MƏN SARVANLA FƏXR EDİRƏM

Hərbi müəllim işlədiyim İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbində 600-dən yuxarı, hətta 700 bal nəticə ilə ən pristijli ali təhsil ocaqlarında təhsil alan məzunlarımızın sayı onlarladır. O məzunların böyük əksəriyyəti artıq ixtisasları üzrə fəaliyyət göstərirlər.
Məktəbimizdə hərbi işə də maraq göstərən çoxdur. Bu sahədə uğur qazananlarımız kifayət qədərdir. Aprel döyüşlərində və 44 günlük Vətən müharbəsində qəhrəmanlığı ilə seçilərək yüksək mükafatlarla təltif olunmuş məzunlarımızın uğurları bir hərbi müəllim kimi şəxsən məni çox ruhlandırır. Bir zamanlar “Şahinlər” və. “Cəsurlar” hərbi idman komandalarının fəxrı üzvləri olan Vüqar Süleymanovun, Orxan Babazadənin döyüşlərdə göstərdikləri şücaətlər çoxlarına məlumdur.
Yüksək rütbələrə, uğurlara yüksəlmiş, zabit adını şərəflə doğruldan məzunlarımızdan isə danışmaqla qurtarmaz. Onlar xeyli çoxdurlar.
Bu yazımın qəhrəmanı da ordumuzun zabiti olmaq kimi şərəfli missiyanı özünə həyat yolu seçmiş işıqlı, layiqli bir gəncdir. Mənim üçün övlad qədər əziz və sevimlidir – Sarvan Hüseynov.
Mənim üçün məzunlarımızın, şagirdlərimizin hamısı eyni dərəcədə qiymətli, əzizdir. Amma elələri var ki, tez yaddan çıxır və ya tədricən unudulur. Həyatın qanunudur, tanış insanların sayı çoxaldıqca, köhnələrin bir qismini unutmalı olursan. Bu, həm də yaddaşın imkanlarından asılıdır. Hamını eyni dərəcədə yadda saxlamaq çətindir.
Amma yaddaşında xüsusi yeri, nişanı olanlar da tapılır ki, sən onu uzun müddət, bəzən də sona kimi xatırlayırsan. Sarvan dərs dediyim belə oğullardandır. O, sinifdə ən ucaboy oğlan idi. Xarakter etibarı ilə sakit, lakin daxilən çılğın, iradəli, həqiqətsevər, sadə, həm də çalışqan şagid idi. Əlaçı olmasa da, yaxşı oxuyurdu. Sınaqlarda 400 bal civarında nəticələri olurdu.
Uşaqlıqda ağır sümük xəstəliyi keçirib, uzun illər müalicə olunmuşdu. İndi tam sağlam olsa da, gözü qorxmuş valiydenləri onu rahat, dinc bir sənət sahibi kimi görmək istəyirdilər. Peşə seçimində tərəddüd edirdilər. Elə Sarvanın da tərəddüd etdiyi hiss olunurdu.
Müəllimlərin işi yol göstərmək olduğundan, mən də hüququmdan istifadə etdim. Hərbi hazırlıq dərslərində Sarvanın böyük həvəslə iştirak etdiyini, sıra təlimində ciddi-cəhdlə hərbçiyə oxşamaq istədiyini görürdüm. Komandaları düzgün icra etmək həvəsini artırmaq məqsədi ilə hər dəfə “Səndən yaxşı komandir olar” – deməyim deyəsən onu tutmuşdu. Günlərin bir günü gəldiyi qənaəti mənə açıqladı: -“Mən hərbçi olacağam” – deyə, bildirdi.
Düşündüm ki, tez-tez fikir dəyişən uşaqlarda olduğu kimi, ötəri bir həvəs ola bilər.
– Əminsən özünə?- deyə soruşdum.
– Artıq əmin olmuşam.- dedi.- Seçim eləmişəm. Hərbi Akademiyaya gedəcəyəm.
– Valiydenlərin necə, razı olarlar?
– Bu mənim öz qərarımdır. Mənim üçün ən yaxşı sənət elə zabit olmaqdır. Görürəm ki, maraqlıdır. Atam, anam da razılaşarlar. Axı mən körpə uşaq deyiləm ki, hələ də məni qorusunlar.
Düşündüm ki, artıq olan olub. Apardığım təbliğat öz işini görmüşdü. Bir tərəfdən sevinsəm də, digər tərəfdən bir qədər nigaran idim. Ata-ananın üstündə əsdiyi yeniyetməni ağır bir sənətə yönləndirmək məsuliyyəti məni nigaran qoyurdu. Adətən bu sənətə bir qədər dilli, çox şeylə barışmağı bacaran oğlanlar daha çox həvəs göstərirdilər. Sarvan isə sakit təbiətli, sadədil, bulaq suyu kimi dupduru bir gənc idi. Yalanla, riyakarlıqla tamam barışmaz mövqedə dururdu həmişə. Bir sözlə, vicdanlı oğlan idi.
Fikirləşrdim ki, valideynlərinin təkidi olarsa, yəqin ki, fikrindən dönər. Amma elə olmadı. Qəbul vaxtı sənədlərini Heydər Əliyev adına Ali Hərbi Akademiyaya verdi və yüksək balla oranın kursantı oldu. Bu xəbəri eşidəndə çox böyük qürur hissi keçirdim. Ürəyimdə ona: Əhsən, Sarvanım! – dedim.
Aradan bir-iki ay keçmişdi. Sarvanı hər gün olmasa da, tez-tez xatırlayırdım. Amma bu tezlikdə görüşə biləcəyimizi də düşünmürdüm. Fikirləşirdim ki, hərbi müəssisədir, hələ belə tez imkan tapıb bu tərəflərə gələ bilməz. Amma, sən demə, Sarvan da görüş üçün məqam axtarırmış.
Bir gün işimlə əlaqədar məktəbdə deyildim. Zəng elədilər ki, bəs hərbi geyimli bir oğlan neçə saatdır məktəbin qabağında səni gözləyir. Bildim ki, Sarvandır. Sevincdən gözlərim doldu. Dərhal bir taksiyə əyləşib özümü məktəbə çatdırdım. Özüdür ki, var. Elə Sarvan idi. Kursant paltarında tanınmaz dərəcədə dəyişmişdi. Yaraşıq, boy-buxun. Lap əsil generala oxşayırdı. Məni görüb üstümə yüyürdü. Yaxınlaşıb hərbi qaydada məruzə etdi:
– Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı Sarvan Hüseynov sevimli müəlliminin görüşünə gəlib!
Sevincimin həddi-hüdudu yox idi. Qucaqlaşıb, görüşdük. Maşallah, boyu boyumdan xeyli hündürdür. 165-ə qarşı 190 olar. O boyla əyilib üzümdən öpəndə, elə bil mən də bir boy uzanırdım. Xeyli söhbət edib ayrıldıq. Gedəndə yenə nigarançılığımı dilə gətirdim:
– Peşman deyilsən ki? Düz seçim eləmisən?
– Seçimimin düzlüyünə 100 faiz əminəm. Mən elə uşaqlıqdan hərbi işi sevirdim. Amma fikrim qəti deyildi. Keçdiyiniz dərslərdən, söhbətlərinizdən fikirlərimə aydınlıq gəldi. Bu, elə mənim işimdir. Elə ordakı müəllimlər də zarafatla generala oxşadığımı deyirlər.
– Olmağı arzulayırsanmı?
– Niyə də arzulamayım?! – gülümsəyib cavab verdi.
– Düzdür. Yaraşır. İnşallah olarsan da! Uğur olsun!
Sarvanla çəkdirdiyim və fəxrlə dostlara təqdim etdiyim bu şəkli isə yaxın günlərdə çəkdirmişəm
Eşitdim ki, hərbi təhsilin təşviqi ilə əlaqədar Bakıdan gələn təşviqat qrupu ilə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə görüş olacaq. C.Naxçıvanski adına litseyə və digər hərbi məktəblərə hazırlaşan şagirdlərimizi də yığıb ora getdik. Sarvan da qonaqların arasında idi. Artıq dördüncü kursdadır. Bir az da bərkiyib, möhkəmlənib. Qrupun rəhbəri olan müəllim, polkovnik- leytenant Sarvanı ürəyimcə olan sözlərlə təqdim etdi:
– Akademiyamızın nümunəvi kursantlarındandır, – dedi. – Baxın, belə gənclərin sənəd verməsini arzulayardıq. İradəli, sağlam düşüncəli, intizamlı, dözümlü gəncdir. Bütün müəllimlərin sevimlisidir. Ordunun belə mütəxəssislərə ehtiyacı çoxdur. Şagirdləriniz arasında belələri varsa, qoy sənəd versinlər.
Sevindim. Ürəyimdəki bütün nigarançılığım da yoxa çıxdı.
Tədbir sona çatdı. Ayrılarkən Sarvan bir yerdə şəkil çəkdirməyimizi istədi. Sevinclə qarşıladım və bu şəkli çəkdirdik.
COVID-in üzü qara olsun. O qədər fikrimi çaşdırıb ki, maskanı da üzümdən çıxartmamışam. Heç olmasa sevimli şagirdimin yanında açıq üzlə dayanardım.
Ayrılıb gələndə ürəyimin içindən gələn bir səs sanki mənə hey deyirdi: MƏN SARVANLA FƏXR EDİRƏM!..
Şahlar Hacıyev,
İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin müəllimi