İNSANLARLA DİL TAPAN ŞAİR-JURNALİST                

 

(Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədovanın yubileyinə bir neçə kəlmə xoş söz)

 

Zaman keçdikcə, dövr dəyişdikcə aydın hiss edirik ki, bütövlükdə çağdaş həyatımızda bizi düşündürən əsas mətləblərdən, problemlərdən biri – kökündən uzaqlaşdıqca özündən uzaqlaşan, özünəyadlaşan insanın yenidən öz təbii ilkinliyinə, əzəli saf varlığına qayıtması olub. Bu problemi müxtəlif dünyaduyumuna malik olan yaradıcı insanların hərəsi bir cür izah edir, müxtəlif səbəblər göstərirlər.

Son dövrlərdə özünəqayıdışın ən gözəl örnəkləri milli mətbuatımızda, xüsusilə kökünə, ənənəsinə bağlı mətbuatda daha qabarıq və daha nəzərə çarpacaq özünü biruzə verir. Bir vaxtlar, təxminən 10-15 il əvvəl sarı mətbuatın mövcud olduğu dövrdə yabançıların gətirdikləri zəhərli “səhra küləkləri” bu sahədə çöl qoxusunu, yovşan ətrini unutdurmaq ərəfəsində idi. Ancaq söz xəyanəti bağışlamır! İllər uzunu KİV-də, ümumiyyətlə, yaradıcı sahədə meydangirlik edib rəqib tanımayan “söz pəhləvanlarının” kürəyini elə sözün özü vurdu. Və mediada durulma, aydınlaşma və işıq mərhələsi başladı. Bu durulma mərhələsində onlarla imza, onlarla yeni qələm sahibi üzə çıxmağa, sözünün gücünü göstərməyə imkan qazandı. Söz axar su kimidir. Su murdar götürmür və axdıqca tərkibindəki zir-zibili, çirkabı kənarlara atır və son mənzilə varanda artıq durulmuş, təmizlənmiş, paklanmış olur. Sözümüz, onun söykəndiyi mənbələr artıq 150 ilə yaxındır ki, su kimi axaraq dünənimizdən bizə doğru yol gəlir. Bu axının axarına düşüb günümüzə çatan saf söz, saf qələm sahibi az deyil. Ancaq murdar götürməyən söz çirkabı, hərcayi sözü günümüzə gətirib çıxarmayıb. Tarix ancaq əsl sözü, saf sözü nəsildən-nəsilə, dünəndən bugünə, bu gündən də sabah ötürür.

Ancaq qarşılaşdığımız təlatümlərin içindən vicdanı təmiz, ruhu saf, sözü dupduru çıxanlar da az olmadı. Hər zaman sözün gücünə inanıb, qəlbinin səsinə qulaq asıb yazanlar bu söz savaşından, haqq savaşından qalib çıxanlardır.

Sözün yanında üzüqara qalmayan, sözün xəlbirindən ələnib üzə çıxan gözəl qələm adamları, söz adamları az deyil. Mən isə oxucularımıza bu dəyərli söz adamlarının yalnız birindən – 60 illik yubileyini qeyd etdiyimiz Respublika “Xatirə kitabı” redaksiyasının baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədovadan söz açacağam.

ÖMÜRNAMƏSİNDƏN BİLDİKLƏRİM: Nəzakət Məmmədova 2010-cu ildə “Qızıl qələm”, 2014-cü ildə Prezident mükafatlarına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. Həzi Aslanov yubiley medalı, Rusiya Federasiyasının “Qələbə 75” medalı və Moskvanın “Dostoynaya pamyat”  Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub.

2018-ci ildə “Yurd dediyim bu torpaq” kitabı dərc olunmuşdur. Kitabda “Şəhid zirvəsi” poeması da yer alıb. Tehranda “Ərdəbilim” adlı şeirlər toplusu nəşr olunub (2018-ci il). 2010-cu ildən “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalının təsisçisi və baş redaktorudur.

