20 Yanvar – Zəfərə aparan yol                           

17 yanvar 2022-ci il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsi, İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsi təşkilatçılığı ilə “20 Yanvar – Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar – Zəfərə aparan yol” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin Təhsil Şöbəsinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və məktəblilər iştirak ediblər.

Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş vəhşiliklərin səbəb və nəticələrini daha dərindən öyrənməsinə kömək göstərmək, onlarda belə hadisələrə düzgün rəy vermək bacarığını formalaşdırmaq, vətənpərvərlik hissini yüksəltmək, həmçinin Azərbaycan tarixinin təbliği, istedadlı şagirdlərin inşa yazı sahəsində öz bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasından ibarətdir.

Tədbir 20 Yanvar şəhidlərinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

İlk öncə İsmayıllı Rayon Təhsil Şöbəsinin əməkdaşı R.Baloğlanov çıxış edərək, Azərbaycanın müstəqilliyinin qazanılmasında 20 Yanvar şəhidlərinin əvəzsiz rolu olduğunu vurğulayıb. O bildirdi ki, tarix boyu Azərbaycan xalqının öz ərazi bütövlüyünü qorumaq üçün mübarizə aparıb. 32 il öncə də qanlı yanvar gecəsindən dərhal sonra ağır bir siyasi şəraitdə ümummilli lider Heydər Əliyevin heç kimdən çəkinmədən Azərbaycan Respublikasının Moskvadakı nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı, öz xalqı ilə birlikdə oldu.

Daha sonra Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov çıxış edərək bildirib ki, həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan igid Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu gün isə həmin şəhidlərin, o cümlədən I və II Qarabağ müharibəsi şəhidlərinin də qisası alınıb və Azərbaycan qalib ordu olaraq öz sözünü həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə bütün dünyaya çatdırıb.

İştirakçılara 20 Yanvar şəhidlərinin göstərdikləri böyük şücaət haqqında məlumat verilməsindən sonra, onlar inşa-yazı müsabiqəsinin şərtləri barədə məlumatlandırılıblar.

Müsabiqədə ümumtəhsil məktəblərinin 40-a yaxın şagirdi iştirak edib.

 

Şərh Yaz