QEYBDƏN GƏLƏN SƏSLƏR Aşıq Yanvar Bədəlov – 80
Tarixi, qədim Xocalı (Tircanın ən qədim adlarından biridir) yurdu ilə eyni yaşda olan “Qız piri” qəbristanlığının yanından keçəndə, uzaqdan üzü yola sarı boylanan bir qəbirüstü abidə diqqəti cəlb edir. İstər-istəməz ayaq saxlayıb bu qəbir sahibinin kimliyini öyrənmək istəyirsən. Bir qədər irəlilədikdən sonra qarşıdakı diki çıxıb abidəyə yaxınlaşmağa bir o qədər də ehtiyac qalmayır. Cilalanmış, par-par parıldayan qara mərmər üzərində sazını sinəsinə basıb ecazkar, məlahətli səsilə indicənə oxumağa başlayacaq kimi görünən Aşıq Yanvar Bədəlovun əksini görürsən. Xəyallar aləmi səni qanadlarına alıb yaxın keçmişə aparır. Düşünürsən ki, bir-iki addım da məzara yaxınlaşsan, sinə daşına əyilib diqqətlə qulaq assan, özünə qapana bilsən, lap Aşığın özünün də, sazının da qeybdən gələn səsini belə eşidə bilərsən. İntizar içərisində gözləyirsən ki, ənənəvi aşıq paltarında olan Aşıq Yanvar yenə həmişə olduğu kimi ədəbli yerişi ilə ayaq açıb məclisə daxil olacaq və onu Aşıq Əhmədin aşağıdakı ustadnaməsi ilə açacaqdır:
Tale tərəqqidən salsa insanı, Atılıbdüşməyin nə mənası var?
Bir bulaq gözündən qurusa, onu
Min yerdən eşməyin nə mənası var?
Yüz rənglə naxış vur, min yolla bəzə,
Sabah köhnələcək bu günkü təzə,
Taleyin hökmüylə bağlanan gözə,
Qızıldan çeşməyin nə mənası var?
Hər kəsin taleyi xoş keçsə əgər,
Əyninə bez geysə, “atlas” deyərlər,
Bəxti kəm alimə nadan atsa şər,
İnciyib küsməyin nə mənası var?
Əhməd, el məsəlin gəl eşit sən də,
Daş düşər qürbətə yük əyiləndə.
Zərdən şeş istəyib, yek gətirəndə,
Qovrulub-bişməyin nə mənası var?
Beləcə, 76 illik dünya ömrünün 53 ilini aşıq sənətinə həsr etdi Aşıq Yanvar Bədəlov. Bu gün isə, yaşasaydı 80 yaşı tamam olacaqdı. Bir çoxları aşığın doğum gününü adı ilə əlaqələndirib yanvar ayında doğulduğunu iddia edirlər. Amma bu belə deyil. Aşıq Yanvar 02.02.1942-ci ildə İsmayıllı rayonunun Tircan kəndində anadan olub. Yaş fərqi ilə 11 ay böyük olduğumdan, Aşığın məktəb illərindən tutmuş ta ona şərəf gətirən aşıqlıq peşəsini yerə qoyana kimi, bütün həyat yolları gözlərim önündədir. Səma dərinliyindəki mavi gözləri, bir az ağ, bir az xoşagəlimli xurmayıya çalan xoş çöhrəsi, gülərüz olması, biz qara-qura uşaqlardan fərqli olaraq, o, hamının xoşuna gələrdi. Onu təkrar-təkrar öpüb bağırlarına basardılar. Anası bəy qızı Qüreyiş xanım onu neçə qız övladından sonra tapmışdı. Sidqini Allaha bağlayıb 7 dəfə Babaya ziyarətə gedəcəyini niyyət etmişdi. Qüreyiş xala əri Piralı, qaynı Bəyalı, qaynı oğlu Bərxuda və digərləri ilə sonuncu ziyarətini 1972-ci ildə başa vuranda, oğlu artıq “Aşıq Yanvar” kimi tanınanda, mən də anamla birlikdə o dəstədə iştirak edən ziyarətçilərdən olmuşduq. Yaşının sinni çağları olmasına baxmayaraq, Baba dağının zirvəsinə ilk çatan da elə Qüreyş xala oldu…
1948-1965-ci illər arasını Tircan kənd orta məktəbinin ən böyük intibah dövrü hesab edirəm. Kənd məktəbinə göndərilən yeni ruhlu gənc müəllimlər, müharibənin təhsilimizə, mədəniyyətimizə vurduğu ağır yaraları sağaltmaq üçün əllərindən gələni əsirgəmirdilər. Xor dərnəyi, dram dərnəyi, ədəbiyyat dərnəyi, bədii qiraət dərnəyi, müxtəlif fənlər üzrə dərnəklər yaradılardı, yorulmaq bilmədən dərsdən sonrakı istirahət saatlarını ağ neft lampaları və mazutlu, hisli-paslı qara çıraq işığında, yağışda, boranda bu işə sərf edərdilər. Qazanılmış nailiyyətlər kənd əhalisi qarşısında, el təəssübkeşi Molla Kamildən müsadirə edilib kluba çevrilmiş malikanəsində nümayiş etdirilərdi. Bu işdə tar çalmağı bacaran qusarlı fizika müəllimi İmam Davidovun, Topçu kəndindən gözəl muğam ifaçısı və rəssamlıq bacarığı olan riyaziyyat müəllimi Bəhrəm Məsimovun, 18-19 yaşlı buynuzlu, Pioner baş dəstə rəhbəri gənc şair Musa Yaqubovun (Xalq şairi Musa Yaqub), Pirəbilqasım kəndindən ədəbiyyat müəllimi Əvəz Ədilovun, Şəkinin Baş Köynük kəndindən dil-ədəbiyyat müəllimi Fərrux Məmmədovun, Tircandan riyaziyyat və fransız dili müəllimləri İsmayıl və Mansur Çələbiyev qardaşlarının, kimya müəllimi Tacı Tağıyevin, böyük maarifçilər Kərim Əliyevin, Ağaverdi Sayadovun, Hacı Hidayətovun, Ənvər Balayevin, Əlövsət Talıbovun, Əməkdar müəllim, Qırmızı Əmək Bayrağı ordenli Əhmədəli Məmmədovun və başqalarının böyük, misilsiz xidmətləri olmuşdur. Bu gün barəsində fəxrlə danışacağımız Aşıq Şakir davamçısı Aşıq Yanvar Bədəlov da, o illərdə üzə çıxmış xanəndə Əlvan Məmmədov, balabançılar Əlibaba Nemətov, Alxan Yolçuyev və b. kimi istedadlı yeniyetmələrdən biri idi. Çəlimsiz, arıq, boyu güclə saza boy verən balaca Yanvarın, Molla Kamildən müsadirə edilən malikanəsinin bir küncündə quraşdırılan səhnəyə çıxıb “Qaçaq Nəbi” mahnısını ifa etməsi, bu gün də olduğu kimi yadımdadır.
Aşıq Yanvarın aşıqlıq sənətinə yiyələnməsində, böyük yazıçı Əzizə Cəfərzadənin əsərlərində adı hörmətlə çəkilən tağlabiyanlı məşhur Aşıq Dədə Şamilin danılmaz xidmətləri olubdur. Yadımdadır, Aşıq Şamil Tircanda keçirilən bütün kiçik və böyük toyların hamısında iştirak edərdi. Məşhur aşığın səsi sonralar bədxah insanlar tərəfindən batırıldığından, onu əlinə saz alıb oxuyan görməmişdim. Amma şux qamətinə yaraşan aşıq libasını tərk etdiyini də xatırlamıram. O, məclislərin başında oturub yenicə saz götürməyi bacaran yeniyetmə Yanvarın bütün hərəkətlərini, ifalarını izləyər, irad tutar, düzgün istiqamətə yönəldərdi. Aşıq Şamil 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində, 1872-1937-ci illər arası ömür sürmüş, Ağsunun Qəşəd kəndində yaşamış ustadı Aşıq Bilaldan öyrəndiklərini gənc Yanvara da təlqin edərdi. Əslində isə, aşıqlıq Yanvarın öz canında, öz qanında idi. Ulu babası Aşıq Fətəli Bədəloğlu dövrünün sayılıb-seçilən aşıqlarından biri olmuşdur. Məhz buna görə idi ki, Ustadı Aşıq Şamilin öyrətdiyi “Şəşəngi”, “Ordubadi”, “Şirvan gözəlləməsi”, “Qobustan pişroları”, “Osmanlı” və s. havalar yeniyetmə Yanvar tərəfindən tez mənimsənilərdi. Gənc aşıq bununla kifayətlənməzdi. Eldə-obada toylara dəvət olunan ustad aşıqlardan Məmmədağa Babayevin, Aşıq Bəylərin, Aşıq Pənahın, məşhur xanəndələrdən Eynulla Cəbrayılovun və digərlərinin məclislərinə gedər, onlardan nə isə öyrənməyə çalışardı. Sumqayıtda fəhlə işlədiyi dövrdə “İnşaatçılar”ın mədəniyyət evində bədii özfəaliyyətdə çıxış etdiyi zamanlar, Yanvarın tamaşaçılar tərəfindən necə hərarətlə qarşılandığını görən əmisi oğlanları, təkidlə onu Aşıq Şakirin yanına aparmış, ondan bu gənc, sütül oğlana ustadlıq göstərməsini xahiş etmişlər. Və zaman keçdi, bu mavi gözlü oğlan özü də hiss etmədən dönüb Aşıq Şakirin, eləcə də Şirvan aşıqlıq məktəbinin irsini yaşadan ən layiqli sənətkarlardan biri oldu.
Geniş dinləyici auditoriyasının rəğbətini qazanmış Aşıq Yanvar, ilk növbədə uçub dağılmaqda olan ilk addımlarını atdığı əmisinin mülkündəki tikiliyə klub statusu alır. Bir neçə il ötür, artmaqda olan Aşıq Yanvar nüfuzunu nəzərə alaraq, kənddə böyük, müasir klub binası inşa edilir. 1970-ci ildə oranın müdiri, 1974-cü ildən isə Mədəniyyət evi adlandırılaraq oranın direktoru, eyni zamanda İsmayıllı rayon “Aşıqlar ansamblının” bədii rəhbəri olur. Bakıda M.Maqomayev adına Filarmoniyada tez-tez təşkil olunan “Şirvan aşıqları” konsertlərində böyük sənətkarlarla çiyin-çiyinə durub, tamaşaçıları ifası ilə valeh edən aşıqlardan biri olur.
Aşıq Yanvar 3 dəfə Ümumittifaq festivallar laureatı, 1987-ci ildə Xalq Yaradıcılığı Festivalının xüsusi medalı, 2004-də Aşıqlar müsabiqəsinin qalibi, 2006-da “Əhaliyə nümunəvi-xidmət” göstərdiyinə görə və “28 may” münasibətilə keçirilən Aşıqlar müsabiqəsində xüsusi diplomla təltif edilmişdir. “Aşıq Şəmkir” adına Gənc Aşıqlar müsabiqəsində münsiflər heyətinin üzvü olmuşdur. 2010-cu ildə Beynəlxalq Aşıqlar Festivalının iştirakçısı olmuş, Mədəniyyət və Turizm Nazirliyinin 1-ci dərəcəli diplom və medalına layiq görülmüşdür. Müxtəlif müəlliflər Aşığın həyat və yaradıcılığına dair neçə-neçə məqalələr, şer və poemalar, neçə-neçə kitablar və almanaxlar həsr etmişlər.
Aşıq Yanvar oğul dağı görmüş aşıqlardan idi. Həyatının son günlərində özünə qapanan Aşığın qəlbinə bir neçə nisgil də əlavə olunmuşdu. Bu nisgillərdən biri qara kabusa dönüb başımızın üstünü alan milli-mənəvi dəyərlərimizin getdikcə sıradan çıxmasına yönəldilən məqsədyönlü aşınmalar, digəri isə direktoru olduğu klubun gözləri qarşısında uçulub-dağılaraq çöl göyərçinlərinə yuva olması idi. Dəyişən dünyamızda hər şeyin dəyişdiyi kimi aşıqlıq sənətinin də geniş salonlardan, mağarlardan sıxışdırılaraq kiçik, ucuz yolqırağı çayxanalara köçməsi Aşığın dərdinin üstünə bir dərd də gətirmişdi. O, yabanı musiqi alətlərinin aşıq musiqi alətləri ilə sintezini sevməzdi. Yastı balabanın, qara zurnanın, sədəfli sazın melodiyalarına qarışan gitara səsini it hürüşməsinə bənzədərdi. Bütün Qərbi Avropa, dünyanın Qərb yarımkürəsi bizim musiqimizi, poeziyamızı, mətbəximizi, adət-ənənəmizi sevib hörmət etdikləri halda, biz niyə belə laqeyidik? Mərhum aşığımızı bəhanə gətirərək oxucularıma, eləcə də onların vasitəsilə digərlərinə ürək ağrısı ilə bildirirəm ki, biz dilimizi əcnəbi sözlərlə doldururuq, milli adətlərmizə, musiqimizə xor baxırıq. Bizim musiqimizi, poeziyamızı dünya xalqları bizdən yaxşı qiymətləndirir. Nümunə olaraq aşağıdakıları misal gətirirəm: Amerikalı Cefri Verbax bir kamançanın, bir Azərbaycan musiqisinin, bir Azərbaycan gözəlinin eşqinə öz dinindən, milli mənsubiyyətindən dönübdür. Rus çarı Aleksey Mixalkovski (XVII əsr) öz toyunda bir gecə-gündüz zurna-nağara çaldırıb. Kazan Universitetinin rektoru Lobaçevsyi demişdir ki, təkcə Füzulini oxumaq üçün Azərbaycan dilini öyrənməyə dəyər. Kazan Universitetinin digər Rektoru Friksin arvadı Aleksandra isə, M.C.Topçubaşovun “Azərbaycan” şeirinin təsirindən “Gülnar” təxəllüsünü qəbul etmiş və əsərlərini bu təxəllüs ilə yazmışdır və s. və i.a.
Aşıq Yanvar istər ulu öndər Heydər Əliyev dövründə, istərsə də onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Respublikada, eləcə də İsmayıllı rayonunda keçirilən bütün tədbirlərin iştirakçısı olubdur. Aşığın bu xidmətləri yüksək qiymətləndirilib, ona Prezident cənab İlham Əliyev sərəncamı ilə Respublikanın Əməkdar incəsənət işçisi fəxri adı verilibdir. Aşığımıza ulu Tanrıdan rəhmət diləyirik. Yazıma Aşığın bir şeri ilə nöqtə qoyuram.
Yarı ömrüm gül-çiçəklə ötüşdü,
İndisə xar ilə əlləşən canım.
Ömrün yazı sevgidədir, toydadır,
Qış gəldi, qar ilə əlləşən canım.
Uca dağdan enməyinin nəyi xoş,
Barlı bağdan dönməyinin nəyi xoş.
Odlu çağda sönməyinin nəyi xoş,
Tərlan yox, sar ilə əlləşən canım.
Dalğalanmır daha coşan dənizim,
Dayaz yerdə nə qol atım, nə üzüm?
Od yağmır dilimdən, tükənib sözüm,
Kül ilə, qor ilə əlləşən canım.
Yaxşı günə ümid edib dözürük,
Ümidləri sıra-sıra düzürük.
Ömrün gəmisində hələ üzürük,
Kəməndlə, dor ilə əlləşən canım.
Vaqif MƏMMƏDOV .