2011-ci ildən nəşrə başlayan və ötən illər ərzində təkcə ölkəmizdə deyil, həm də onun hüdudlarından kənarda böyük oxucu auditoriyası qazanmış “Yada düşdü” ədəbi-bədii, nostalji jurnalı milli-mənəvi dəyərlərimizin təbliğində, Azərbaycanın görkəmli şəxsiyyətlərinin tanıdılmasında, dünyasını dəyişmiş məşhur elm, ədəbiyyat, incəsənət xadimlərinin yad edilməsində, ədəbi gəncliyin ən son uğurlarının işıqlandırılmasında müstəsna rol oynayıb, böyük uğurlar qazanıb.

Respublika Mətbuat Şurasının, Türk Dünyası Ədəbiyyat Dərgilər Birliyinin üzvü olan “Yada düşdü” jurnalının qardaş Türkiyə Respublikasında, Rusiya Federasiyasında təmsilçiləri var. Bundan başqa İran, İraq, Şimali Kıprıs Türk Cümhuriyyəti, Saray Bosna, Dağıstan, Qırğızıstan, Özbəkistan, Qazaxıstan Respublikaları ilə ədəbi əlaqələr qurub.

Xalq şairi Nəriman Həsənzadənin tövsiyəsi ilə Tehranda nəşr edilən “Xudafərin” jurnalı ilə “Yada düşdü” jurnalı qardaşlaşmış dərgilər kimi fəaliyyət göstərir, tez-tez bir-birinin qonağı olur.

Nəzakət Məmmədovanın yaradıcılığına Allahverdi Eminovun həsr etdiyi “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikmət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabı çap edilib. O, Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı… və ya 44 günün dastanı” film layihəsinin müəllifidir.

20 ilə yaxındır ki, Respublika Xatirə Kitabı Redaksiyasında çalışır. 6 ildir kitabın baş redaktoru vəzifəsinə təyin olunub. “Xatirə Kitabı”nın 16 cildi çapdan çıxıb, 17-ci cildin tamamlama işləri gedir.

“Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından 5 şəhid haqqında kitab çapdan çıxıb. Redaksiya hər il bir şəhid haqqında kitab hazırlamağı nəzərdə tutur. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası daha bir məsuliyyətli araşdırmaya başlayıb.

Dövlət Təhlükəsizlik Xidməti Nazirliyinin nəzdində fəaliyyət göstərən “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi Qrupu ilə aparılan bu işbirliyinin məqsədi kimi, Azərbaycan Respublikasının ərazi bütovlüyünə təcavüz edən Ermənistanın Azərbaycanın əzəli və əbədi torpaqları olan Dağlıq Qarabağ və ətraf rayonlara hücumu və torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı talelərinin araşdırılması əsas prioritet hesab edilib. Kifayət qədər çətin və mənəvi yük daşıyan bu araşdırmalar zamanı erməni terrorçu-quldur dəstələri tərəfindən əsir və girov götürülmüş, eyni zamanda naməlum şəraitdə itkin düşmüş 3888 nəfər Azərbaycan Respublikası vətəndaşı barədə olan məlumatlar yenidən ciddi araşdırılmış və Respublika Xatirə Kitabının dörd cildlik xüsusi buraxılışına daxil edilib. Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirəcək üç cildlik “Tarixi Zəfər” kitabı çapa hazırlanmaqdadır.

Bu nurlu xanım haqında ilk dəfə bir yazı yazmışdım, təxminən 10-12 il əvvəl. Həmyerlim, mərhum şair Alim Məhərrəmlinin təşəbbüsü ilə qələmə aldığım bu oçerkdən sonra onun sorağında idim, üzbəüz oturub söhbət etmək arzusunda idim. Hətta Alim söz vermişdi ki, asudə günlərin birində başda oturub Nəzakət xanımla çay içər, dərdləşərik. Amma bu, qismət olmadı…

Təsadüfən bu yay günlərində neçə illik dostum veb-redaktor Cəfər Kərimov “al dili”ylə məni “Azərbaycan” nəşriyyatının 4-cü mərtəbəsindən 6-cı mərtəbəsinə qaldırdı, bildirdi ki, bir yaxşı dostumuz səni görmək istəyir. Dost adıyla çıxdım, təyin etdiyi ünvana məni salıb özü çıxıb getdi. Bu ünvan “Xatirə kitabı” redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət xanımın əyləşdiyi otaq idi. Çox çıxılmaz vəziyyətə salmışdı Cəfər məni. Hərdən nəşriyyatın birinci mərtəbəsində liftin yanında gördüyüm Nəzakət xanım özü söhbətə körpü saldı, ordan-burdan söz saldı, müxtəlif suallar vasitəsilə məni tanımağa başladı. Əslində, 1 saatlıq bu söhbət, həmin suallar əsnasında mən də onu yaxından tanımağa başladım.

İş otağında əqrəblərini ağır-ağır sürüyən saatın çıqqıltısını dinləyə-dinləyə sanki Nəzakət Məmmədovanın daxili dünyasına daxil oldum. Beləcə bu xəyallar nəticəsində uzun bir yolçuluq başladı. Onu dinlədikcə daxili dünyasından süzülüb gələn, insanı riqqətə gətirən işığa büründüm. Sanki ecazkar, əsrarəngiz bir aləmə, mühitə düşmüşdüm. Bu söhbətdən, səmimi dialoqdan, disskussiyadan duyğusal, cəsarətli, sevgi dolu, vətənpərvər, ailəcanlı, sədaqətli və istedadlı bir xanımın boylandığını fərq elədim. Başa düşdüm ki, bu fikirləri yalnız və yalnız içi sözlə dopdolu olan, daxili dünyası işıq saçan Nəzakət xanım söyləyə bilər. Hisslərin səmimiyyəti, doğmalığı istər-istəməz insanı riqqətə gətirdi.

Deyirlər: “Əsl jurnalistin geniş dünyagörüşü, zəngin mütaliəsi, mühakimə yürütmək və nəticə çıxarmaq qabiliyyəti olmalıdır. Hadisələrə önəm verməyi, dəyərləndirməyi bacarmalıdır. İnsanlarla dil tapmalıdır. Onların nə istədiyini başa düşməlidir və onlara istədiklərindən də artıq nəsə verməlidir”…

Xülasə mən Nəzakət xanımın şirin danışığından aldığım təəssüratlardan çox razı və məmnun qaldım. Bu görüşdən sonra Cəfərlə öz iş otağımızda rastlaşanda razı qalıb-qalmamağımı soruşdu. Bildirdim ki, məni elə bir xanımla yaxından tanış edib ki, həyatımda belə yazar, təşəbbüskar, zəhmətkeş, canıyayan, qılıqlı, sənimi, mehriban qadınlar 2, ya 3 ola-olmaya. Elə bu məmnunluqla münasibətimi bildirəndə də özümü çox rahat, çox xoşbəxt hiss elədim. Yaxşı ki, bu cür yaradıcı xanımlarımız, şairlərimiz, bu cür sözü dəyərə mindirən, sözü cilalaya bilən qələm adamlarımız var. Yoxsa yabançı təsirlərə düşüb sözün başına oyun açan şairlərin, söz sərraflarının verdikləri əzab biz söz adamlarını, qələm sahiblərini dəli edərdi. Yaşatdığı gözəl duyğulara görə otağındaca Nəzakət Məmmədovaya təşəkkürümü bildirmişdim.

Facebookdan təzəcə xəbər tutdum ki, bu fədakar, işgüzar, istedadlı şairin, jurnalistin, naşirin yubileyidir. Mən də öz növbəmdə bir həmkar olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xatirə kitabı” redaksiyasının və “Yada düşdü” jurnalının baş redaktoru Nəzakət Məmmədovanı şad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq üfüqləri arzulayıram. “Yada düşdü” jurnalının ömrünə yeni çalarlar qatan bu xanımın ömrü daha da işıqlı, bərəkətli olsun.

Daşdəmir ƏJDƏROĞLU

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir