20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar İsmayıllı rayonundakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, hüquq-mühafizə orqanlarının rəhbərləri, əksər idarə, təşkilat və müəssisələrin əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə ilk öncə İsmayıllı rayonundakı Şəhidlər xiyabanı ziyarət olunub, şəhid məzarları önünə gül dəstələri düzülüb.
Daha sonra Mədəniyyət Mərkəzinin foyesində 20 Yanvara həsr edilən sərgiyə baxış keçirilib. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən fotoşəkillər, kitablar və rəsm əsərləri nümayiş olunub.
Tədbirin bədii hissəsi 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrini əks etdirən film və bədii kompozisiya nümayiş olunub, şeirlər səsləndirilib.
1990-cı ilin Qanlı Yanvar faciəsindən 32 il ötür. Doğma yurdunun azadlığını, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Bu müddət ərzində şəhidlərin məzarları xalqımızın and yerinə çevrilərək xatirələri ehtiramla yad olunur. Şəhidlər xiyabanını 32 ildir ki, nəinki Azərbaycan vətəndaşları, eyni zamanda yaxın-uzaq ölkələrdə yaşayan soydaşlarımız da ziyarət edirlər.
20 Yanvar faciəsi Azərbaycan xalqının tarixi yaddaşında dərin hüzn, eyni zamanda milli qürur məqamı kimi həkk olunub. Bu gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir. Ancaq o, təkcə faciə deyil, həm də istiqlal yolumuzun zirvəsi, milli məfkurəmizin öz ideallarına çatdığı gündür.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verərək Azərbaycan xalqına qarşı törədilən cinayətə ilk etiraz səsini ucaldan məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələn xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.
20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz tarixinin daha bir qəhrəmanlıq səhifəsini yazdı.
Bakıda baş verən faciə Azərbaycanın oğul və qızlarının öz Vətənlərini necə böyük məhəbbətlə sevdiklərini, azadlığı öz həyatlarından belə yüksəkdə tutduqlarını bütün dünyaya göstərdi. İllər ötsə də, həmin tarix bizə qətiyyən uzaq görünmür, əksinə, xalqımız şəhidlərimizin xatirəsini həmişə böyük minnətdarlıq hissi ilə yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.