci baharını yaşayan Məmmədmirzə Rzayevi hər hansı çətinlik sevərək seçdiyi peşədən – jurnalistikadan heç vaxt usandırmayıb.

Dərdimiz bir deyil, yüz olduğundan,

Tarixim təzədən yazılmalıdır.

Qələm nida kimi düz olduğundan,

Onun yazdığı da düz olmalıdır!

Səyavuş SƏRXANLI

Sadə zəhmət adamından tutmuş xalqın böyük ziyalılarına qədər neçə-neçə insanın həyat salnaməsini, tale yolunu qələmə alıb. Qəhrəmanlarını da özü seçib. Vaxtilə İsmayıllı rayonunda çıxmış “Zəhmətkeş” qəzetindən tanındığım ustad jurnalist, peşəkar qələm sahibi, bu gün ömrünün ixtiyar çağlarını yaşayan və yazılarını acgözlüklə oxuduğum publisist Məmmədmirzə Rzayevin qələmə aldığı yazıların hər birindən canlı insan, onun sevinci, kədəri boylanıb. Bu günlərdə Azərbaycan jurnalistikasında dəstxətti ilə seçilən ustadın doğum günü oldu. Səhhətimdə yaranmış müvəqqəti problemlə bağlı onu qəlbən təbrik edə bilmədim, necə deyərlər, “yola verdim”.

Məmmədmirzə Şahsuvar oğlu Rzayev 1942-ci ildə İsmayıllı rayonunun Müdri kəndində anadan olub. Göyçay Pedaqoji Məktəbini və Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Rayonda çıxan “Zəhmətkeş” qəzeti bağlananadək burada fəaliyyət göstərib, kənd təsərrüfatı şöbəsinə rəhbərlik edib.

Hekayələri “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunub. Respublika Radio və Televiziya Komitəsinin elan etdiyi müsabiqədə “Biz dörd nəfər idik” adlı hekayəsi mükafata layiq görülüb və Azərbaycan Radiosunda səsləndirilib.

“Azərnəşr” povest və hekayələrindən ibarət “Sarabəyim” adlı kitabını çap edib. “Dağ çiçəkləri” ədəbi məclisinin işində müntəzəm iştirak edib və bir müddət məclisin rəhbəri olub.

 

Həmişə öz qəhrəmanları ilə dost olub

 

Qeyd etdiyim kimi, mən onu bir jurnalist, publisist kimi elə bu qəzetdən tanımışam və onun məqalələrini oxumuşam. Onu yaxından tanıyandan sonra hazırlıqlı, məlumatlı, səmimi bir insanla qarşılaşdığımı zənn etdim və zənnimdə də yanılmadığımı hiss etdim. Çətin həyat yolu keçsə də, insanlara olan sevgisini qoruyub saxlamaq, yaradıcılığa səylə davam etmək və yeni əsərlər yazmaq hər adama nəsib olmur. Bunun arxasında istedaddan başqa, böyük bir insanın geniş ürəyi durur. O bizim yaşda olan cavanlara hörmətlə yanaşdığı üçün biz də onun xətrini çox istəmişik. Sonradan görmüşəm ki, redaksiyada da onun xətrini həmişə əziz tutublar. Yaradıcılığına şeirlə başlayan Məmmədmirzə müəllimin sonradan publisistikaya üz tutması çox maraqlıdır. Onun hər bir zəhmətkeş haqqında yazdığını oxuyanda elə bil o qəhrəmanla tanış olursan və sanki onunla üzbəüz söhbət edirsən. Çünki o, həmişə öz qəhrəmanları ilə dost olub, onları sevib. Səmimilik, cəsarət və yaradıcılıq – onun bütün fəaliyyətini xarakterizə edib.

