Şəhid bulağının açılışı olub                     

 

Tovuz döyüşlərində şəhid olan Xəyyam Daşdəmirovun ad günündə xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

Əvvəlcə şəhidin İsmayıllı rayonunun Balik kəndindəki məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılış mərasimi keçirilib. Mərasimdə RİH-in məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər düşmənin növbəti irimiqyaslı hərbi təxribatının qarşısını alan, onların müxtəlif hərbi obyektlərini, xeyli döyüş texnikasını və canlı qüvvəsini məhv edən rəşadətli Azərbaycan əsgər və zabitinin qəhrəmanlığından söz açıb, iyul döyüşlərini 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərə aparan yol kimi xarakterizə ediblər.

Çıxış edənlər Tovuz döyüşlərində Vətənin müdafiəsi uğrunda canından keçən Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirərək, bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib, bulağın inşa edilməsində əməyi keçən hər kəsə öz təşəkkürünü bildiriblər. Milli bayramımız olan Novruzun ilk müjdəçisi- Su çərşənbəsində şəhid bulağının istifadəyə verilməsinin xüsusi rəmzi məna daşıdığı qeyd olunub.

Balik kənd ümumi orta məktəbinin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Qeyd edək ki, Tovuz döyüşləri şəhidi Xəyyam Daşdəmirov Azərbaycan Respublikasının Prezidenti   İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir