Şəhid doğum günü qeyd olunub           

 

Mərasimdə rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak edib.
Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra şəhidin məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Çıxış edənlər şəhid Saməddin Qəfərovun ailəsinə başsağlığı verərək, şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar.

Qubaxəlilli kənd tam orta məktəbinin şagirdləri Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

S.Qəfərov 1993-cü il yanvarın 23-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsinə hərbi feldşer işi ixtisasına qəbul olunub. Xidmət dövründə gizir feldşer olan Saməddin 2016-cı ilin aprel döyüşlərində 130 yaralı, 2020-ci il Tovuz döyüşlərində 50-dən çox, Vətən müharibəsində isə 90 yaralını döyüş meydanından çıxarıb. Sonuncu dəfə yaralı əsgəri döyüş meydanından çıxaran zaman şəhid olub. 28 sentyabr 2020-ci ildə  İsmayıllı rayonunun Qubaxəlilli kəndində dəfn olunub.

S.Qəfərov  ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

 

 

 

Şərh Yaz