Sovet dövründə tənqidi oçerklər yazmaqdan çəkinməyən M.Rzayev hər zaman haqq tərəfdarı olub, jurnalist sənətinə, qələminə hörmətlə yanaşıb. Övladlarını da bu ruhda böyüdüb. Onun fikrincə, jurnalistin yaradıcılığı, düşünmə bacarığı, araşdırma qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. Bu elə bir peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, bir işə yaramayacaq. Jurnalistin hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək.

Qarşımda onun “Sarabəyim” kitabı var, bir dəfə oxumuşdum, bu yazını qələmə alanda ikinci dəfə oxumalı oldum. Elə bil ikinci tapıntıdır mənim üçün. Mən hər dəfə “Zəhmətkeş”in otaqlarında onunla görüşəndən, tapşırıqlar alandan sonra uzun müddət bu görüşün təəssüratı altında qalırdım. Məmmədmizrə müəllim həqiqətən gözəl jurnalist, eyni zamanda maraqlı insandır. Onunla ünsiyyətdə olmaq çox xoşdur, çünki ondan çox şey öyrənirsən…

 

Ömrünü şama döndərmək istəyən Məmmədmirzə

 

Bu kitaba ön söz yazmış mərhum publisist, bir çox mötəbər ödülün sahibi Səyavuş Sərxanlının fikirləri diqqətimi cəlb etdi: “Məmməd Mirzə təbiətən çox sadə, təvazökar bir insan olduğundan, yazılarından söz düşəndə az qala yaxasını qırağa çəkmək istəyir ki, yox, mən bilsəydim ki, əsər – övladın qiyməti, vətən, xalq arşısında xidməti bu qədər böyükmüş, məsuliyyətlimiş, jurnalistliyin daşını biryolluq atıb, qələmimi elə bu ədəbiyyatın yolundaca çıraq olmasa da, heç olmasa xırdaca da olsa (amma yalnız öz içindən, öz yağından yanan!), bir şama döndərərdim”.

Bu gün bizim bir ortaq meydanımız var, bu da feysbuk səhifəsidir. Profillər vasitəsilə bir-birimizdən xəbər tuturuq. Zəngin dünyagörüşü, jurnalist peşəkarlığı, səmimi, mehriban davranışı olan bu qələm sahibindən oxucuları daim ustaddan yeni yazılar gözləyirlər. Bu, jurnalistə çox lazımdır. Kimsə onun yazılarını gözləyir, kimsə onun haqqında düşünürsə, telefon açıb onun səhhəti ilə maraqlanır və ya hal-əhval tutursa, demək o insanlara gərəkdir.

“Sarabəyim” kitabı, eləcə də vaxtilə mətbuatda çap edilmiş silsilə povest, hekayə və oçerkləri ilə qəlbimizə hopmuş M.Rzayevin bu yazıları, eyni zamanda, onun həmişə özünə sadiq qaldığını bir daha təsdiqləyir. Heç vaxt şan-şöhrət dalınca getməyən ustad qələm sahibimiz qələmi ilə geniş oxucu auditoriyası qazanıb.

 

Sətirləri nəğməyə çevrilə bilən şərəfli ömrün yolçusu

 

Mənim üçün həyat təbiətin bizə bəxş etdiyi əvəzsiz nemətdir. Bəlkə də biz onu günlərlə, aylarla, illərlə ölçməyə adət etmişik. Ancaq bu ölçü çox aldadıcıdır. Ömür var ki, qum dənələri kimi barmaqların arasından axıb tökülür. Heç bir iz qoymadan ötüb keçir. Səndən sonra gələnlər bu dünyada yaşadığına dair heç bir dəlil-sübut tapmırlar. Varlığınla yoxluğun bilinmir. Ömür də var ki, özü başa çatsa da, izi, sorağı aylarda, illərdə qalır. Xalqın tarixinə, yaddaşına köçür. Yetişdirdiyi, tərbiyə etdiyi adamların taleyinə çevrilir, onların həyatında yenidən yaşanır. Əsl insan ömrü də, xoşbəxtlik də mənim üçün budur… Məmmədmirzə müəllim də xoşbəxt bir ailənin başçısıdır, övladları, nəvələri üçün xeyli çalışıb. O, sətirləri nəğməyə çevrilə bilən belə bir ömrün yolçusudur!

