VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı İsmayıllıda keçirilib           

Kənd Təsərrüfatı Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı ilə İvanovka kəndinin  Mədəniyyət Mərkəzində VII Azərbaycan Beynəlxalq Arıçılıq konfransı keçirilib.

2 gün davam edən beynəlxalq konfransda Türkiyədən, Macarıstandan, Litvadan və Azərbaycandan qatılan arıçılıq sahəsinin elm adamları, iş adamları və həmin ölkələrin peşəkar arıçıları bilik və bacarıqlarını yerli arıçılarla bölüşüblər. Yerli arıçıların qarşılaşdığı çətinliklərin həlli istiqamətində peşəkar arıçılar təlim-treyniq keçiriblər.

Konfrans iştirakçıları əvvəlcə arı məhsulları və istehsal prosesində istifadə olunan avadanlıqların sərgisi ilə tanış olublar.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qonaqları salamlayaraq, VII Azərbaycan Beynəlxalq Arıçılıq Konfransının İvanovkada keçirilməsinin rayon arıçıları üçün əhəmiyyətini vurğulayıb.

Kənd Təsərrüfatı Nazirinin müavini Sərvan Cəfərov konfransda Azərbaycanda arıçılığın inkişafı istiqamətində son illər görülən işlər barədə məlumat verib. Bildirib ki, hazırda ölkəmizdə arıçılıq məhsullarının dəyər zəncirinin bütün seqmentləri üzrə inkişaf dinamikası izlənilir.

Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Eldar Həsənov çıxış edərək, arıçılığın Azərbaycanda həmişə önəmli sahə olduğunu, son vaxtlar bu sahəyə marağın həddindən artıq artdığını bildirib.

Türkiyyə Arı Malzemeleri Ürüticileri Birliği Başkanı Vahdettin Küçükbenli arıçılıq məhsullarının istehsalının artırılması üçün beynəlxalq təcrübə mübadiləsinin vacib olduğunu deyib.

Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətov isə son illər arıçılığın inkişafı üçün dövlət tərəfindən həyata keçirilən stimullaşdırıcı tədbirlərdən danışıb, hər il ənənəvi olaraq təşkil olunan arıçılıq məhsullarının sərgi-satış yarmarkası barədə məlumat verib.

Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov isə konfransda müzakirə ediləcək məsələlər barədə məlumat verərək bildirib ki, Azərbaycanda digər sahələrlə yanaşı, arıçılığın inkişafına dövlət tərəfindən hər cür dəstək göstərilir. Bununla belə bu sahədə beynəlxalq innovasiyaları öyrənmək, yerli arıçıların təkliflərini dəyərləndirmək baxımından bu konfransın təşkili zəruridir.

Konfransda iştirak üçün 150-ə yaxın yerli arıçı qeydiyyatdan keçib. Konfransın sonunda arıçılara iştirak sertifikatı təqdim olunub, həmçinin müxtəlif kateqoriyalar üzrə bal yarışı keçirilib. Bal yarışı qaliblərinə xüsusi diplom və hədiyyələr təqdim edilib.

Şərh Yaz