Ağayev Xamis Sirac oğlu

Ağayev Xamis Sirac oğlu 1934-cü ildə İsmayıllı rayonunun Yeniyol kəndində anadan olub.
İbtidai təhsilini doğulduğu kənd məktəbində almışdır. Bir müddət qonşu Təzəkənd məktəbində oxuduqdan sonra 1947-ci ildə ailəsi ilə birlikdə İsmayıllı rayon mərkəzinə köçərək, İsmayıllı rayon orta məktəbində təhsilini davam etdirmişdir.
1953-cü ildə orta məktəbi bitirərək sənədlərini APİ-nin fizika fakültəsinə verib, ali məktəbə daxil olmuşdur.
Ali təhsil aldıqdan sonra, 1960-cı ildən İsmayıllı şəhər 1 nömrəli orta məktəbində ixtisası üzrə müəllim işləməyə başlamışdır. Xamis müəllim həmişə dərslərini maraqlı qurmuş, pedaqoji sahədə olan yenilikləri öyrənməklə bərabər onlardan tədrisdə istifadə etmişdir. Tədrisdə mühüm rol oynayan amillərdən birinin kabinet olduğunu nəzərə alıb belə bir fizika kabinet yaratmış və onu əyaniliklərlə zənginləşdirmişdir. Onun yaratdığı bu kabinet “İlin ən yaxşı kabineti” adına layiq görülmüşdür və I yer tutmuşdur. İşlədiyi müddətdə həmişə şagirdləri rayon və respublika olimpiadalarında iştirak edib uğur qazanmışlar.
1973, 1977, 1984, 1987-ci illərdə keçirilən respublika elmi praktik konfranslarında məruzə ilə çıxış etmişdir. Mətbuatda vaxtaşırı yazıları çap olunmuş, iş təcrübəsi öyrənilib yayılmışdır.
1990-cı ildə Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutu “Qabaqcıl pedaqoji təcrübə bankı” onun təcrübəsini öyrənmişdir.
X.Ağayev şərəfli əməyinə görə çoxsaylı Fəxri fərmanlar almış, adı təhsil şöbəsinin və məktəbin “Şərəf lövhəsi”nə yazılmışdır.
O, 1974-cü ildə “Azərbaycan SSR qabaqcıl maarif xadimi” nişanı ilə təltif edilib. 1983-cü ildə baş müəllim, 1988-ci ildə metodist müəllim adına layiq görülmüşdür. Xamis müəllimin pedaqoji fəaliyyəti dövründə əməyi çoxsaylı Fəxri fərmanlar, Təşəkkürnamələrlə mükafatlandırılıb. Onun qazandığı ən dəyərli mükafat el hörməti, şagirdlərinin saf sevgisi olub.
Xamis müəllimin sıralarımızdan getməsi onunla təmasda olmuş hər kəsin ürəyini göynətdi. Onun nurlu, unudulmaz xatirəsi onu tanıyanların qəlbində uzun illər yaşayacaqdır. Allah sənə rəhmət eləsin, elin sevimlisi, nurlu insan! Məkanın cənnət olsun!
İsmayıllı Rayon İcra Hakimiyyəti,
Yaxınlarından, şagirdlərindən bir qrupu