1980-ci illərdən də qabaq və ta “Zəhmətkeş” ömrünü başa vuranadək qəzetin səhifələrində kəskin oçerklər, publisist məqalələr, portretlər, zarisovkalar, yol qeydləri və sair yazıların altında onun imzasını görmüşəm. Bu imza mənə həmişə doğma olub. Qeyd etdiyim kimi, ustadın özüylə tanışlıqdan sonra əmin olmuşam ki, onun yazıları ilə həyatı bir-birini tamamlayır…

80 illik ömrün 80 baharı, 80 payızı… Ömrün Günəşi, ömrün sazağı… Onu yaxından tanıdığım üçün bu gün Məmmədmirzə Rzayev, – bu ömür yoluna necə qiymət verər, – sualıma məncə, belə cavab verərdi:

– Əlbəttə, həyat enişi, yoxuşu, istisi, soyuğu ilə maraqlıdır, sevimlidir. Çalışdım cəmiyyətə faydalı olum, peşəmə sadiqliyim əsas meyarım oldu. Xalqımı, vətənimi sevirəm. Bir ziyalı kimi ölkəmin bütün uğurlarını fəxrlə izləyirəm və alqışlayıram. Jurnalistikanın gələcəyinə, eləcə də müasir texnologiyaların bizim mütəxəssislərin də hüdudlardan kənarda tanıdacağına inanıram.

Bu yubiley yazısını elə Səyavuş Sərxanlının fikirləri ilə tamamlasaq, mərhum publisistin də ruhu şad olar: “Dünyada yollar çoxdur. Bu yolların ən çətini, həm də ən müqəddəsi oxucu qəlbinə gedən yoldur. Məmməd Mirzə də bu yola inamla, ürəklə çıxıb. Nə qədər dünya durur, bu yollar da var və yer üzünün bütün əlinə qələm alanları o yollarla əbədi olaraq bizə – oxuculara doğru gələcəklər. Sənli-mənli, hamımız. Dostumuz, qələm çiyindaşımız Məmməd Mirzə də!”

Lap sonda isə Məmmədmirzə müəllimi doğum günü münasibətlə təbrik edir, ona möhkəm cansağlığı arzulayırıq. Və pərəstişkarlarına onun bir şeirini təqdim etməyi qərara aldım.

Körpə nəğmələrim

Körpə idim, gülüşlərim

Ulduzları haqlayardı.

Duyğularım köpüklənən

Bulaq kimi çağlayardı.

Ara-sıra düşüncələr

Ürəyimi dindirərdi.

Onda mənim arzularım,

Xəyallarım nəğmə idi.

Səması da, torpağı da

Nəğmələrə qərq olunmuş

Bir aləmdə yaşayardım.

Dərsdən geri qayıdanda

Dəftərimlə, kitabımla,

Çantamla da evimizə

Hər gün nəğmə daşıyardım.

Nənəm məni nəğmə ilə

yatırardı.

Anam məni nəğmələrlə

oyadardı.

Yaşa dolub böyüdükcə

Nəğmələr də ürəyimdə

Körpə kimi boy atardı.

Nə qədər ki uşaq idim,

Günlər adi günlər idi,

İllər adi illər idi.

Fərqi bir gün anladım ki,

Möcüzəli günlər imiş

O günlərim, o illərim.

Mənim körpə nəğmələrim

tez qocaldı.

İncə, kövrək nəğmələrim

Şirin ömür yollarında

düşüb-qaldı.

Bir igidin ömrü qədər

Uzaqdayam bu gün sizdən.

Bir anlığa körpə olub

Qovuşaydım sizinlə mən,

Mənim körpə nəğmələrim!

Mənim körpə nəğmələrim!

Daşdəmir ƏJDƏROĞLU

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir