Təhsil əlaçısı, ali kateqoriyalı müəllim

Tofiq Məhəmməd oğlu Qurbanov 1950-ci il 28 noyabr tarixində Qurbanəfəndi kəndində anadan olub. İlk təhsilini Qurbanəfəndi kənd səkkizillik məktəbində, orta təhsilini isə İsmayıllı rayonunda 1 nömrəli orta məktəbində başa vurub. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirib kimyaçı ixtisasını alıb. 1966-72-ci illərdə tələbəlik illərindən Bakı-Şuşa Zavodunda (fəhlə-kimyaçı texnoloq) kimi əmək fəaliyyətinə başlayıb. 1972-ci ildən etibarən İsmayıllı rayonunun məktəblərində kimya müəllimi işləyib. 1972-83-cü illərdə hərbi xidmətdə olub. 1984-cü ildən Qurbanəfəndi kənd orta məktəbində çalışıb. O, kimya müəllimi, təşkilatçı müəllim, dərs hissə müdiri işləmiş, daha sonra direktor vəzifəsinədək irəli çəkilmişdir. İşlədiyi illər ərzində özünün işə məsuliyyətli, münasibəti təşəbbüskarlığı ilə seçilib. Fənninə olan sevgisini şagirdlərə ötürə bilmiş, kimya fənninin əhəmiyyətini, vacibliyini onlara çatdıra bilmişdir. İllər keçdikcə çəkilən zəhmət öz bəhrəsini verdi. Şagirdləri kimya təmayüllü ali məktəblərdə müvəffəqiyyətlə imtahan verərək müəllim, həkim, aqronom, digər təsərrüfat sahələri üzrə mütəxəssislər, elmi işçilər oldular. Tofiq müəllim rayon və respublika kimya müəllimləri içərisində öz işinin ustası kimi tanınmağa başladı. Müəllim işlədiyi illər ərzində daim öz üzərində işləmiş, elmi biliyini, tədrisdə olan yenilikləri, təlimin müasir üsullarını öyrənmiş və işində tətbiq etmişdir. Şagirdlərinə kimya fənnini daha dərindən öyrətmək məqsədilə olimpiadalara cəlb etmə, müxtəlif praktik eksperimentlər, maraqlı təcürbələr aparmaq işinin xarakterik cəhəti olub. Bu istiqamətdə fəaliyyətin nəticəsində onun şagirdləri vaxtaşırı rayon və respublika olimpiyadalarının iştirakçısı və qalibləri sırasında yer alıblar. Pedaqoji mühazirələrin, elmi praktik konfransların fəal iştirakçısı olub. Kimya müəllimlərinin rayon metodbirləşməsinə rəhbərlik edib, təcrübə mübadiləsini daim ön plana çəkib, yeniliyi izləməyi və tətbiq etməyi müəllimlərə tövsiyə edib. Dəfələrlə Müəllimlər Qurultayının nümayəndəsi olub. İşi rəhbər orqanlarının diqqətindən kənarda qalmamış, vaxtaşırı rəğbətləndirilmişdir. Ali kateqoriyalı müəllim idi. Müxtəlif səviyyəli mükafatlara layiq görülmüşdür. Təhsil Nazirliyinin fəxri fərmanları, Təhsil şöbəsi və İcra Hakimiyyətinin fəxri fərmanları ilə, eləcə də tanınmış Maarif Xadimi adına layiq görülmüşdür. SSRİ Təhsil Əlaçısı adına layiq görülüb. Respublika Təhsil Şurasının üzvü idi. Övladları da ali təhsillidir. Ailədə Mahir, Maarif və Cahangir onun peşəsinin davamçılarıdır.
Tofiq müəllim qayğıkeş ailə başçısı olmaqla yanaşı çox mehriban, səmimi yoldaş idi. İşlədiyi kollektivlə doğma insanlara məxsus ünsiyyət qurmağı bacarırdı. Elə bir adam tapılmazdı ki, o, Tofiq müəllimin sözündən, hərəkətlərindən incisin. Elədiyi hər bit işi təmənnasız görürdü. Sanki, hər bir kəsin qəlbini oxuyurdu, müəyyən formalarla problemlərini öyrənirdi. Mənəvi dəstəyini, məsləhətini və köməyini əsirgəməzdi. Bir humanist insan kimi dəstəyin hər bir formasını ehtiyacı olana yeri gəldikcə edirdi. Əsl insanlığa məxsus bütün xüsusiyyətlə Tofiq müəllimin xarakterində cəmlənmişdir.
Kənd sakinləri arasında da Tofiq müəllim əvəzolunmaz idi. Öz mehriban davranışı ilə istər kəndin quruculuq və abadlıq işlərində, istərsə də kəndin xeyir-şərində həmişə sakinlərlə olmuşdur. Bir ziyalı kimi, bir ağsaqqal kimi vaxtında verdiyi dəyərli məsləhətlərdən hər kəs bəhrələnmişdir. Ona görə də hər kəsin Tofiq müəllimə böyük hörmət və ehtiramı var idi. Belə bir adamı gözləmədiyimiz bir vaxtda ( 01 fevral 2022-ci il) itirmək hamımız üçün ağır dərd oldu. Tofiq müəllim bir evdən yox, hər bir evdən getdi. Tofiq müəllimə hələ çox ehtiyacımız var idi. Tofiq müəllim bir tarixi şəxsiyyət kimi həyatımız boyu qəlblərdə yaşayacaq, heç vaxt unudulmayacaq.
Allah Tofiq müəllimə qəni-qəni rəhmət eləsin, qəbri daim nurlu olsun. Başda ailəsi olmaqla bütün camaata böyük səbrlər diləyirəm.
Kamal Allahverdiyev,
Qurbanəfəndi kənd tam orta məktəbinin müəllimi