“Yurdun igidləri” sənədli filminin çəkilişinə start verilib

 

“İsmayıllı Yazarları” ədəbi-ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 2 fevral-2 may 2022-ci il tarixlərində, yəni 3 ay ərzində “Yurdun igidləri” sənədli filminin çəkilməsi” layihəsini həyata keçirəcək.

Azərbaycan Respublikasının İsmayıllı rayonunda reallaşdırılacaq layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın həyatı və döyüş yollarını nümunə göstərərək Azərbaycan cəmiyyətində, xüsusilə gənc nəslimizdə vətənpərvərlik hisslərinin daha artırılmasına, Azərbaycan ordusunun nüfuzunun cəmiyyətimizdə daha da möhkəmləndirilməsinə, nəhayət, müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında milli birliyin daha da gücləndirilməsinə nail olmaqdır.

Bu məqsədə nail olmaq üçün ilkin mərhələdə artıq aidiyyəti dövlət qurumlarına məktublar yazılıb, çəkilişlərin aparılması üçün icazələr alınıb, çəkiliş heyəti formalaşdırılıb, müsahiblər müəyyənləşdirilib və İsmayıllı rayonunda müsahibələr alınıb. Bundan başqa, sənədli filmin kadrlarla zəngin olması məqsədilə zəruri arxiv materialları götürülüb. Hazırda sənədli filmin ssenarisinin yazılması mərhələsi icra olunur.

Bundan sonra ssenarinin mətni redaktora veriləcək. Redaktor bildiyi düzəlişləri etdikdən sonra ssenarinin mətninin oxunuşu həyata keçiriləcək. Filmin montajı zamanı çəkiliş qrupunun çəkdiyi videomateriallardan, şəhidlərin ailəsindən götürülən və digər arxiv materiallardan istifadə ediləcək.

“Yurdun igidləri” sənədli filmi hazır olduqdan sonra Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə ilkin baxışa təqdim olunacaq və filmin ictimaiyyətə təqdim olunmasına icazə verən rəy alınacaq. Rəy alındıqdan sonra filmin təqdimat mərasimi şəhid Famil Əhmədzadənin müəllim işlədiyi E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə şagird və müəllimlərin, həmçinin rayon rəhbərliyi və ziyalıların, KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Sonuncu mərhələdə layihənin icra olunması ilə bağlı yekun təsviri və maliyyə hesabatları, həmçinin digər zəruri sənədlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim olunacaq.

Bu layihənin icrasından şübhəsiz gözlənilən ən başlıca nəticə ondan ibarətdir ki, “Yurdun igidləri” sənədli filmi gənc nəslin nümayəndələrində milli şüur və milli məfkurənin formalaşmasında xüsusi rol oynayacaq, onlarda Vətənə, xalqa, dövlətə sədaqəti və məhəbbəti daha da gücləndirəcək.

Filmdə həmçinin 30 ilə yaxın davam edən işğal zamanı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlər haqqında da məlumatlar veriləcək ki, bu məlumatların gənclərimiz tərəfindən mənimsənilməsi olduqca vacibdir. Bu layihənin icrasında əsas məqsədlərdən biri də məhz budur.

İsmayıllı xəbərləri”

 

 

 

Şərh Yaz